2315
Lev Yaşin sonralar özünün dostu və komanda yoldaşı Ələkəbər Məmmədov haqqında xatirələrində belə yazmışdı: "Mən indinin özündə belə Ələkbər Məmmədovun milanlıların qapısına necə ustalıqla 4 top vurmasını unuda bilmirəm. O, meydanda xarüqələr yaratmağa qadir bir hücumçu idi. Ələkbər Məmmədov meydanı çox yaxşı görürdü və o, istənilən hücumu qolla başa çatdırmağı bacarırdı. Ələkbər son dərəcə texnikalı, orijinal keçişə sahib, meydana yaxşı bələd olan futbolçu idi və əsl hücüm lideri idi. O dövrdə Alyoşa (Ələkbər) kimi bir oyunçu "Dinamo" üçün əsl tapıntı idi və bunu etiraf etmək lazımdır".
Yeri gəlmişkən bir faktın da üstündən sükutla keçə bilmirik. Belə ki, Ələkbər Məmmədov Yaşinin də çıxış etdiyi Moskvanın "Dinamo" komandasının heyətində "Milan"ın qapısına "San Siro"da bir oyunda 4 top vuran yeganə oyunçu kimi uzun illər dünyanın futbol tarixində qaldı. Yalnız 2014-cü ilin yanvar ayında "Sassuolonun" futbolçusu Domeniko Berardi San Siroda "Milan"ın qapısına 4 top vuraraq 59 ildən sonra Ələkəbər Məmmədovun rekordunu təkrarlaya bildi.
Kazbek Tuayevdən çəkinirdi
Lev Yaşin bütün həyatı boyu dünyanın ən güclü oyunçularına qarşı oyunda öz qapısını qoruyub və ona qol vurmaq heç də asan iş olmayıb. Necə deyərlər, onda hücumçunun topu qapının hansı istiqamətinə yönəltdiyini dərhal anlayan bir hiss vardı. O, həmişə topun vurulduğu istiqamətə tullanırdı. Çox təsadüfi hallarda o, topun vurulduğu istiqaməti müəyyən edə bilmirdi. Bu baxımdan Lev Yaşin hələ sağlığında ikən ən çox meydanda ehtiyat etdiyi hücumçulardan bəzilərinin adlarını çəkmişdi. Lev Yaşin onların arasında "Neftçi" futbol komandasının o dövrdəki oyunçusu Kazbek Tuayevin də adını çəkimişdi. Lev Yaşinə o dövrdə belə bir sual vermişdilər: "SSRİ daxilində ən çox hansı oyunçudan çəkinirsiniz?"
Lev Yaşin isə tərəddüd etmədən Kazbek Tuayevin adını çəkmişdi. Lev Yaşin: "Kazbek Tuayev çox nadir oyunçulardandır ki, mən onun topu qapının hansı küncünə yönəldəcəyini öncədən müəyyən edə bilmirəm. O, meydanda olanda qapımda qol görə biləcəyimdən narahatlıq keçirirdim. Ona görə də müdafiəçilərə möhkəm tapşırmışdım ki, Tuayevə qapıya top vurmağa imkan verməsinlər. Bununla belə o, qoruduğum qapıya zərbə endirməyə fürsət tapır və məni daim gərgin vəziyyətdə saxlayırdı", - demişdi.
Həqiqətən də o dövrdə "Neftçi" komandasından Lev Yaşinin qapısından ən çox top Tuayev keçirmişdi. Lev Yaşin ona görə də həmişə Tuayevdən ehtiyat edirdi.
Yeri gəlmişkən onu da deyək ki, Lev Yaşin Ələkbər Məmmədovdan əlavə Anatoli Banişevski və Valeri Hacıyevlə də tanış idi. Yaşin Banişevskinin başla oyununu yüksək qiymətləndirir və hərdən zarafatla: "Tolikin ( Banişevskinin) başı, mənim isə əllərim qızıldır", - deyirdi. Lev Yaşin kimi Banişevski də yeyib-içməyi sevirdi və bu işdə onların mövqeləri üst-üstə düşürdü. O vaxt SSRİ yığmasının tərkibində birgə çıxış edən Yaşinlə Banişevskini dəfələrlə bir stol arxasında yeyib içən görmüşdülər. Valeri Hacıyevlə də Lev Yaşin arasında tanışlıq vardı. Valeri Hacıyev 1969-cu ildə Moskvanın "Dinamo" komandasında Lev Yaşinlə birgə oynamışdı.
Futbola əlvida
1949-cu ildən Moskvanın "Dinamo" komandasında oynayan Lev Yaşin həyatının son illərində yorulduğunu hiss edirdi. O nə qədər futbolu ürəkdən sevsə də, artıq qocaldığından karyerasını bitirmək qərarına gəldi. Həmin dövrdə Lev Yaşinin 42 yaşı vardı və o dünyanın ən qocaman qapıçılarından biri hesab edilirdi. 1971-ci il may ayının 27-də Moskvadakı məşhur Lenin adına mərkəzi stadionda Lev Yaşinin vida mərasimi keçirildi. Vida matçına 103 min tamaşaçı gəlmişdi. Lev Yaşinin vida matçında Moskvanın, Kiyevin və Tbilisinin "Dinamo" komandalarının adlı-sanlı oyunçularından təşkil olunan komanda heyətində dünyanın məşhur futbol ulduzları olan Eysebio, Bobbi Çarlton, Herd Müller və digərlərinin olduğu dünyanın yığma komandası ilə görüşdü.
