çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

Elxan Abdullayev: "Çox şadam ki, mənə belə bir etimad göstəriblər"

15.09.2016 15:17 Oxundu 1871

"Neftçi” PFK-nın baş məşqçisi Elxan Abdullayev bu vəzifəyə təyin olunması ilə bağlı klubun rəsmi saytına açıqlama verib: "Bu hər bir azərbaycanlı məşqçi üçün böyük şansdır. Çox şadam ki, mənə belə bir etimad göstəriblər. "Neftçi” mənim üçün xüsusi bir komandadır – atam Ruslan Abdullayev burada futbolçu və məşqçi kimi çıxış edib. İndiyə kimi hər dəfə bu bazanın qapısından içəri keçəndə tüklərim biz-biz olur. "Neftçi” mənim həyatımın, ailəmin bir hissəsidir, komandanı çətin vəziyyətdən çıxarmağa kömək etmək üçün əlimdən gələni edəcəyəm. Əminəm ki, yorulmadan birlikdə çalışsaq, komandanı layiq olduğu mövqeyə qaytararıq”.

MƏŞQÇİ HAQQINDA MƏLUMAT

Elxan Ruslan oğlu Abdullayev 1970-ci il mayın 19-da Bakıda anadan olub. Futbolçu karyerasına 1989-cu ildə "Termist” klubunda başlayıb. "Dinamo” (Bakı), "Azəri”, "Turan”, "Xəzri”, o cümlədən Slovakiyanın "Pyeştyani” və "Trençin” klublarının şərəfini qoruyub. Məşqçilik karyerasına "Neftçi” PFK-nın əvəzedicilərinin baş məşqçisi vəzifəsində başlamış Abdullayev 2000-ci ildə Bakı "Dinamo”sunun baş məşqçisi vəzifəsinə təyin olunub. 2004-2005-ci illərdə "Qarabağ” FK-nın məşqçisi, 2005-ci ildə isə baş məşqçisi postunda çalışıb. 2007-2010-cu illərdə Bakının "İnter”, 2010-2011-ci illərdə Qazaxıstanın "Atırau” komandalarının məşqçisi, 2011-2012-ci illərdə isə AZAL-ın baş məşqçisi işləyib. Azərbaycan A milli komandasında baş məşqçilər – Karlos Alberto Torres və Berti Foqtsun köməkçisi kimi çalışmış Elxan Abdullayev hazırda baş məşqçi Robert Prosineçkinin koməkçisidir. O, U-21 yığma komandasında da məşqçi kimi çalışıb.Azərbaycan, rus, ingilis, türk, alman, çex, slovak və xorvat dillərini bilir.Pro-lisenziyalı məşqçidir. "Neftçi” PFK-nın sabiq oyunçusu və baş məşqçisi Ruslan Abdullayevin oğludur.