cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

AFFA- nın "Yeni məşqçi "seçimi - YAZI

04.07.2020 13:00 Oxundu 1746

Xəbər verdiyimiz kimi AFFA Roy Kinlə danışıqlara start verib. Bu xəbəri AFFA rəsmiləri də təsdiqləyib. Qurumun danışıqlar apardığı xarici məşqçilər arasında irlandiyalının da adı var. Roy Kinin millinin başına gətiriləcəyi hələ məlum deyil. Amma AFFA-nın da niyyəti bəllidir. Əcnəbi mütəxəssis gətirməyə cəhd və yenə də milyonluq müqavilə!
Məni bir sual çox maraqlandırır. Məşqçi kimi təcrübəsi olmayan Roy Kin uçurumda olan yığmamıza necə kömək ola biləcək? Bilmək olmur ki, AFFA bunu nəyinə vurulub. Ölkəmizdə Roy Kindən üstün olan baş məşqçilər var. Milyonları xaricdən gətirilən məşqçilərə yedizdirməkdənsə, özümüzkülərə versək olmazmı? Belə qənaətə gəlmək olar ki, AFFA rəhbərliyi yenə də Azərbaycan futbolunu inkişaf etdirmək üçün heç bir şey etməyəcək. Nəsə etmək istəyir, yoxsa etmək istəmir? Təhlil olunası mövzudur… Dəqiq bilinən isə, AFFA-da hər bir işdə söz və məsuliyyət sahibi olan Elxan Məmmədovun 13 illik fəaliyyəti dövründə olduğu kimi yenə də “siz saydığınızı sayın, görün Elxan Məmmədov nə sayır” prinsipindən əl çəkməməsidir.
13 illik fəaliyyəti dövründə Elxan Məmmədov nə ilə yadda qalıb? Bir cümlə ilə sualın cavabını verim. Boş vədlərdən başqa heç bir şeylə. AFFA-nın açıqladığı rəsmi maliyyə hesabatlarına görə, qurum bu illər ərzində 300 milyon manata yaxın vəsait xərcləyib. Digər mənbələr isə məbləğin 500 milyon (yarım milyard) manat olduğunu deyir. Bu qədər vəsait hardan xərclənib? Dövlət büdcəsindən! Nəticə? Nəticəsi odur ki, Azərbaycan futbolu uçuruma gedir… Bu halda AFFA-nın ciddi yoxlaması zərurəti meydana çıxır.
AFFA 13 il ərzində milli komandanı fantastik məbləğlər qarşılığında əcnəbi məşqçilərə həvalə edib. Bu məşqçilərin heç biri Azərbaycan futbolunun inkişaf modelini qura bilməyiblər. Bundan sonra necə olacaq?  Bu sistemlə yaxşı olacağı ağlabatan görünmür… AFFA-nın başında oturanları başa salmaq lazımdır ki, xaricdən gələnlər yalnız pulları düşünür. Roy Kinlədə müqavilə imzalayın və ona da milyonları yedizdirib yola salın.


Kamran Əsədov