2597
Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) və Beynəlxalq Polo Federasiyasının (BPF) birgə təşkilatçılığı ilə Bakıda, Binə Atçılıq Mərkəzinin “Elit Atçılıq və Polo” klubunda keçirilən “CBC Sport” Arena Polo üzrə Dünya Kuboku yarışlarının bu gün açılış mərasimi olub.
Əvvəlcə milli geyimli çaparlar Azərbaycan Respublikasının dövlət bayrağını meydana gətiriblər.
İştirakçı komandaların təqdimatından sonra gənclər və idman naziri Azad Rəhimov çıxış edərək Azərbaycanda mötəbər idman yarışlarının keçirilməsinin ənənə halını aldığını vurğulayıb. Bildirib ki, ötən il birinci Avropa Oyunları, bu il Formula-1 Avropa Qran-pri yarışları Bakıda təşkil edilib. Hazırda isə ölkəmizdə Ümumdünya Şahmat Olimpiadası keçirilir. Bu gün isə elit idman növlərindən sayılan arena polo üzrə dünya kuboku yarışları başlayır.
A.Rəhimov deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmanın bütün növlərinin inkişafına diqqət və qayğı göstərilir. Sevindirici haldır ki, artıq bir neçə ildir Azərbaycanın polo üzrə komandası yaradılıb və ötən il paytaxtımızda keçirilən Avropa çempionatının qalibi olub.
Yarışın əhəmiyyətindən danışan Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev diqqətə çatdırıb ki, BPF-nin üzvü olan ARAF artıq polo üzrə iki dünya kuboku yarışına ev sahibliyi edib. Ötən il Azərbaycanda ilk dəfə arena polo üzrə Avropa çempionatı keçirilib. Bütün bunlar Azərbaycanda idmanın, o cümlədən polonun sürətli inkişafından xəbər verir. Builki yarışda isə dörd beynəlxalq polo klubunu təmsil edən komandalar kubok uğrunda mübarizə aparacaq. Bakı üç gün ərzində polo yarışı ilə əlaqədar dünyanın müxtəlif ölkələrindən gələn qonaqları qəbul edəcək.
Federasiya prezidenti yarışın ciddi idman mübarizəsi şəraitində keçəcəyini vurğulayıb, iştirakçılara uğurlar arzulayıb.
Mərasimdə Azərbaycanın dövlət himni səsləndirildikdən sonra yarış açıq elan edilib.
Daha sonra oyunlara start verilib.
Yarışın birinci günündə ilk görüşdə Azərbaycanın “Gilan Holding” komandası ilə Argentinanın “İtaldizain Group” komandası qarşılaşır.
Sentyabrın 11-də - turnirin sonuncu günündə üçüncü yer uğrunda oyun, final qarşılaşması və mükafatlandırma mərasimi keçiriləcək.