çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

"Hər şey istəkdən asılıdır"

31.08.2016 09:31 Oxundu 1251

"Mən futbolçularıma güvənirəm. Hər şey ola bilər. Hər şey istəkdən asılıdır. Bu turnir bizim futbolçular üçün çox önəmlidir ki, mərhələ keçsinlər və Avropaya yolları açılsın. Belə oyunların hər birinə menecerlər gəlirlər, izləyirlər. Biz də çox istəyirik ki, futbolçularımız Avropada oynasınlar və milli komandamıza dəstək olsunlar". Bu sözləri Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandasını ölkə çempionu etmiş baş məşqçi Hüseynqulu Quliyev (O, cari mövsümdən "Qəbələ"də artıq U-19-un yox, əvəzedici heyətin baş məşqçisidir. Ancaq U-19 turnirdə onun rəhbərliyi altında çıxış edəcək) "sportnet"-in: "İş elə gətirdi ki, Azərbaycan təmsilçiləri UEFA Gənclər Liqasında ardıcıl 2-ci ildir Moskva klubu ilə düşür. Keçən il çempion "Rəvan" "Spartak"a uduzdu. "Qəbələ" "Dinamo"nu məğlub edərsə, bu turnirdə mərhələ adlayan ilk təmsilçimiz kimi tarixə düşəcək. Bu isə komandanız üçün böyük stimul olmalıdır..." fikrinə aydınlıq gətirərkən deyib. O həmçinin bildirib: "Rəqib Moskva "Dinamo"su tarixi olan böyük klubdur. Biz də çalışacağıq ki, layiqli mübarizə aparaq, "Qəbələ" klubunun, Azərbaycan futbolunun şərəfini lazımınca qoruyaq. Mən yalnız onu bilirəm ki, ad oyundan qabaqdır. 90 dəqiqədə isə komandadır. Hansı komandada qələbə istəyi böyük olursa, taktiki cəhətdən düzgün oynayırsa, verilən tapşırıqları doğru yerinə yetirirsə, o da qalib gəlir".