
Hacının futbol sevdası, belə demək mümkünsə, "Qalatasaray"dan ayrılandan sonra belə davam etdi. O, dünya futbolunda məhz "Qalatasaray"ın heyətində vurduğu bir-birindən gözəl qollarla məşhurlaşdı. Yenə də bir az geriyə qayıdaraq xatırlatmaq istəyirik ki, Hacı 5 mövsüm oynadığı "Qalatasaray"da UEFA Kuboku, Avropa Superkuboku, 4 Superliqa çempionluğu, 2 Türkiyə kuboku, 1 Prezident Kuboku qazandı. Azarekeşlər tərəfindən sevilən Hacı fanatları tərəfindən o dövrdə dillər əzbəri olann "I love you Hagi" şüarının yaranmasına səbəb olmuşdu. Hər halda Hacı buna layiq oyunçu idi və bunu etiraf etmək lazımdır. Əlbəttə, Hacı ilə bağlı maraqlı məqamlar da, onun bəzən özünə oxşamayan Türkiyədə qazandığı uğurların və sevginin üzərinə kölgə salan açıqlamaları da var. Bəlkə də bu barədə söhbət açmağa ehtiyac yoxdur. Hər halda Hacı müəyyən, bəlkədə özünə oxşamayan açıqlmlarına baxmayaraq Türkiyədə sevilib və milyonların qəlbində xoş bir üz buraxıb.
Yığma komandada
Hacının fəaliyyəti yalnız müxtəlif klublarla bağlı olmayıb. O həm də ölkəsinin yığma komandasının uğurlarında önəmli rol oynayıb.Göstərdiyi olduqca gözəl oyuna görə, Hacı o dövrdə Rumıniya yığma komandasını çalışdıran Mirça Luçesku tərəfindən əsas komandada oynmağa dəvət edilib. 18 yaşında ikən yığma komandanın heyətində oyuna çıxan Hacı tezliklə doğma komandasının qazandığı uğurlarda önəmli pay sahibinə çevrildi. 20 yaşında ikən Hacıya Rumıniya yığma komandasının kapitanı olmaq tapşırıldı. O vaxt Hacı dünya futbolu tarixinə ən gənc yığma komanda kapitanı kimi düşdü. 1994-cü ildə keçirilən dünya çempionatında Hacının Kolumbiya yığma komandasının qapısına 45 metr məsafədən vurduğu qol dünya çempionatları tarixinin 10 ən gözəl qolu olaraq qalmaqda davam edir. Rumıniya həmin oyunda Kolumbiyanı 3:1 hesabıyla məğlub etmişdi. Hacı sonralar vurduğu bu gözəl qol haqqında belə demişdi: "Karyeramda bir sıra gözəl qollar vurmuşam. Açığı onlar arasında seçim etməyə çətinlik çəkirəm. Ancaq şəxsən mən 1994-cü ildəki dünya çempionatında Kolumbiyanın qapısına vurduğum qolu qeyd edərdim. Qapını İvan Kordoba qoruyurdu. Dünya çempionatının qrup mərhələsinin oyunu idi və bizim üçün böyük əhəmiyyət daşıyırdı. Oyun böyük əhəmiyyət daşıyırsa, təbii, həmin oyunda vurulan qol ikiqat əhəmiyyətə malik olur. Bundan başqa, qol da gözəl alındı. Kordobanın irəli çıxdığını görüb təxminən 30 metrlik məsafədən topu tora göndərdim və çox baxımlı qol alındı. Yekunda isə qalib gəldik və həmin qələbə qrupdan çıxmağımızda çox böyük rol oynadı".
Hacı Rumıniya yığma komandasının heyətində 35 top vuran iki futbolçudan biridir. Hacı ilə bərabər yalnız Adrian Mutu yığma komandada 35 top vurub.
Unudulmayan 10 nömrə
Hacı "Qalatasaray"da 10 nömrə altında çıxış etmişdi. O, futbolu buraxandan sonra "Qalatasaray" klubu rəhbərliyi məşhur futbolçunun 10 nömrəli maykasını muzeyə qoydu. 2002--2003-cü il mövsümündə "Qalatasaray"da baş məşqçi işləyən Fateh Terimin təklifi ilə 10 nömrə altında Hacıdan sonra braziliyalı Felipe oynadı. 2003-ci ildə yenidən "Qalatasaray"a dönən Hakan Şükür Hacının daşıdığın10 nömrəli formanı geyindi. Hakan Şükür formasının arxasına Hacıya hörmət əlaməti olaraq "H" yazdırmışdı. Ümumiyyətlə, Hacının da Hakan Şükürə böyük hörməti vardı. "Qalatasaray"da yalnız Hakan Şükür nümayiş etdirdiyi gözəl oyunu ilə ikinci Hacı ləqəbini almışdı.
