25.07.2020 17:10
1552


Hər dəfə AFFA-da konfrans, iclas olanda özümdən asılı olmayaraq inanıram ki, bizdə də futbol var. AÇ və DÇ-nın seçmə mərhələlərində göstərdiymiz acınacaqlı oyunlarımız da yaddan çıxır. Futbol adına bütün fəlakətlərimizi, faciələrimizi, rüsvayçılıqlarımızı unuduram. Toplantı başa catanda isə AFFA-nın işıqlı konfrans zalından bizə qalan yalnız şux geyinmiş insanların çəkdirdikləri fotolar olur.
Kazbek Tuayev
Futbolçuluq dönəmində qol vurmaq üçün dəridən-qabıqdan çıxan 80 yaşlı bu veteranın futbol funksineri kimi hələ də nə istədiyini başa düşmürəm. O, yenə də AFFA İcraiyyə Komitəsində öz yerini tutub, ciddi-ciddi baxır, susur, səs verir. Keçmiş təcrübəsindən istifadə edib faydalı bir təklif verdiyini eşitməmişik. Hərəkətsizdir, nəticələrə laqeyd yanaşır, hər şey qaydasında gedirmiş kimi kreslosundan qalxmaq barədə düşünmür. Sanki ömrünün sonuna kimi Elxan Məmmədovun idarə etdiyi AFFA-nın İcraiyyə Komitəsinin üzvü kreslosu bunun şəxsi mülküdür. Görəsən, Tuayev özü nə düşünür? Bu günə qədər futbolun dərdinə dərman tapa bilmədiyinin, ya da buna cəhd göstərmədiyinin fərqinə varırmı? Görəsən Tuayev özünün fəaliyyətinə 10 ballıq şkalada necə qiymət verər?
Vaqif Sadıqov
Məşqçi kimi Azərbaycan millisinin “sükanı arxasında” heç bir şeylə yadda qalmayan Sadıqov nə düşünür? “Futbolmuzun inkişafı üçün siz nə etmisiniz?” sualına cavab vermək üçün Sadıqov yəqin ki, söz tapar. Əks təqdirdə arxada qalan illərdə vəzifədən vəzifəyə adlayaraq karyerasının yüksəlməsini nə ilə əsaslandırardı? Biz isə Vaqif Sadıqovun fəaliyyətsizliyindən başqa bir şeyin şahidi olmamışıq. Hələlik futbolda yüksəlişi davam edir. Bu gedişlə dayanana da oxşamır. Bizdə hər zaman belə olub, əksəriyyət vəzifəyə bacarığını ortaya qoymaq üçün yox, şəxsi rifahını yaxşılaşdırmaq üçün can atır. Vaqif Sadıqovun da fəaliyyəti vəzifəsinə nə qədər məsuliyyətlə yanaşmasının göstəricisidir.
Elxan Məmmədov
Daim gülümsəyən bir insandır. Hər qoltuğunda bir vəzifəsi var. Sağda baş katib, solda icraçı vitse-prezident vəzifəsi. Niyə də gülümsəməsin? Azərbaycan milli komandasının səviyyəsi aşağı düşdükcə, seçmə mərhələlərdə topladığı xalların sayı azaldıqca, Məmmədovun vəzifəsi daha da artır. Özü yeni vəzifə yaradır, özü özünü ora təyin edir. Mətbuatda onu tənqid edənləri o da təhdid edir. Onu tənqid edən jurnalistlər milli komandanın səfər oyunlarını canlı izləməkdən məhrum edilir. Sanki Azərbaycanın futbolu Elxan Məmmədova ulu babalarından miras qalıb.Yoxsa bu qədər uğursuzluqdan sonra ondan hesabat tələb edən olardı. Bizdə məmurların bacarıqsızlığı barədə yalnız həmin məmur işdən azad ediləndən sonra danışmaq olur. Elxan Məmmədov da onlardan biridir. Hələ ona bacarıqsız demək olmaz. Çünki kreslosu hələ möhkəmdir. Biz isə Azərbaycan milli komandasının səfər oyunlarını canlı izləməkdən çoxdan məhrum edilmiş adamlarıq. Yazırıq, bacardıqca yazacağıq.
AFFA-nın konfransında iştirak etməklə bizi ümidləndirənlərin siyahısı bunlarla bitmir. Bunlar üzdə olanlardır. Orada elə adamlar var ki, onları nəinki futbol meydançalarında, heç AFFA-nın inzibatı binasında da görməmişik. Özünü görmədiyimiz, yolda rastlaşsaq tanımayacağımız bu adamlardan nə yazaq? Onlar səhvsizdirlər. İşləmirlər ki, səhvləri də olsun.
Beləcə, futbolumuz işləyən fəaliyyətsizlərin və işləməyən “səhv”sizlərin girovudur.
Kamran Əsədov