2601
Onun adı bir vaxtlar dünyanın ən güclü futbolçularından biri kimi çəkilir, şəninə çox tərifli sözlər deyilirdi. Həqiqətən də, o, dünyanın ən məşhur futbol qapıçılarından biri hesab edilirdi və belə demək mümkünsə, həmin dövrdə SSRİ futbolunu bütün dünyada məşhurlaşdıran da onun qapıda göstərdiyi qeyri-adı oyun idi. O, dünya futbolu tarixinə 100 oyunda qapısından qol buraxmayan yeganə qapıçı kimi adını qızılı hərflərlə yazdırıb. Futbol karyerası dövründə Moskvanın "Dinamo" və SSRİ yığma komandasının heyətində 438 oyunda meydana çıxan bu məşhur futbolçu 207 oyunda qapısından qol buraxmayaraq dünyada özünəməmxsus bir rekorda imza atıb.
Təsadüfi deyil ki, məhz buna görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) tərəfindən 20-ci əsrin ən yaxşı qapıçısı seçilib.
Amma bir vaxtlar onun adı yalnız ən yaxşı futbol deyil, həm də hokkey qapıçısı kimi çəkilirdi. Əfsanəvi qapıçı xokkeydə də uğurlara imza atıb. O, hokkeylə futboldan əvvəl məşğul olub. Məşhur qapıçı 1950-53-cü illərdə hokkey üzrə keçirilən ölkə çempionatının güclülər dəstəsində çıxış edib. 1953-cü ildə isə gələcəyin məşhur futbol qapıçısı olacaq bu böyük insan hokkey üzrə SSRİ kubokunu və ölkə birinciliyinin bürünc medalını qazandı. Üstəlik, 1954-cü ildə keçirilən dünya çempionatı ərəfəsində onu hokkey üzrə SSRİ yığma komandasına dəvət etdilər. O, yığma komandada qapıçı funksiyasında çıxış edəcəkdi. Ancaq həmin dövrdə SSRİ-də və dünyada futbola maraq çox güclü olduğundan bu məşhur insan həyatını sevimli oyununa həsr etməyi qərara alaraq hokkeylə birdəfəlik üzülüşdü. Sonralar dünya futbolunun əfsanəsinə çevriləcək bu böyük insan dünya futbolu tarixində bu günə kimi yeganə hesab edilən və qapıçılar arasında ilk dəfə "Qızıl top" mükafatına layiq görülən məşhur futbolçu Lev Yaşin idi. Lev Yaşin SSRİ yığmasının tərkibində1956-cı ildə Olimpiya, 1960-cı ildə Avropa çempionu oldu. O, Moskvanın "Dinamo" futbol klubunun heyətində 5 dəfə SSRİ çempionu olmaq şərəfinə nail oldu. Futbol karyerası ərzində SSRİ-nin Əməkdar İdman ustası, "Sosialist Əməyi Qəhrəmanı" fəxri adlarına layiq görüldü. Bir sözlə, o, sağlığında dünya futbolunun əfsanəsinə çevrilmişdi və üstündən yarım əsrə yaxın vaxt keçməsinə baxmayaraq adı dünya futbolunda XX əsrin ən yaxşı qapıçılarından biri kimi çəkilir.
Ağır uşaqlıq illəri
Gələcəyin məşhur futbol qapçısı olacaq Lev Yaşin 1929-cu ildə Moskva ətrafındakı Boqoqrodskoye rayonunda kasıb fəhlə, çilingər İvan Petroviç və Aleksandra Petrovnaların ailəsində anadan oldu. 13 yaşına kimi yaşadığı ərazidə həmyaşıdları ilə küçədə top qovdu. Amma həmin dövrdə ağlına belə gəlməzdi ki, bir vaxtlar gələcək həyatını böyük futbola həsr edəcək və bununla da dünyada şöhrət qazanacaq. İkinci dünya müharibəsi başlayandan 3 il sonra 1942-ci ildə Lev Yaşinin valideynlərinin işlədiyi zavodu Ulyanovska köçürdülər. Müharibənin ağır illərində 1943-cü ildə o, 14 yaşında ikən bu savodda çilingər köməkçisi kimi işə düzəldi. Həmin dövrdə də o artıq, belə demək mümkünsə, futbolu demək olar, yaddan çıxarmışdı. 16 yaşında - 1945-ci ildə fəal əməyinə görə Lev Yaşinə Böyük Vətən müharibəsində arxa cəbhədə göstərdiyi əməyə görə medal verdilər.