Məşqçi kimi uğur qazana bilmədi
Hacı futbol karyerasına son verəndən sonra dərhal Rumıniya yığma komandasına baş məşqçi təyin edildi. Lakin Hacı baş məşqçi kimi ona olan ümidləri doğrulda bilmədi. Necə deyərlər, futbol meydanında sərgilədiyi gözəl oyunu ilə milyonların qəlbini fəth edən Hacı baş məşqçi özünü sübuta yetirə bilmədi. Onun lk məşqçilik fəaliyyəti uğursuz alındı. Belə ki, Hacının baş məşqçisi olduğu Rumıniya yğma komandası dünya çempionatının finalına vəsiqə qazana bilmədi. Ona görə də Hacı 2002-ci ildə Rumıniya yığma komandasının baş məşqçisi postundan istefa verməyə məcbur oldu.
Amma Türkiyədə Hacının yaxşı baş məşqçi kimi özünü doğrulda biləcəyinə, onun dünyanın ən məşhur butbol mütəxəssislərindən biri olacağına inanmaqda davam edirdilər. Ona görə Rumıniya yığma komandasından istefa verəndən bir il sonra 2003-cü ildə Hacı "Bursaspor"a baş məşqçi təyin edildi. Lakin o burada da özünü yaxşı baş məşqçi kimi göstərə bilmədiyindən mövsüm başa çatmadan tutduğu vəzifəsindən istefaya göndərildi. Lakin növbəti futbol mövsümündə Hacı Fatih Terimin yerinə "Qalatasara"ya baş məşqçi təyin edildi. Hacının bu komanda ilə qazandığı ən böyük uğur 2005-ci ildə Türkiyə kubokunu qazanması oldu. Özü də Türkiyə kubokunun finalında "Qalatasaray" özünün əzəli rəqibi olan "Fənərbaxça"nı 5:1 hesabı ilə məğlub etdi. Lakin Hacının rəhbərliyi altında "Qalatasaray" ölkə çempionu ola bilmədi və bəzi oyunları olduqca aşağı səviyyədə keçirdi.
Hacının "Qalatasaray" kimi məşhur bir futbol komandasını çalışdırması Rumıniyadakı futbol klublarının rəhbərlərinin də diqqətini özünə cəlb eləmişdi. 2006-cı ildə Hacı Rumıniyanın "Politexnik" komandasına baş məşqçi təyin edildi. Lakin məşhur futbolçu bu komanda ilə də uğur qazana bilmədi. Üstəlik klub rəhbərliyi ilə tez-tez mübahislər etməsi nəticəsində Hacı tutduğu vəzifəsindən istefa verməyə məcbur oldu. 2007-ci ildə Hacı "Styaua" komandasına baş məşqçi təyin edildi. Onun buradakı fəaliyyəti də uğurlu alınmadı. "Styaua" Çempionlar liqasının təsnifat oyunlarında Polşanın "Zaqlembe" və Belarusun BATE komandasına qalib gəldi və qrup mərhələsinə çıxdı. Lakin bu mərhələdə ilk oyunda Praqanın "Slaviya" komandasına "Styaua"nın uduzmasından sonra Hacını istefaya göndərdilər. Bir müddət işsiz qalandan sonra 2010-cu ildə Hacı yenidən "Qalatasaray"ın baş məşqçisi təyin edildi. Amma burada uğur qazana bilmədi və məşhur futbolçunun komandası ölkə çempionatında ağır duruma düşdü. Nəticədə 2011-ci ilin mart ayının 25-də Hacı istefaya göndərildi.
Bununla belə Hacı futbolda olduğu kimi məqçilik fəaliyətindədə uğur qazanacağına ümid edir. Bu müstəvidə də 2014-cü ildə Hacı
Rumıniya Liqa 1-ində çıxış edən "Vitorul Konstanta" klubuna baş məşqçi təyin edilib. Lakin hələ arzu edilən nəticəni qazana bilməyib. Uğursuz məşqçilik fəaliyyətinə baxmayaraq Hacı günümüzdə belə dünyanın ən məşhur futolçularından biri olara qalmaqda davam edir.
Bu əfsanəvi futbolçunun haçansa baş məşqçi kimi də özünü təsdiq edə biləcəyi isə istisna deyil...
Əziz Mustafa