2117
Lev Yaşinin dünya futbol tarixində "Qızıl top"u alan ilk qapıçı olması, həqiqətən də, böyük hadisələrdən biri idi. O vaxt ən tanınmış futbol mütəxəssisləri belə bir mükafatın Lev Yaşinə veriləcəyini gözləmirdilər. Amma "Frans Futbol" nəşrinin sorğusuna əsasən, rəyi soruşulanlar cəsarətlə Avropanın ən yaxşı futbolçusu üçün təsis olunmuş "Qızıl top" mükafatına məhz Lev Yaşini layiq görmüşdülər. İş orasındadır ki, adətən, qapıçılar hücumçularla müqayisədə həmişə kölgədə qalırdılar. Ən yaxşı qapıçı belə futbol mütəxəssisləri üçün sadəcə olaraq əla qapıçı idi, ancaq, o hər halda oyunun taleyini həll edən komandasına qələbə qazandıran qol vuran hücumçu demək deyildi. Halbuki dünya futbol tarixində bir çox həlledici oyunların qəhrəmanları qapıçılar olub və onların öz komandasının qələbəsində əvəzedilməz xidmətləri olduğu danılmaz faktlardandır. Yenə də təəssüflə deyək ki, əksər hallarda müdafiəçilərin səhvindən sonra qapıya vurulan qolda qapıçını günahlandırıblar və günümüzdə də günahlandırmaqda davam edirlər. Halbuki müdafiəçilərin əsas vəzifələrindən biri rəqib hücumçunun qapıya qol vurmasına imkan verməməkdir. Bu baxımdan Lev Yaşinin 1963-cü ildə dünyanın ən yaxşı qapıçısı elan edilməsi və "Qızıl top" mükafatına layiq görülməsi bəzi futbol mütəxəssisləri tərəfindən təəccüblə qarşılanmışdı. Amma bütün hallarda bu qərar ədalətli qərar idi və Lev Yaşin, həqiqətən də, o dövrdə dünya futbolunun ulduzlarından biri idi. Yenə də deyək ki, o dövrdə Lev Yaşinin "Qızıl top" alması SSRİ-də böyük coşqu ilə qarşılanmışdı. Şairlər Lev Yaşinin şərəfinə şeirlər qoşur, onu tərənnüm edirdilər.
Şair Robert Rojdestvenski Yaşinə həsr etdiyi "Qoda letyat" ("İllər ötür") şeirində yazır:
"Mən heyranam onun (Lev Yaşinin) topun istiqamətini hiss etməyinə, onu tutmaq üçün cəsarətli sıçrayışlarına. Hər dəfə penaltini dəf edəndə illər şöhrətini gələcəyə aparır, illər ötür sənin şöhrətinlə, illər aparır şöhrətini gələcəyə" (hərfi tərcümə).
Məşhur şair Yevgeni Yevtuşenko isə Lev Yaşinə həsr etdiyi "Qapıçı qapıdan çıxır" şeirində vaxtı ilə onun qapıdan irəli çıxmasına irad tutanlarla azad siyasi iradə, demokratiya istəyənlərə qoyulan qadağaları müqayisə edərək yazmışdı: "Hara baxırsan, ölkədə qadağalar qara hörümçək toru kimi hər yeri örtüblər. Bu toru dağıdaraq onlardan hündürlüyə tullanmaq cəsarəti isə heç kimdə yox... Yalançı azarkeşlər qapıçıya cərimə meydançasına çıxma, şairə siyasətə baş qoşma, deyirlər. Amma Yaşin bu qadağaları dağıtmağa özündə cəsarət tapdı, cərimə meydançasına çıxaraq əla sıçrayışla topu tutmaqla şöhrət qazandı (hərfi tərcümə).
Bir sözlə ö dövrdə Lev Yaşinin "Qızıl top" alması SSRİ-də azadlıq, demokratiya istəyənlərin də ürəyindən olmuş, dünyada demokratiyanı, haqq və ədaləti müdafiə edənlərin olduğuna onlarda inam yaratmışdı.
Lev Yaşini ömrünün sonuna kimi dünyanın nə məşhur qapıçılarından biri olaraq qalmaqda davam etdi. Məşhur qapışı 1963-cü ildə Londonda, məşhur "Uembli" stadionunda İngiltərənin və dünya futbolunun 100 illik yubileyinə həsr olunmuş tarixi oyunda birinci hissədə dünyanın yığma komandasının qapısını qorudu və qapısından top buraxmadı .
O, 1966-cı ildə İngitərədə keçirilən dünya çempionatında 3-cü yer uğrunda Portuqaliya yığması ilə oynanılan oyunda SSRİ-nin qapısını qorudu. "Neftçi"nin məşhur hücumçusu Anatoli Banişevskinin də oynadığı bu oyunda SSRİ yığması rəqib komandaya 2:1 hesabı ilə məğlub oldaraq 4-cü yeri tutdu. SSRi yığmasının məğlub olmasına və qapısından iki top buraxmasına baxmayaraq Yaşin dünyanın ən yaxşı qapıçılarından biri olduğunu sübut edə bildi. Lev Yaşin 1967-ci il iyul ayının 2-də İstanbulda Türkiyə milli komandasını "Qalatasaray"la oyuna çıxarır. Türklərin "Türkiyənin Yaşini" adlandırdığı sarı-qırmızılı Turqay Şərənin futbolla vida görüşündə bir sıra avropalı futbol ulduzları, o cümlədən də Yaşin iştirak etdi. Türkiyə Futbol Federasiyası Yaşinə böyük etimad göstərərək ona ölkə millisinin kapitan sarğısını etibar edir.
