çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

Futzal millimiz İspaniyaya uduzdu

16.09.2016 06:40 Oxundu 1783

Futzal üzrə dünya çempionatının final mərhələsində Azərbaycan milli komandası ikinci oyununu keçirib.

Millimiz Kolumbiyanın Medellin şəhərindəki Coliseo Ivan de Bedout idman kompleksində İspaniya yığması ilə qarşılaşıb. Qarşılaşma 4:2 hesabı ilə ispaniyalı futzalçıların xeyrinə yekunlaşıb.

Futzal üzrə dünya çempionatının final mərhələsində keçirilmiş Azərbaycan – İspaniya oyunundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:

Milton Luis Ziller Junior (Azərbaycan millisinin baş məşqçisi): “Ümumilikdə yaxşı oyun oldu. Biz də yaxşı oynadıq. Amma belə qarşılaşmalarda nəticəni kiçik detallar həll edir. Bugünkü oyunun nəticəsini müəyyənləşdirən əsas amil ispanların bizə nisbətən yaradılan qol epizodlarından daha dəqiq yararlanması oldu. Biz əldə etdiyimiz şanslardan istifadə edə bilməyəndə, dərhal rəqibin ciddi təzyiqi ilə üzləşirdik”.

Venancio Lopez (İspaniya millisinin baş məşqçisi): “Maraqlı oyun alındı. Taktiki baxımdan hər iki komanda düzgün oynadı. Belə qarşılaşmalarda qapıya vurulan zərbələrdə dəqiqlik faizi yüksək olmalıdır. Qələbə qazandığımız üçün çox şadıq. Çıxışımızı pillə-pillə daha da yaxşılaşdırmalıyıq. Çünki növbəti mərhələlərdə bizi daha çətin oyunlar gözləyir”.

Xatırladaq ki, komandamız turnirdə keçirdiyi ilk oyunda Mərakeş yığmasına 5:0 hesabı ilə qalib gəlmişdi.

Millimiz dünya çempionatında növbəti oyununu sentyabrın 18-də, yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 19 sentyabr, saat 03:00) Medellin şəhərindəki Coliseo Ivan de Bedout idman kompleksində İran yığmasına qarşı keçirəcək.