2099
Əslində Bukossidə də günah yox idi. Hər halda ucqar, futbolu ilə tanınmayan kiçik bir qəsəbədə futbol ulduzu olacaq vunderkinqin yetişməkdə olduğuna inanmaq çətin idi. Bukossi yaxşı futbol mütəxəsssi idi və Hacıdan əvvəl də istedadlı futbolçuları üzə çıxararaq Rumıniya futboluna ərməğan etmişdi. Amma o da Seçeldə balaca Pele barədə deyilənlərə heç cür inana bilmirdi. Sonralar Hacı futbol ulduzu olanda yetirməsi haqqında şövqlə belə demişdi: "Mənə deyəndə ki, Seçelede balaca, futbol dünyasının Mülleri, Kruiffi, Pelesi olacaq uşaq var və topla olduqca məharətlə rəftar edir, buna inanmadım. Seçele kasıb yer idi və belə demək mümkünsə, bu yer heç futbol qəsəbəsi və ya kəndi kimi də tanınmırdı. Amma Hacının, balaca futbolçunun istedadı haqqında hər gün az qala rəvayət hesab ediləcək şirin, nağılvari söhbətlər eşitməkdə davam edirdim. Axırda maraq məni götürdü və eşitdiklərimə tab gətirə bilməyərək Seçeləyə yollandım. Tozlu-torpaqlı, kələ-kötür meydanda bir balaca uşaq həmyaşıdları ilə futbol oynayırdı. Onların tamaşasına isə bütün kənd cammatı yığışmışdı, hətta mənə dedilər ki, qonşu kəndlərdən belə bu balaca Pelenin - Hacının oyununa baxmaq üçün gələnlər var. Sanki uşaqlar deyil, məşhur klublar meydanda at oynadırdılar. Əvvəlcə bu qədər insanın bu balaca uşaqların oyununa belə maraq göstərməsinin səbəbini anlaya bilmədim. Amma oyuna tamaşa edəndən sonra mən də onların təsiri altına düşdüm. Çünki top arıq, çəlimsiz bir uşağın ayağına düşən kimi hamı bir ağızdan "Georgi", "Georgi" deyə qışqırırdı. Onların "Georgi" deyə qışqırdıqları, belə demək mümkünsə, qızışdırdıqları uşağın isə az sonra ardınca oyununa baxmağa gəldiyim Hacı olduğunu başa düşdüm. Hacı meydanda demək olar ki, birnəfəsə 4-5 nəfəri aldadır, sürətlə qapıya doğru şığıyırdı. Onun qarşısını yalnız köhnə, yarı çirkli, yarı cırıq, mayka əvəzi əyninə geydiyi köynəyindən dartaraq, ya da badalaq vurmaqla almaq istəyirdilər. Çox vaxt buna nail olurdular. Belə olanda bu balaca uşaq uzaqdan qapıya zərbələr endirirdi. Özü də meydanın harasından vurmasından asılı olmayaraq zərbələrinin də əksəriyyəti qolla nəticələnirdi. Mən heyrətdən donub qalmışdım. Öz-özümə deyirdim ki, görəsən, meydanda futbol oynayan balaca futbolun sirrlərindən tam şəkildə xəbərsiz olan uşaqdır, yoxsa məşhur məşqçilərin yetişidrməsi olan futbol ulduzu? Mən bu balaca uşağın oyununu görəndən sonra anladım ki, Seçeleyə əbəs yerə gəlməmişəm. Borcum bu uşağı Rumıniya və dünya futbolunun ulduz etməkdir. Ona görə də Hacı əsl futbol ulduzu kimi yetişənə kimi ondan qayğımı əsirgəmədim, mən buna görə də fəxr edirəm".
"Farul-Konstansa"dan zirvəyə
Bukossi isə Seçeleden Konstansaya əliboş qayıtmadı. O özü ilə gələcəyin futbol ulduzunu da Konstansaya apardı və bununla da kasıb bir ailənin övladını himayəyə götürərək ondan köməyini əsirgəmədi. Beləliklə, qeyd etdiymiz kimi Hacı Konstansanın "Farul-Konstansa" komandasının uşaq futbol məktəbində oxumağa başladı.
Amma 13 yaşına kimi "Farul Konstansa"nın rəsmi şəkildə oyunçusu ola bilmədi. Yaşı çatmadığından ilk rəsmi turnirdə çıxış etmək üçün bir neçə il gözləməli oldu. O bu arada 1976-cı ildə Konstansada təşkil edilən uşaq turnirində çıxış edərək dərhal da meydanda göstərdiyi qeyri-adi oyunu ilə futbol mütəxəssislərinin diqqətini cəlb etdi. Hacı yalnız 24 mart 1978-ci ildə "Farul Kostansa" klubunun üzvü, yəni 13 yaşında rəsmi olaraq futbolçusu oldu.