11 metrlik zərbələri dəf etmə ustası
Lev Yaşinin futbol karyerasında ona ən çox şöhrət qazandıran və onda dünyanın ən məşhur qapıçılarında belə olmayan qeyri-adi xüsusiyyət vardi. O da Yaşinin 11 metrlik cərimə zərbələrini tutmaqda və ya dəf etməkdə qeyri-adi istedad nümayiş etdirməsi idi. Təsadüfi deyil ki, Lev Yaşin karyerası ərazində 100 dəfə 11 metrlik zərbəsini tuta, dəf edə bilib. Bu günə kimi dünyanın ən məşhur qapıçıları belə Yaşinin bu qeyri-adi rekordunu (100 dəfə 11 metrlik zərbəsini dəf etməsini) təkrar edə bilməyib. O dövrdə Avropanın və dünyanın məşhur futbolçularından biri olan ingiltərəli Bobbi Çarlton Yaşinin 11 metrlik zərbələri vurulacaq istiqaməti asanlıqla müəyyən etməsinə və topu tutmasına heyran olduğunu gizlətməyərək: "Yaşinin qapısına təyin edilən 11 metrlik zərbə vuranlar Yaşini deyil, Yaşin onları aldadır. O, həssaslıqla qarşısındakının qapının hansı küncünə topu yönəltdiyini hiss edir və onun ürəyini sanki oxuyur. Mən Yaşinin qapısına təyin edilən 11 metrlik zərbəni vurmağa cəsarət etməzdim. Çünki 11 metrlik zərbəni tutan qapıçı bununla nə qədər şöhrət qazanırsa, bu zərbəni vura bilməyən futbolçu da o qədər özünü azarkeşlərin və futbol mütəxəssislərinin gözləri önündə pis vəziyyətə salır. Yaşin qeyri-adi qapıçıdır və onun ustalığına heyran olmamaq mümkün deyil. O gələcəkdə də dünyanın futbol tarixində ən məşhur qapıçı olaraq qalmaqda davam edəcək və mən buna şübhə etmirəm",- demişdi.
İngiltərə yığma komandasının məşhur oyunçusunun uzaqgörənlklə dediyi sözlər bu gün də əhəmiyyətini itirməyib. Qeyd edək ki, Yaşinin məhz qeyri-adı qapıçlıq məharəti ötən əsrin 60-cı illərində onun çıxış etdiyi Moskvanın "Dinamo" komandasının bir-birinin ardınca SSRİ çempionu olmasında önəmli rol oynadı.
Bu müstəvidə də qeyd edək ki, Yaşin "Dinamo"ya 1949-cu ildə gəlmişdi və karyerasının sonunadək də həmin klubun şərəfini qorudu, 1971-ci ilədək 18 il "Dinamo"nun əsas qapıçısı oldu, bu komanda ilə birlikdə 5 dəfə SSRİ çempionu adını qazandı, 3 dəfə ölkə kubokuna yiyələndi. 100 oyunda qapısını toxunulmaz saxlayan ilk qapıçı kimi sovet futbolu tarixinə düşdü. Ümumiyyətlə, Yaşin 438 matçın 207-də qapısından top buraxmadı.
Lev Yaşin Ələkbər Məmmədovla dost idi
Məşhur qapıçı azərbaycanlı futbolçu, SSRİ-nin əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi Ələkbər Məmmədovla yaxından dost idi. Yaşinlə Məmmədovun dostluğu hələ onlar bir komandada oynamazdan əvvəl başlamışdı. SSRİ çempionatında olduqca gözəl və texnikalı oyun nümayiş etdirən Ələkbər Məmmədov 1954-cü ildə Moskvanın "Dinamo" komandasında oynamağa dəvət edilir. Bu dövrdən də başlyaraq Ələkbər Məmədovla Lev Yaşin arasında olan dostluq telləri daha da möhkəmlənir. Onlar əksər hallarda bir yerdə olurdular və ailəvi dostluq edirdilər. Lev Yaşin dəfələrlə Ələkbər Məmmədovu evinə qonaq dəvət etmiş, eyni zamanda özü də azərbaycanlı dostunun evində olmuşdu. 1955-ci ildə İtaliyanın Milan şəhərinin San Siro stadionunda "Milan" komandası ilə keçirilən futbol matçında Ələkbər Məməmdov və Lev Yaşin əsas heyətdə meydana çıxdılar. Həmin oyunda belə demək mümkünsə SSRİ futbolunun imici sınaqdan keçirilirdi. Moskvada bundan əvvəlki oyunda 4:2 hesabı ilə qalib gələn "Milan" bu oyunda da "Dinamo"nu darmadağın etmək niyyətində idi. Hesabı da məhz onlar açdılar. Amma ikinci hissədə Ələkbər Məmmədov milanlıların qapısından 4 top keçirərək "Dinamo"nun 4:1 hesabı ilə qələbə qazanmasında önəmli rol oynadı. Bu oyundakı qələbədə təbii ki, Lev Yaşinin də böyük xidmətləri oldu. O, akrobatiik sıçrayışlarla dəfələrlə komandasını qoldan xilas etdi.
Əziz Mustafa