şənbə, 26 iyul 2025

YAZARLAR

De Byazi sehrbaz deyil - YAZI
 

17.07.2020 14:05 Oxundu 2024

Azərbaycan milli komandası üçün Canni De Byazi ilk baxışdan, pis seçim kimi görünmür. Biz onu Albaniya millisi ilə Avropa çempionatına vəsiqə qazandığına görə tanıdıq, elə həmin uğuruna görə də xeyli adam ümidlidir ki, bizi də “ağ günə” çıxara biləcək. Amma düşünmək lazımdır ki, Albaniya millisində oynayan futbolçular bizim yığmanın oyunçularından qat-qat təcrübəlidirlər.
Albaniya millisinin xeyli sayda futbolçusu Almaniya “Bundesliqası”nda, İtaliya “A Seriyası”nda, İspaniya “La Liqa”sında, Fransanın “Liqa 1”-də forma geyinir. O vaxt ‘’Paderborn’’da Klaus, “Napoli”də Eseid Hyusay, “Latsio”da Strakoşa Tomas, SPAL-da Berişa Etrit, “Atalanta”da Djimsiti Berat, “Parma”da Dermaku, “Empoli”də Veseli Frederik, ‘’Barselona’’da Manaj Rey, “Malaqa”da Bare Keidi kimi Alban futbolçuları çıxış edirdi. Bəs bizimkilər harda oynayır? Son illərdə Avropada bizi təmsil edən “Qarabağ”ın ən yaxşı yerli futbolçularından biri olan Mahir Emrelidir ki, onu da xahiş-minnətlə “Beşiktaş”a göndərmək, üzr istəyirəm, sırımaq istəyirik. İsrarla istəmirlər, biz israrla “xahiş edirik, götürün, bir az oynadın” deyirik. 
Yəni Byazi  sehrbaz deyil. Adam Albaniya millisini Avropa çempionatının final mərhələsinə sehrli çubuqla çıxarmamışdı, böyük klublarda forma geyinən, səviyyəsi yüksək olan futbolçularla çıxarmışdı! 
Bizim futbolçular isə göz qabağındadır. Digər ölkələrin 2-ci və 3-cü liqalarında oynayan milliləşdirilmiş futbolçular və yalnız bir peşəkar liqası olan (bizə adı olan I Divizion faktiki olaraq yüksək liqanın əvəzedici komamandalarından ibarətdir)  8 komandalı Azərbaycan çempionatının yetişdirdiyi futbolçular. Bu futbolçularla Avropanın öndə gedən klublarında çıxış edən futbolçuları müqaisə etmək olarmı? 
Milli komandamızın problemi baş məşqçidə deyil, millimizin problemi futbolumuzun problemidir. Nə qədər ki, futbolda inqilabi islahatlar aparıb futbolçu yetişdirmək mexanizmi qurulmayacaq, biz De Byazilərin sehrili çubuğuna ümid edəcəyik. Futbolda isə sehrli çubuqlar olmur. De Byazi də sehrbaz deyil.

Kamran Əsədov