çərşənbə axşamı, 20 yanvar 2026

ŞAHMAT

42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi keçirilir

01.09.2016 18:25 Oxundu 1818

Bakıda, Milli Gimnastika Arenasında 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi keçirilir.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Ümumdünya Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyümjinov və təşkilatın digər nümayəndələri, şahmat üzrə dünya çempionları, dövlət və hökumət rəsmiləri iştirak edirlər.

Əvvəlcə Azərbaycan Respublikasının və Ümumdünya Şahmat Federasiyasının himnləri səsləndi.

Azərbaycanda idmanın, o cümlədən şahmatın inkişafı ilə bağlı videoçarx nümayiş etdirildi.

\

Tədbir “Yeddi gözəl” baletinin sədaları altında start götürüb. Şahmat taxtası üzərində rəqqasıların hazırladığı kompozisiya təqdim edilib.

Azərbaycan himinin ifa edilməsindən sonra isə rəsmi hissəyə start verilib. FİDE bayrağı mərasim zalında dalğalandırılıb.

Açılış üçün ilk söz Bakı Şahmat Olimpiadasının təşkilat komitəsinin sədri Yaqub Eyyubova verilib.

Azərbayca Respublikasının baş nazirinin birinci müavini Yaqub Eyyubov öz çıxışına hörmətli qonaqları, ölkə prezidentini və mərasim iştirakçılarını salamlamaqla başlayıb. O, ölkə başçısının idmana göstərdiyi yüksək qayğı və diqqəti vurğulayaraq Azərbaycan idmanıçlarının əldə etdiyi uğurları yüksək dəyərləndirib.

Təşkilat Komitəsinin sədri həmçinin bildirib ki, Olimpiada günlərində paytaxtımızda həm də FİDE Konqresinin növbəti iclası olacaq.

Yaqub Eyyubov Azərbaycanda şahmat ənənəsinin formalaşmasında mərhum prezident, ümummilli lider Heydər Əliyevin rolunu xüsusi qeyd edərək vurğulayıb ki, məhz onun imzaladığı fərmanlar və dövlət proqramlarının nəticəsində bu gün Azərbaycan şahmatçıları dünya səviyyəsində özünəməxsus yer tuturlar.

Sonda cənab Y.Eyyubov ölkə başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya bu cür mötəbər və gözəl tədbirin ölkəmizdə keçirilməsində göstərdikləri diqqətə görə, bütün ölkə idmansevərləri adından təşəkkürlərini çatdırıb.

FİDE prezidenti Kirsan İlümjinovun çıxışından sonra isə muğam ustası Teyyub Aslanovun ifası mərasim iştirakçılarına təqdim olunub. Milli və Avropa musiqilərinin sintezindən hazırlanmış kompozisiyanın ifası zamanı rəqqas və rəqqasələr çıxış ediblər. Eyni zamanda vizual effektlərlə Azərbaycan xalçaçılıq sənətinin ornamentləri döşəmə üzərində həkk olunub.

Möhtəşəm kompozisiya kainat təsvirinin zalda əks etdirilməsi ilə sonlandırılıb. Bundan sonra isə "Qarabağ şikəstəsi"nin sədaları altında "Bayraqların paradı" olub. Açılış mərasimlərinin tarixində bir ilk olaraq bayraqlar arenaya nağaraların üzərində həkk olunaraq nağaraçalanlar tərəfindən gətirlib.

Bütün bayraqlar arenaya gətirildikdən sonra meydanda Azərbaycan Respublikasının xəritəsi həkk olunub.

Sonda isə yarışın püşkatma mərasimi keçirilib.

