çərşənbə axşamı, 20 yanvar 2026

DÜNYA FUTBOLU

Dünyanın məşhur futbolçuları: Lev Yaşin (4)

07.09.2016 17:42 Oxundu 2087

Lev Yaşin çox siqaret çəkirdi. Üstəlik içki də içirdi. Yaşindən bunun sirrini soruşduqda belə cavab verib: "Sakitləşmək üçün bir siqaret çəkmək, sonra da əzələlərini tənzimləmək üçün sərt içki içmək". İntensiv siqaret çəkməsi ilə əlaqədar damarlarının tutulması üzündən 50 yaşından sonra onun sol ayağında qanqrena başlayıb. Buna görə də Yaşin 1984-cü ildə bir ayağından məhrum olub. Lakin o, yenə siqareti tərgitməyib. Lev Yaşin 20 mart 1990-cı ildə 61 yaşında mədə xərçəngindən dünyasını dəyişib.

"Yaşin mükafatı"

Onun ölümündən 4 il sonra, 1994-cü ildən etibarən FİFA Dünya çempionatında oynayan ən yaxşı qapıçılara "Lev Yaşin" mükafatı təqdim etməyə başlayıb. XX əsr yekunlaşanda futbolda da ən yaxşılar müəyyənləşdi. Söhbət qapıçılara gələndə, təbii, yada ilk olaraq o düşdü - Lev Yaşin əsrin ən yaxşı qapıçısı sayıldı! "World Soccer", "France Football" və "Placar" versiyalarında da məhz o, birinci olub. Onu da qeyd edək ki, futbolun inkişafına verdiyi dəstəyə görə, 1967-ci ildə "Lenin" ordeni ilə təltif olunub. 1986-cı ildə olimpiya ordeninə və bundan 2 il sonra FİFA-nın qızıl ordeninə layiq görülüb.

FİFA da qərara aldı ki, dünya çempionatlarının final mərhələsinin yekununda qapıçılara verilən xüsusi mükafat onun adı ilə adlandırılsın. Beləliklə, "Lev Yaşin" mükafatı 1994-cü ildə Mişel Pryüdomma (Belçika), 1998-ci ildə Fabyen Bartezə (Fransa), 2002-ci ildə Oliver Kana (Almaniya), 2006-cı ildə isə Canluici Buffona (İtaliya) verilib. 2010-cu ildən isə mükafat "Qızıl əlcək" adlanır ki, onun da ilk laureatı İker Kasilyas (İspaniya) olub.

Yaşin haqqında film çəkilir

Rusiya hökuməti 2013-cü ilin iyulun 1-dək əfsanəvi futbolçu Lev Yaşin haqqında bədii film çəkilməsi məsələsini həll etməli idi. Filmin ekranlara çıxması 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına həsr ediləcəkdi. Pusiya prezidenti Vladimir Putinin sərəncamında deyilirdi: "Əfsanəvi sovet futbolçusu Lev Yaşinə həsr edilmiş bədii filmin çəkilməsi məsələsinə baxılsın. Tapşırığın yerinə yetirilmə müddəti - 1 iyul 2013-cü il".

Xatırladaq ki, Rusiya prezidentinin xalqla ənənəvi söhbətində Zinovyev soyadlı bir vətəndaş Putinə belə bir xahişlə müraciət etmişdi: "Prezidentdən təkidlə xahiş edirəm, futbol üzrə dünya çempionatına qədər "Yaşin" filminin çəkilişinə kömək etsin".

Dövlət başçısı o vaxt bu müraciətə cavab olaraq belə demişdi: "Bilirsinizmi, görünür, bu xahiş ekranlara çıxmış "17 nömrəli əfsanə" filminə reaksiyadır. Həmin filmdə təkcə Xarlamov haqqında deyil, həm də bizim yığma komandanı bu səviyyəyə çatdırmış və Xarlamov kimi idmançı yetişdirmiş görkəmli məşqçilər haqqında söhbət gedir. Şübhəsiz, Lev Yaşin də bizim əfsanəvi idmançılardan biridir, yəqin ki, belə bir filmə tələbat olar. Əlbəttə, biz bu barədə fikirləşəcəyik".

Lakin Lev Yashinin həyat yoldaşı Valentina Yaşina əri haqqında bədii film çəkilməsinin qəti əleyhinə olduğunu bildirmişdi. O, müsahibəsində bunun yalnız onun ölümündən sonra mümkün ola biləcəyini demişdi.

Valentina Yaşina etirazını əfsanəvi sovet futbolçusu Vsevolod Bobrov haqqında çəkilmiş filmin çox pis alınması ilə əsaslandırmışdı.

Qeyd edək ki, Lev Yaşin Valentina Yaşina ilə evli olub. Bu evlilikdən cütlüyün iki qızı (İrina, Yelena) var. Məşhur qapıçının nəvələrindən biri, Vasili Frolov da qapıçı olub.

Məşhurluğunu hələ də qoruyur

Bir neçə il əvvəl "WorldSoccer" jurnalı futbol tarixinin ən güclü və ideal onbirliyini hazırlayıb. Həmin sorğuya əsasən ən yaxşılar içərisinə Lev Yaşin də daxil edilib.

Qapıçı - Lev Yaşın (SSRİ)

Sağ kənar müdafiəçisi - Kafu (Braziliya)

Dayaq müdafiəçisi - Bobbi Moure (İngiltərə)

Dayaq müdafiəçisi - Frans Bekkembauer (Almaniya)

Sol kənar müdafiəçi - Maldini (İtaliya)

Yarımmüdafiə xətti: Zidan ( Fransa), Alfredo Di Stefano (Argentina), Messi (Argentina), Kroyf (Almaniya), Maradona (Argentina)

Hücumçu: Pele (Braziliya)

Beləliklə Yaçin bu gün də dünyanın ən məşhur, əfsanəvi qapıçılarından biri olaraq qalmaqda davam edir.

Əziz Mustafa