çərşənbə axşamı, 20 yanvar 2026

DİGƏR NÖVLƏR

XV Yay Paralimpiya Oyunlarına start verilib

08.09.2016 08:52 Oxundu 2496

Sentyabrın 8-də Bakı vaxtı ilə saat 02:00-da Braziliyanın Rio-de-Janeyro şəhərindəki “Marakana” stadionunda XV Yay Paralimpiya Oyunlarının möhtəşəm açılış mərasiminə start verilib.

Açılış mərasimində Azərbaycanın paralimpiya yığmasının keçidi zamanı bayrağımızı ikiqat Paralimpiya çempionu, “Bakı-2015” birinci Avropa Oyunlarının çempionu və milli komandamızın kapitanı İlham Zəkiyev aparıb. Qeyd edək ki, cüdoçumuz parada milli geyimdə çıxıb.

İdmançıların paradı ev sahibi ölkənin – Braziliya paralimpiyaçılarının keçidi ilə başa çatıb.

Komandaların paradından sonra Braziliya Milli Olimpiya Komitəsinin prezidenti, “Rio-2016” Olimpiya Oyunlarının Təşkilat Komitəsinin sədri Karlos Artur Nuzman çıxış edərək Rio-de-Janeyronun daha bir möhtəşəm tarix yazmağa – XV Paralimpiya Oyunlarına ev sahibliyi etməyə tam hazır olduğunu bildirib.

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Filip Kraven isə çıxışında paralimpiyaçıların tükənməz qələbə əzmi ilə bütün maneələri, o cümlədən öz fiziki imkanlarının məhdudluğunu aşaraq parlaq nailiyyətlər qazanacaqlarına əminliyini bildirib.

Çıxışlardan sonra Braziliya Prezidenti Mişel Temer XV Paralimpiya Oyunlarını açıq elan edib.

Sonra görmə qüsurlu rəqqaslar Renata və Oskar minlərlə kiçik projektor vasitəsilə işıqlandırılan səhnədə balet rəqsini ifa ediblər.

Daha sonra səhnəyə Paralimpiya bayrağı gətirilib və Paralimpiya Oyunlarının himninin müşayiəti ilə ucaldılıb. İdmançıların, hakimlərin və məşqçilərin adından Paralimpiya andı içilib.

Nəhayət, uzun səyahətdən sonra Paralimpiya məşəli “Marakana” stadionuna gətirilib. Braziliya millisinin heyətində ən çox medal qazanan idmançı (6 qızıl, 4 gümüş, 2 bürünc), üzgüçü Klodoaldo Silva XV Yay Paralimpiya Oyunlarının məşəlini alovlandırıb. Açılış mərasimi möhtəşəm atəşfəşanlıqla başa çatıb.

XV Yay Olimpiya Oyunlarına sentyabrın 18-də yekun vurulacaq.

XV Yay Paralimpiya Oyunlarında idmanın 22 növü üzrə 528 dəst medal uğrunda yarışlar keçiriləcək. Bu, “London-2012” Yay Paralimpiya Oyunları ilə müqayisədə 25 dəst çoxdur. Medal sayının artırılması yarışlarda qadın idmançılarının geniş heyətlə çıxışı ilə əlaqədardır.

Paralimpiadada ümumilikdə 4350 idmançı medallar uğrunda mübarizə aparacaq. Onların 1650-si qadındır. Bu “London-2012”dən 9,9 faiz, “Atlanta-1996”dan isə iki dəfə çoxdur. Qadınlar 224 dəst medal uğrunda yarışacaqlar. Bu isə medalların 43 faizini təşkil edir.

Azərbaycan XV Yay Paralimpiya Oyunlarında 24 idmançı ilə təmsil olunur. Paralimpiyaçılarımız “Rio-2016”ya idmanın 6 növü üzrə 41 lisenziya qazanıblar. İdmançılarımız cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma yarışlarında mübarizə aparacaqlar.