1944-cü ildə yenidən ailəsi ilə birlikdə Moskvaya qayıdan Lev Yaşin işdən sonra boş vaxtlarında sevimli futbol oyunu ilə məşğul olmağa başladı. Yayda futbol oynayırdı, qışda isə vaxtını boş keçirməmək üçün hokkeylə məşğul olurdu. Həmin dövrdə o həm hokkey, həm də futbolda qapıçı rolunda uğurla çıxış edirdi və buna görə idman mütəxəssislərinin diqqətini özünə cəlb etmişdi. 18 yaşı olanda Lev Yaşini hərbi xidmətə çağırdılar. O, hərbi xidməti Moskva keçirməli oldu.
Hokkeyi futbola dəyişir
Hərbi xidmətdə olarkən ordu futbol klubunda göstərdiyi əla oyunu ilə Lev Yaşin Moskvanın "Dinamo" futbol klubunun məşqçisi A. Çernışevin diqqətini özünə cəlb etdi. Çernışev Yaşini "Dinamo"nun gənclərdən ibarət futbol klubunda oynamağa dəvət etdi. 1949-u ilin yazında Lev Yaşin "Dinamo"nun əsas heyətinə cəlb edildi. O, burada həmin dövrdə "Dinamo"nun məşhur qapıçısı Aleksey Xomiç və Valter Sanayanın əvəzedicisi kimi çıxış etməyə başladı. Buna paralel olaraq Lev Yaşin futbol mövsümü başa çatandan sonra başlayan hokkey çempionatında da çıxış etməkdə davam edirdi. 1950-1953-cü illərdə Lev Yaşin "Dinamo" hokkey klubunun heyətində oynadı. 1953-cü ildə isə hokkey üzrə SSSİ çempionatının bürünc mükafatını qazandı. Onu ən yaxşı hokkey qapıçısı kimi SSRİ-nin hokkeydən ibarət yığma komandasına dəvət etdilər. Buna paralel olaraq Lev Yaşini futbol üzrə SSRİ yığma komandasına da çağırmışdılar. Belə bir vəziyyətdə Lev Yaşin futbolu hokkeydən üstün tutaraq həyatını sevimli peşəsinə həsr etdi. Hadisələrin sonrakı gedişi göstərdi ki, o, belə bir qərar qəbul etməklə səhv etməyib. Onu da deyək ki, SSRİ yığma futbol komandasının və "Dinamo"nun əsas qapıçısı olmaq Lev Yaşinə heç də asan başa gəlmədi. O vaxt "Dinamo"nun əsas qapıçsı Aleksey Xomiç idi və ona azarkeşlər qapıda göstərdiyi əla sıçrayışlı oyuna görə "pələng" ləqəbi vermişdilər. Amma Lev Yaşin "Dinamo"nun əsas heyətində çıxdığı ilk oyundaca Xomiçə güclü rəqib olacağını nümayiş etdirdi. Qısa müddətdən sonra Yaşin nəinki "Dinamo" komandasının, həm də SSSRi yığma komandasının əsas oyunçularından birinə çevrildi. 1954-cü ildə Lev Yaşini SSRİ yığma komandasına dəvət etdilər və o burada da göstərdiyi parlaq oyunu ilə dünya futbolunda böyük şöhrət qazanmağa başladı. Moskvanın "Dinamo" komandası Lev Yaşinin gəlişindən sonra özünün yeni gənclik dövrünü yaşamağa başladı. Lev Yaşin qapıda dayanandan sonra "Dinamo" 5 dəfə (1954-1959 və 1963-cü illər) SSRİ çempionu oldu, "Dinamo" həmçinin 3 dəfə SSRİ kubokunu qazandı. Şübhəsiz ki, bütün bunlarda Lev Yaşinin böyük əməyi vardı.
