çərşənbə axşamı, 20 yanvar 2026

ŞAHMAT

“Hollandiya Olimpiadanın favoriti hesab olunmur"

06.09.2016 08:59 Oxundu 1901

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının IV turunda İngiltərəni 3,5:0,5 hesabı ilə məğlub edən Hollandiya millisi 4 turdan sonra maksimum nəticə göstərməklə üçüncü pillədə qərarlaşıb. İngiltərə ilə görüşdə yalnız birinci lövhədə yarışan Aniş Qiri Maykl Adamsla heç-heçə edib.

Bakı Şahmat Olimpiadasının mətbuat xidməti xəbər verir ki, mətbuat konfransında iştirak edən Aniş Qiri komandasının ilk 4 turdakı çıxışını belə dəyərləndirib: “Hollandiya Olimpiadanın favoriti hesab olunmur. Biz ilk 4 turda qələbə qazansaq da, mübarizə hələ qabaqdadır. Hazırkı heyətimiz inkişaf edən komanda hesab olunur. Heyətdə təcrübəli və gənc qrossmeysterlər yer alıb. Olimpiadada ən çətin oyunlarımız qarşıdadır”.

Hollandiya yığmasının üzvü Azərbaycan paytaxtında keçirilən yarışın təşkilatçılığı barədə də danışıb: “Ötən il Bakıda keçirilən dünya kubokunda yarışmışdım. Həmin vaxt şəhərlə tanış olmaq üçün kifayət qədər vaxtım var idi. Müasir binaların İçəri Şəhərlə harmoniyası məni valeh edir. Azərbaycanda ənənələrə, tarixə hörmətlə yanaşılması sevindirici haldır. İnsanların piyada gəzməsi, ilk növbədə Bakı Bulvarı məni özünə cəlb edir. Orada dəfələrlə olmuşam”.

Hollandiya millisi Bakıda keçirilən olimpiadada Vladimir Tukmakovun rəhbərliyi altında çıxış edir. Bu mütəxəssis isə Giriyə tanışdır. Çünki vaxtı ilə onun da çıxış etdiyi “SOCAR-Azerbaijan” komandasının kapitanı Tukmakovdur: “Klub və millidəki iş fərqlidir. “SOCAR-Azerbaijan”ın heyətində ulduzlar çıxış edir. Halbuki Hollandiya millisi favorit hesab olunmur. Məşqçinin uğuru uzunmüddətli perspektivə hesablanıb. Onun bacarığı şahmatçını kəşf etmək və yeni səviyyəyə çatdırmaqdır”.

Giri hazırda 3 ölkədə - Hollandiya, Rusiya və Gürcüstanda yaşayır. Sonuncu ölkənin seçilməsi təsadüf deyil. Çünki Aniş Girinin həyat yoldaşı gürcüstanlı şahmatçı Sofiko Quramişvilidir.