çərşənbə axşamı, 20 yanvar 2026

DİGƏR NÖVLƏR

"Medal qazanmağı özüm çox istəyirdim"

05.09.2016 15:24 Oxundu 2033

Azərbaycana Rio-2016 Yay Olimpiya Oyunlarında yeganə qızıl medalı qazandıran taekvondoçu Radik İsayev Dağıstan mətbuatına maraqlı müsahibə verib. Cbcsport.tv “Maxaçkalinskie izvestiya” saytına istinadən bu müsahibəni təqdim edib:

- Olimpiya qızılına gedən yolda 4 görüş keçirdin. Onlardan ən çətini hansı oldu?

- Qazaxıstan, Koreya, Böyük Britaniya və Niger taekvondoçuları ilə qarşılaşdım. Adətən ən çətin birinci döyüş olur, amma, Allaha şükür, rahat qələbə qazandım. İkinci qarşılaşmada 2008 Olimpiya Oyunlarının qalibi koreyalı Çxa Don Min ilə döyüşdə daha çox çətinlik çəkdim. Sona qədər uduzacağımı düşünürdüm, amma qələbədən yapışdım.

- Sənə qədər Azərbaycanın qızıl medalı yox idi. Buna görə psixoloji gərginlik keçirirdin? Məşqçilər nə deyirdilər?

- Mənə qədər taekvondoda artıq 2 bürünc qazanmışdıq, amma qızıl medal heç yığmanın aktivində belə yox idi. Məşqçilərim çox təzyiq göstərmirdilər. Medal qazanmağı özüm çox istəyirdim. Düzünü desəm, qızıl qazanacağıma ümid az idi, amma məşqçilərim Elnur Amanov və Reza Mehmandost mənə dəstək verdilər.


- Olimpiadada sənin əsas rəqibin özbəkistanlı taekvondoçu Dmitri Şokin sayılırdı, amma onunla qarşılaşmadın. Şokinlə döyüşdən qorxurdunmu?

- Deməzdim ki, o, mənim əsas rəqibim idi. Sadəcə Şokin dünya reytinqinin birincisi, mən isə ikincisi idim. Hər bir rəqibdən çəkinmək lazımdır. Koreyalı Çxa Don Mun və britaniyalı Mahama Ço məni buna qədər məğlub etmişdilər. Bu çəkidə autsayder yox idi. Hər bir idmançı qızıl medal uğrunda mübarizə aparırıdı. Deməzdim ki, təkcə Dmitriyə köklənmişdim.

- Mükfatlandırma mərasimində Azərbaycan himnini oxuyurdun. Bu ölkə artıq sənin üçün doğmalaşıb?

- Əlbəttə, Azərbaycan mənim ikinci evimdir.

- Taekvondoya necə gəldin?

- Bu idman növünə təsadüfən gəldim. Uşaqlıqdan bir çox növlə məşğul olmuşam. Futbol, boks, gimnastika... Anamın tanışı Maqomed Abdullayev bir dəfə mənə dedi: “Sənin boyun hündürdür, sabah məşqlərə gəl”. Amma mən ona qulaq asmadım və samboya başladım. Lakin orda məni çox rahat “yola saldılar” (gülür). 16 yaşında taekvondo ilə məşğul olmağa qərar verdim. Maqomed Abdullayev məni Kurban Buqdayev və Said Camaludinova məsləhət gördü. Əvvəllər məndə heç nə alınmırdı, hər görüşdə uduzurdum. Amma məşqçilər mənə inandılar. Onlara sonsuz şəkildə minnətdəram.

- Azərbaycan bayrağı altında çıxış etməyə necə qərar verdin?

- Maliyyə vəziyyəti o qədər də yaxşı deyildi. Yalnız Rusiya çempionatında iştirak edirdik və bu da bizim hazırlığımıza mənfi təsir göstərirdi. Digər bölgələrdən olan idmançılar təcrübə toplamaq üçün bir çox yarışlara qatılırdılar. 2012-ci ilin sonunda, London Olimpiadasından sonra Maqomed Abdullayev Azərbaycana getməyi məsləhər gördü. Mən də razılıq verdim.

- Rusiya yığmasında bir dənə də olsun dağıstanlı taekvondoçu yoxdur, amma Azərbaycanda onların sayı 2-dir – sən və Patimat Abakarova. Bu nə ilə bağlıdır?

