cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

Süni meydançalardan necə qurtulaq? - YAZI

25.06.2020 17:17 Oxundu 1911

Bəzən, düşünürəm, görəsən, bizim futbolun başında duranlar inkişaf göstəricisi hesab etdikləri nüanslara doğrudan özləri inanırlar?. 
Son zamanlar bu ifadəni tez-tez eşidirik: Azərbaycan futbolu inkişaf edir, yeni-yeni stadionlar tikilir, və sair. Bundan başqa, AFFA aşağı yaş qrupundan ibarət çempionatın keçirildiyini də tez-tez ölkə ictimaiyyətinə car çəkir. Bəli, bütün yaş qruplarında çempionatlar keçirilir. Ancaq bu, işi bitmiş hesab etməyə əsas vermir axı. Püşk atıldı, komandalar qruplara bölündü, çempionat keçirildi. Bu, inkişafdır? Görəsən, o, uşaqların harda məşq etdiyini gedib görən olubmu, geyinməyə ket, forma, məşq etməyə top, meydança, oyunlara getməyə avtobus tapa bilirlər, ya yox? Yaxud, onlara məşq keçən məqşçilərin futboldan anlayışları var, yoxsa elə orda uşaqları söyə-söyə, döyə-döyə öyrədirlər? Arada imkanınız olsa, bununla da maraqlanın.
Gəlin bir az da car çəkilən meydançalar haqqında danışaq. Bəli, çox gözəl, yeni stadionlar tikildi, orda hər cür şərait var, soyunub-geyinmə otaqları, isti-soyuq su, internet, filan. Amma əsas problem odur ki, bütün bu stadionların ot örtüyü sünidir. Elə bu fakt özü kifayət edir ki, biz həmin stadionların yararsız olduğunu deyək. Mən sizi əmin edirəm, həmin bu stadionlar, eləcə də tikilməkdə olan bu tip digər stadionlar Azərbaycan futboluna xeyir verməyəcək, əksinə, bizi futboldan küsdürəcək. 
Sizlərdən sadəcə bir şey soruşum, cavabını özünüz düşünün. AFFA özlərindən başqa heç kimə lazım olmayan “Dalğa Arena”nı niyə tikib? 
Bu gün Azərbaycanda kütləvi surətdə meydançaların süniləşməsi gedir. Çünki hamı “Qəbələ” kimi özünü əziyyətə salıb Azərbaycan futbolunun sağlam gələcəyini düşünmür. Gedin, statistik təhlil aparın, onda özünüz də görəcəksiniz ki, haqqında bəh-bəhlə danışdığınız süni örtüklü meydanlar neçə-neçə futbolçunu artıq şikəst edib. Unutmayın ki, FİFA prezidenti sizin bəy tərifi yağdırdığınız “Dalğa Arena”ya ayaq basarkən, ilk ciddi irad kimi süni örtüyü göstərmişdi. 
Artıq deməyə söz tapmırıq. Hətta tibbi baxımdan da süni örtüklü meydançaların həm zərərli, həm də zəhərli olduğu faktlarla sübut olunub. Amma AFFA-nın başında oturanlar bu barədə düşünmürlər. 
Sizcə, bu zəhərli, süni meydançalardan necə qurtulaq?

Kamran Əsədov