Məşhur futbolçu 1950-ci illərdən başlayaraq onun qapıçı anlayışı ilə bağlı düşüncələri dəyişdirir. Çünki o vaxta qədər qapı xəttini tərk etməyən, cərimə meydançasından kənara çox çıxmayan bir qapıçı tipi məşhur idi. Ancaq 1,85 sm boya malik Yaşin cəsarəti ilə bu anlayışı dəyişdirdi. O, cərimə meydançasına ötürülən topları tutmaq üçün qapısını tərk etməkdən çəkinmirdi. Çox yaxşı mövqe seçiminə sahib idi.
Yeri gəlmşkən onu da xatırladaq ki, Lev Yaşin 1954-1959-cu illərdə "Dinamo" klubunda azərbaycanlı futbolçu Ələkbər Məmmədovla, 1966-cı il dünya çempionatında isə yığmanın heyətində Anatoli Banişevski ilə birgə çıxış edib.
Adətən, Lev Yaşin tünd-qırmızı rəngli kepka qoyurdu və bununla da o "qara kepkalı" kimi də diqqəti cəlb edərək milyonların sevimlisinə çevrilmişdi.
Uğur simvolu və "Qızıl top" mükafatı sahibi
Lev Yaşin SSRİ yığmasının da tərkibində uğurlu çıxışını davam etdirdi. O dövrdə deyirdilər ki, Lev Yaşinin ayağı uğurludur və SSRİ yığmasına və "Dinamo" komandasına uğur gətirib. Bu da əsassız deyildi. Lev Yaşin SSRİ yığmasının heyətində 1956-cı ildə Melburnda keçirilən olimpiya oyunlarında olimpiya çempionu oldu. 1960-cı ldə isə SSRİ yığması ilə birgə Avropa çempionu oldu. Ümumiyyətlə, SSRİ yığmasının heyətində Lev Yaşin1958-1962 və 1966-cı illərdə keçirilən dünya çempionatlarında iştirak edib. 1966-cı ildə İngiltərədə keçirilən futbol üzrə dünya çempionatında Lev Yaşin SSRİ yığması ilə birgə 4-cü yeri tutdu. Futbolçuya böyük şöhrət gətirən bir hadisə isə 1963-cü ildə baş verdi. Lev Yaşin dünyanın yığma komandasının heyətində dünya futbolunun yubileyinə həsr olunmuş tarixi matçda - İngiltərə ilə keçirilən oyunda iştirak etdi.
O, bu oyunun birinci hissəsində dünyanın yığma komandasının qapısını qorudu və top buraxmadı. O, həmin matçda olduqca parlaq oyunu ilə yadda qaldı. İkinci hissədə Yaşinin yerinə dünya yığma futbol komandasının qapısını başqa bir qapıçı qorudu. İngilislər yalnız bundan sonra qapıya yol tapa bilərək dünyanın yığma komandası üzərində 2:1 hesabı ilə qələbə çaldılar. O dövrdə dünyanın hər yerində Lev Yaşini "qara pantera" (bəbir) və ya "Qara hörümçək" adlandırırdılar. Ona bu ləqəbi əla sıçrayışlarına və bir də daim meydana qara geyimdə çıxmasına görə vermişdilər. 1963-cü ildə dünya futbolunda göstərdiyi parlaq oyuna görə Lev Yaşin "Frans-futbol" həftəliyi tərəfindən təsis edilən "Qızıl top " mükafatını alaraq Avropanın və dünyanın ən yaxşı qapıçısı elan edildi.
Əziz Mustafa