1941
“Neftçi” futbol komandasının son vaxtlar yaşadığı uğursuzluqlar klubdakı köklü islahatlarla nəticələnib. Müşahidə Şurasının avqustun 28-də keçirilmiş iclası zamanı klubda islahatların davam etdirilməsi haqqında qərarların, eyni zamanda sentyabrın 9-da klubun səhmdarları ilə keçirilmiş görüşdə bunların ən qısa zamanda yerinə yetirilməsini nəzərə alan rəhbərlik bəzi sərt addımlar atıb. Belə ki, Vəli Qasımov əsas komandanın baş məşqçisi vəzifəsindən azad edilib. Onunla yanaşı, Elnur Məmmədov klubun icraçı direktoru vəzifəsindən kənarlaşdırılıb.
Klubun icraçı direktorunun idman məsələləri üzrə müavini Mübariz Xudiyev də vəzifəsindən uzaqlaşdırılıb və bu ştat klubun struktur dəyişikliyi ilə əlaqədar olaraq ləğv edilib.
Əsas komandanın baş məşqçisi vəzifəsinə Elxan Abdullayev gətirilib.Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.Klubun icraçı direktoru vəzifəsinə Elnur Eyvazov, idman direktoru vəzifəsi Orxan Hüseynzadə təyin edilib. Həmçinin “Neftçi”də inzibati işlər üzrə baş menecer vəzifəsi İslam Abbasova tapşırılıb.
Qeyd edək ki, klub strukturunun dəyişdirilməsi istiqamətində aparılan işlər davam etdiriləcək