Şahmat Olimpiadası hazırda 150-dən çox ölkəni, 3 minədək idmançını və rəsmiləri əhatə edən əsas idman yarışlarından biridir. FİDE 1927-ci ildə Londonda birinci rəsmi Olimpiadanı (“Olimpiada” adı yalnız 1952-ci ildə təsdiqlənib) təşkil edib. Bundan sonra olimpiadalar İkinci Dünya müharibəsinə qədər bəzən hər il, bəzən isə qeyri-müntəzəm intervallarla keçirilib. Şahmat Olimpiadası tarixində 1939-cu ildən 1950-ci ilədək uzun fasilə olub. 1950-ci ildən isə olimpiadalar mütəmadi olaraq, hər iki ildən bir keçirilməyə başlayıb. 1927-ci ildən indiyədək 41 Ümumdünya Şahmat Olimpiadası təşkil olunub.

Bakının ev sahibliyi etdiyi 42-ci Olimpiada indiyədək Azərbaycanda keçirilən ən kütləvi yarış kimi tarixə düşəcək. Bu mötəbər yarışda iştirak etmək üçün 176 ölkə qeydiyyatdan keçib. Olimpiadada 181 kişi və 142 qadın komandası mübarizə aparacaq. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstəricidir.

Azərbaycan Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunur. Kişilərdən ibarət birinci komandada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli və Arkadi Naydiç yer alıblar. İkinci komandanın tərkibinə Vasif Durarbəyli, Namiq Quliyev, Qədir Hüseynov, Nicat Abasov və Ülvi Bacarani daxil ediliblər. Üçüncü komanda isə Nail Bəşirli, Məhəmməd Muradlı, Vüqar Əsədli, Pərviz Qasımov və Abdulla Qədimbəylidən ibarətdir.

Qadın şahmatçılardan ibarət birinci komandanın heyətinə Zeynəb Məmmədyarova, Günay Məmmədzadə, Aydan Höccətova, Gülnar Məmmədova və Nərmin Kazımova cəlb olunub. İkinci komandada Türkan Məmmədyarova, Nərgiz Umudova, Xəyalə Abdulla, Ülviyyə Fətəliyeva və Nərmin Xələfova yer alırlar. Üçüncü komandanın heyətində isə ölkəmizi Nərmin Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva və Aynur Kətanova təmsil edirlər.

Kişilərin yarışında ən yüksək reytinq Rusiya millisinə məxsusdur. Bu komandanın əmsalı 2760-a bərabərdir. ABŞ (2740) ikinci, Çin (2735) üçüncüdür. Azərbaycanın birinci komandası isə 2705 xalla dördüncü yeri tutur.

Qadınların turnirində isə reytinqə görə lider Çin millisidir – 2528 xal. İkinci pilləni Rusiya (2493), üçüncü yeri isə Ukrayna (2485) tutur. Azərbaycanın birinci komandası 2320 reytinq xalına malikdir.

Şahmat Olimpiadasının Azərbaycanda yüksək səviyyədə təşkili ilə əlaqədar Prezident İlham Əliyevin 2013-cü il fevralın 14-də imzaladığı Sərəncama əsasən yaradılan Təşkilat Komitəsi yarışlara hazırlıq işlərini uğurla həyata keçirib. Aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsində “Baku Crystal Hall” bu mötəbər yarış üçün ideal vəziyyətə gətirilib. İdmançıların və nümayəndə heyətlərinin ölkəmizə rahat gəlişi üçün dövlətimizin başçısının imzaladığı Sərəncama əsasən sadələşdirilmiş viza rejimi tətbiq olunub. İdmançıların təhlükəsizliyinin təmin olunması üçün bütün tədbirlər görülüb. Təşkilati işlərə 500-dək könüllü cəlb edilib.

Ümumdünya Şahmat Olimpiadasının işıqlandırılması üçün 250-dən çox yerli və xarici media nümayəndəsi qeydiyyatdan keçib. Olimpiadanın keçirildiyi günlərdə Bakı həm də FİDE-nin növbəti konqresinə ev sahibliyi edəcək. Həmin konqresdə 183 ölkə təmsil olunacaq.

Mötəbər yarışın idarə olunmasında Azərbaycandan 30 hakim iştirak edəcək.

İlk tura sentyabrın 2-də saat 15:00-da start veriləcək. On bir turdan ibarət yarışlar sentyabrın 13-də yekunlaşacaq.