cümə axşamı, 22 may 2025

MÜSAHİBƏ

Şahin Diniyev: ''Neqativ bir şeylər düşünmək doğru olmaz''

12.07.2020 12:48 Oxundu 721

AFFA məşqçilər komitəsinin üzvü Şahin Diniyev Cempion.az-a Azərbaycan yığması ilə yaxın zamanlarda müqavilə imzalayacaq italiyalı mütəxəssis Canni de Byazinin təyinatı ilə bağlı açıqlama verib.

54 yaşlı mütəxəssis açıqlamasında bunları deyib: ‘’İndiki məqamda uğurlar arzulamaq lazımdır. Hal-hazırda çətin bir dönəmdəyik. Belə bir vaxtda ən çox məşqçilərdən yox, futbolçulardan nəsə gözləmək doğru olar. Həmişəki kimi içimizdə bir inam olacaq ki, millimiz uğur qazana biləcək. Bunu da düşünmək lazımdır ki, birdən-birə Canni de Byazidən böyük uğurlar gözləmək doğru olmaz. Vəzifəyə yeni gəlib, komanda haqqında məlumat toplamalıdır. Neqativ bir şeylər düşünmək doğru olmaz. Hamımız futbolmuzun hansı vəziyyətdə olduğunu gözəl bilirik. Əsas düşünmək lazımdır ki, çempionatımız vaxtında start götürsün və futbolçular Millətlər Liqası başlamazdan əvvəl öz formalarını bərpa etsinlər. Düşünürəm ki, Canni de Byazi də əlindəki futbolçulardan maksimum yararlanmağa çalışacaq. Futbol mütəxəssisi kimi Byaziə yeni işində uğurlar arzulayıram və inanıram ki, əlindən gələninin ən yaxşısını milli komandamız üçün edəcək’’.