2:2 hesabı ilə başa çatan görüşdən sonra futbol karyerasını başa vuran Lev Yaşin dəri əlcəklərini gənc və perspektivli qapıçı Pilquya təqdim etdi. Amma bu da onun sonuncu oyunu olmadı. Vida matçından bir neçə ay sonra, 1971-ci il avqust ayının 31-də Lev Yaşin dünyanın futbol ulduzlarının tərkibində İtaliya yığma komandası ilə keçirilən oyunda qapını qorudu.
Lev Yaşin məşhur qapıçı, şöhrətin zirvəsində olmasına baxmayaraq həmişə sadəliyi ilə diqqəti cəlb edirdi. Heç vaxt özünü çəkmir, özündən aşağıda dayananlara üstdən aşağı baxmırdı. Sadəliyi ilə də hamının məhəbbətini qazanmışdı. O, sadə ailədən çıxmışdı və özünü məşhur hesab etmədiyini həmişə dönə-dönə vurğulayırdı. Bununla bağlı bir dəfə Yaşinə belə bir sual vermişdilər: "Futbola təzə başlayanda gələcəkdə məşhur, dünyanın sevimlisi olan futbolçu olacağınızı düşünürdünüzmü?" Lev Yaşin bu suala belə cavab vermişdi: "Mən o qədər də məşhur deyiləm axı. Sadəcə, bir neçə insan tərəfindən tanınıram. Düşünmürəm ki, bütün dünyada Yaşin deyə futbolçu tanısınlar. Karyeramın ilk illərində futbolla xokkey arasında seçim etməli idim. Çox düşündükdən sonra futbola üstünlük verdim. Peşman deyiləm. Bu sahədə özümü bacardığım qədər göstərə bildim. Ancaq mənə elə gəlir ki, xokkeydə də az tanınmazdım".
Haqsızlığa dözmürdü...
Karyerasını başa vurandan sonra Lev Yaşin məşqçilər məktəbində oxudu. Sonra Moskvanın "Dinamo" komandasında 4 il ərzində komanda rəisi vəzifəsində işlədi. Amma 1975-ci ildə istedadlı futbolçu Anatoli Kojemyakinlə baş verən faciəli hadisədə Lev Yaşini günahkar bilərək cavanlar arasında "az maarifləndirmə" tədbirləri keçirdiyinə görə vəzifəsindən azad etdilər. Bundan sonra lev Yaşin bir müddət uşaq futbol komandaları ilə işlədi.
Əlbəttə, Lev Yaşinin Anatoli Kojemyakinə görə komandanın rəisi vəzifəsindən azad edilməsi düz deyildi. Çünki o dövrdə SSRİ-nin ən istedadlı gənc futbolçularından biri hesab edilən Anaytoli Kojemyakinə "Dinamo"nun məşqini yarımçıq qoyaraq şəhərə getməyə icazəni baş məşqçi Qavriil Kaçalin vermişdi. Yüngül zədə alan və faciədən bir neçə gün öncə əvəzedici heyətdə oynayan Kojemyakin Kaçalinə demişdi ki, əsas heyətdə oynamağa hazır deyil və oynamasa daha yaxşı olacaq. Kaçalin bunun əvəzində ona komandanın məşqini tərk etməyə icazə vermişdi. Bundan sonra dostları ilə yeyib içən Kojemyakin liftdə ilişib qalmışdi. Xarab olan lşftdən çıxmaq istəyərkən isə lift işə düşmüş və o faciəli şəkildə ölmüşdü. Buna görə isə Lev Yaşini günahlandırmışdılar. Əslində faciəli hadisəyə görə günahkar birbaşa onun komandadan getməsinə icazə verən Kaçalin idi. Əlbəttə, belə bir haqsızlıq həyatının böyük hissəsini sovet futbolunun dünyada tanıdılmasına xidmət edən Yaşin üçün çox ağır idi. O, bu hadisədən ağır psixoloji zərbə almışdı.
Yeri gəlmişkən qeyd edək ki, Lev Yaşin haqsızlığa dözən deyildi və sözü üzə birbaşa deyirdi. Ona görə də onu sevməyənlər az deyildi. Xüsusi ilə Moskvanın "Dinamo" komandasında rəis vəzifəsində işləyərkən tez-tez yuxarıların haqız, ədalətsiz qərarlarının şahidi olur və buna görə onları sərt şəkildə tənqid edirdi. Yuxarılar isə Yaşini bu hərəkətinə görə sevmirdilər. Ola bilsin ki, heç bir səbəb olmadan Yaşının Kojemyakinin ölümündə günahlandırılması da məhz bununla bağlı idi.
Yaşin həyatı boyu sovet ideologiyasına sadiq idi və onda milli qürur hiss olduqca güclü idi. Lakin üstündən illər ötəndən sonra Lev Yaşin başa düşdü ki, yuxarıda oturanlar başqalarına rəva bilmədiklərini özlərinə rəva bilir, qanunların yalnız aşağı təbəqə üçün yazıldığını düşünür, sözləri ilə əməlləri uyğun gəlmir. Ölkəni idarə edənərin belə ziddiyyətli xarakterə malik olması özünü futbola münasibətdə də göstərirdi və Yaşin buna qarşı barışmaz mübarizə aparırdı.
Əziz Mustafa