
46 xalı olan lider "Vardar" lisenziya əldə edə bilmədiyi üçün "Sileks" Çempionlar Liqasında iştirak hüququna yiyələnib.
"Qarabağ" tarixində ilk dəfə bu komandaya qarşı oynayacaq. Makedoniya klubu ev oyunlarını 1 800 azarkeş tutumuna malik "City Stadium Sileks" arenasında keçirir. Komandanın baş məşqçisi 45 yaşlı serbiyalı mütəxəssis Qoran Simovdur. Keşmiş qapıçı 2019-cu ildən komandaya rəhbərlik edir. Klubun prezidenti isə Mite Andonovskidir.
"Sileks" Makedoniya çempionatı yaranandan 2013-cü ilə kimi əsas liqada oynayıb. Daha sonra aşağı liqaya düşən komanda bir il sonra yenidən çempionata vəsiqə əldə edib. "Sileks" 1995/1996, 1996/1997 və 1997/1998 mövsümlərində ölkə çempionu olub. Komanda 6 dəfə gümüş medal əldə edib. 1993/1994 və 1996/1997 mövsümündə ölkə kubokunu qazanan Kratova təmsilçisi 1988/1989 və 1989/1990 mövsümündə Respublika Kubokuna yiyələnib.
Makedoniya təmsilçisi avrokuboklarda o qədər də uğurlu olmayıb. Komanda tarixində 18 dəfə qitə matçlarında iştirak edib və bunların 4-də qələbə qazanıb, 3 heç-heçə və 11 məğlubiyyətlə meydanı tərk edib. Komanda yalnız 1995/1996 mövsümündə Kuboklar Kubokunun I təsnifat mərhələsində Macarıstan təmsilçisi "Vats"la görüşdə mərhələ keçə bilib. Doğma meydanda rəqibini 3:1 hesabı ilə üstələyən "Sileks" səfərdə 1:1 hesablı heç-heçəyə nail olub.
"Sileks"in heyətində "Səbail"in sabiq qapıçısı Daniel Bojinovski də var. O, Bakı klubuna 2019-cu ilin yayında keçib, komanda iki ay sonra - avqustda onunla əməkdaşlığı dayandırıb.
Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 18-19 avqustda keçiriləcək. Pley-offadək bütün mərhələlər bir qarşılaşmadan ibarət olacaq. Əsas vaxt heç-heçə ilə yekunlaşacağı təqdirdə, əlavə vaxt və yenə zərurət yaranarsa, penalti seriyası təyin olunacaq. Qalib komanda Çempionlar Liqasında, məğlub isə Avropa Liqasında II təsnifat mərhələsinə keçəcək (Report).