Hacı artıq yüksəlişdə idi. Zaman keçdikcə o, öz səviyyəsini daha da artırırdı. Həm öz klubunda, həm də uşaq milli komandasında möcüzələr yaradırdı. Məktəbdə oxuduğu vaxtlarda futbola davam edir, mükəmməl oyun üslubu ilə diqqəti özünə çəkirdi. Onun oyununu görən məşqçilər açıq şəkildə "Farul-Konstansa" komandasına həsəd aparır, Hacının oyununa heyranlıqlarını gizlətmirdilər. Artıq birinci dəstənin futbol klubları Hacı ilə maraqlanırdı. Həmin dövrdə Rumıniyanın adlı-sanlı klubları Hacını transfer etmək üçün sanki yarışa girmişdilər. Gənc ulduza və onun komandasına hər yerdən transfer təklifləri gəlirdi. Amma Hacı o dönəmdə "Farul Konstansa"dan ayrılmaq istəmirdi. Çünki əyalətdə böyüyən uşaq üçün iri şəhərlərə köç etmək, orada futbol oynamaq, adət etmədiyi mühitdən ayrılmaq çox çətin idi.
"Sportul"da 3 il
1983-cü ildə Hacı orta məktəbi başa vurdu. O, Konstansadan ayrılmaq və ali təhsil almaq istəyirdi. Eyni zamanda Konstansadan da ayrılmaq onun üçün asan deyildi. Hacı ali təhsil almaqla yanaşı futbol həyatını da davam etdirmək niyyətində idi. Bundan xəbər tutan Krayovanın "Universitatya Krayova" komandası ulduz futbolçunu transfer etmək üçün ona imtahan vermədən ali məktəbə qəbul olunmaq imkanı yaradacağını vəd etdi. Hacı onların bu təklifini qəbul edərək imtahan vermədən Krayovanın komandası ilə müqavilə bağladı və rəsmi şəkildə bu komandanın oyunçusuna çevrildi. Bu arada Hacının Krayovanın "Uiniversiteteya" komandasını seçməsindən xəbər tutan o dövrdəki ölkə prezidenti Nikolaye Çauşeskunun oğlu Nike onu himayə etdiyi öz doğma komandasında oynatmaq üçün dərhal hərəkətə keçdi. O, Hacının yanına öz nümayəndələrini göndərərək onun adını Buxarestdəki universitetlərdən birinə yazdıracağını, əvəzində isə "Sportul Students"də oynamasını təklif etdi. Hacı ölkə prezidentinin oğlunun təklifini rədd edə bilməzdi. Ona görə də Nikinin təklifini qəbul edərək "Sportrul Students"də oynamağa başladı. Hadisələri qabaqlayaraq onu deyək ki, sonralar Hacı Krayova universitetinin iqtisadiyyat fakultəsində də təhsil aldı.
"Sportul Students"də oynaması Hacının dünya futbolunun ulduzu kimi parlamasında önəmli rol oynadı. 1983-1986-cı illərdə Hacı bu komandanın heyətində 3 parlaq mövsüm keçirdi. O, qısa müddətdə rəqib qapılarına vurduğu bənzərsiz, təkrarı olmayan gözəl qolları ilə Rumıniya və dünya futbol azarkeşlərinin sevimlisinə çevrild. "Sportul Studnets"in heyətində vurduğu qollarla Hacı Rumıniya çempionatının bombardiri oldu və həmin illərdə onu azarkeşlər məhəbbətlə "Karpar Maradonası" deyə çağırmağa başladılar. 1985-1986-cı illər mövsümündə Hacının vurduğu qollar nəticəsində "Sportul Students" ölkə çempionatında ikinci yeri tutdu.
Hacının bənzərsiz özünəməxsuus oyunu Rumıniya yığma komandasının baş məşqçisi Mirça Luçeskunun da diqqətini cəlb etdi. 18 yaşında ikən Hacı Rumıniya yığma komandasının əsas oyunçularından birinə çevrildi. 19 yaşında olanda isə Luçesku yığma komandanın kapitanı sarğısını Hacıya verdi. O həmin dövrdə dünyanın futbol yığmaları arasında ən gənc kaptan idi.
Hacı 1983-1987-ci illərdə formasını geyindiyi "Sportul"da 108 matça çıxıb və 78 qola imza atıb. Bu arada isə Rumıniyanın Buxarest şəhərinin daha bir məşhur futbol klubu "Styaua" Hacının transferində maraqlı idi. Həmin dövrdə "Styaua" superkubok oyununda Kiyevin "Dinamo" komandası ilə oynamalı idi. "Styaua"nın isə bu oyunda Hacı kimi təcribəli və istedadlı oyunçunun transferinə böyük ehtiyacı vardı. Amma "Sportul" da Hacını buraxmaq istəmirdi. Nəticədə bu məsələ dövlət rəhbərliyi səviyyəsinə çıxarıldı. Çempionlar kubokunun sahibi olan "Styaua"nın Kiyevin "Dinamo" komandasını məğlub etməsi üçün Hacının "Styaua"ya transferi məqsədəuyğun hesab edildi.
Əziz Mustafa