- Öz adıma deyə bilərəm: Biz Rusiya millisnə ona görə düşə bilmirdik ki, o qədər də yaxşı deyildik. Azərbaycanda bizi daima yarışlara göndərirdilər. Biz bu vaxt ərzində çox təcrübə topladıq ki, yekun nəticədə Olimpiya medalını qazan bildik. Dağıstanda pul yox idi, ona görə təcrübə yığa bilmirdik.

- 3 il ard-arda Rusiya yığmasının ehtiyyat heyətində olmusan. Niyə səni London Olimpiadasına aparmadılar?

- Uzun müddət öz çəkimdə birinci olmurdum. Ola bilər ki, bu, təcrübəsizlikdən irəli gəlirdi.

- Azərbaycanın taekvondo tarixində birinci Olimpiya çempionu oldun. Amma Rusiyada hələ də taekvondo qızılı yoxdur. Necə oldu ki, Rusiya və Dağıstan səni kimi idmançını əldən buraxdı?

- Deməzdim ki, bu itkidir. Dağıstan mənim vətənimdir. Amma elə oldu ki, Azərbaycanda imkanlar daha çoxdur. 2012-ci ildə Rusiya çempionatında üçüncü oldum və anladım ki, dünya çempionatına yollanmağa heç bir şansım yoxdur. Məhz o zaman Azərbaycana gəldim və peşman deyiləm.

- Azərbaycan və Rusiya taekvondo məktəbləri nə dərəcədə fəqrlənirlər?

- Azərbaycana gələndə millini iki yerli mütəxəssis çalışdırırdı. Onların öz taktikası var idi, zərbələrə üstünlük verirdilər. Rio-2016-ya 2 il qalmış komandaya dünya miqyaslı məşqçi Reza Mehmandost gəldi. O, tamamilə fərqli taktikaya üstünlük verir. Əgər Rusiyada texnika üzərində çox işləyirlərsə, Azərbaycan fiziki gücə daha çox önəm verilir.

- Azərbaycana keçməsəydin, Rusiya millisi ilə Olimpiadaya gedə bilərdin?

- İnanmıram. Rusiya yığmasında rəqabət çox böyükdür, səhvə yol verə bilməzsən. Azərbaycanda isə sənə daha çox şans verilir. Əgər məğlub oldunsa, səni qovmurlar. Rusiyada daxili çempionatda üçüncü oldunsa, səni heç təlim-məşq toplanışına aparmaya bilərlər. Mənim vaxtımda belə idi.

- Olimpiadadan sonra məlumat yayıldı ki, 510 min dollar mükafat almısan. Amma Rusiyada idmançılar 9 dəfə az alırlar. Bu nə ilə bağlıdır?

- Hələ heç nə almamışam. Amma əgər məbləğ doğrudan da belədirsə, yalnız fərziyyə yürütmək olaq. Bəlkə Rusiyada idmançı çoxdur? ABŞ-da idmançılar ümmumiyyətlə cəmi 25 min dollar alırlar. Rusiyalıların bəxti hələ gətirib.

- Olimpiadadan sonra hansısa hədiyyələr almısan?

- Deyilənə görə, Bakının mərkəzində mənə ikimərtəbəli ev bağışlayıblar. Amma bu internet istifadəçilərinin zarafatından başqa bir şey deyil (gülür). Dağıstanda mənə torpaq sahəsi hədiyyə etdilər. Azərbaycan tərəfdən verilən hədiyyələr barədə hələ xəbərim yoxdur.

- Azərbaycanda taekvondo nə dərəcədə populyardır? Səni küçədə tanıyırlar?

- Millinin heyətində yeganə qızıl medal qazandığım üçün, artıq tanımağa başlayıblar. Azərbaycanda və Dağıstanda taekvondo eyni səviyyədə sevilir. Amma bu güləş kimi yox...

- Yenidən Rusiya millisinə qayıtmaq təklif olsunsa, razılaşarsan?

- Qətiyyən. Azərbaycan mənə çox verib. Onların etdiklərindən sonra mən gedə bilmərəm. Mənim yerimdə hər kəs belə edərdi. Taekvondonu ataram, amma Rusiyaya qayıtmaram.

- Gələcək planların nədir? Tokioda səni görəcəyikmi?

- Gələcək haqqında düşünmürəm. Bir az dincələndən sonra yenidən məşqlərə başlayacam – yenə zal, doğma xalça, heç nədən razı olmayan məşqçi və yeni Olimpiya tsikli. Çalışıb, əlimdən gələni edəcəm – qalan hər şey isə Allahın əlindədir.