1988
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının altıncı turunda ABŞ millisi buna qədər xal itirməyən Ukraynanı məğlub edib. Görüş 2,5:1,5 hesabı ilə nəticələnib. ABŞ yığmasının lideri Fabiano Karuananın Pavel Elyanovu məğlub etməsi ABŞ-a qələbə qazandırıb.
Bakı Şahmat Olimpiadasının mətbuat xidməti xəbər verir ki, partiyadan sonra Karuananın iştirakı ilə mətbuat konfransı keçirilib. 24 yaşlı şahmatçı qələbəsini belə şərh edib: “Hələ ki turnir istədiyimiz kimi keçir. 6 tur ərzində uduzmamışıq. Üstəlik, Rusiya və Çin kimi komandaları turnir cədvəlində qabaqlayırıq. Bu, uğurlu nəticədir. ABŞ-ın hazırkı heyəti gənclərdən ibarətdir. Ukrayna ilə görüşümüz çətin alındı. Amma mən vəziyyətdən maksimum yararlanmağı bacardım”.
Əslən İtaliyadan olan qrossmeyster Bakıda keçirilən Şahmat Olimpiadasının yüksək təşkilatçılığına da toxunub: “Yarış çox yüksək səviyyədə keçirilir. Təşkilatçılar çox böyük iş görüblər. Bunu görməmək mümkün deyil. Belə gözəl şəraitdə idmançılara yalnız fikrini oyunlara yönəltmək qalır”.