bazar, 03 avqust 2025

BİZİM FUTBOL

‘’Qarabağ’’ın möhtəşəm startı’’ - YAZI

19.08.2020 13:36 Oxundu 1451

‘’Qarabağ’’ uzun müddətdən sonra növbəti rəsmi oyununu keçirib. Ağdam təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makidoniyanın ‘’Sileks’’ klubu ilə qarşılaşıb. Qurban Qurbanovun komandası oyun təcrübəsinin azlığına baxmayaraq rəqibi bütün komponentlərdə üstələyib. Oyunun gedişində komandalar arasında səviyyə fərqi açaq-aşkar hiss olunurdu. ‘’Qarabağ’’lı futbolçular verilən tapşırıqların öhdəsindən, demək olar ki, bütün 90 dəqiqə ərzində gəlməyi bacardılar. ‘’Qarabağ’’ın yeni transferi Kevin Medinanın Bədəvi Hüseyinovla yaxşı tandem təşkil etdiyini qeyd etmək lazımdır. ‘’Sileks’’in hücumları kəsərli olmadığına görə 27 yaşlı kolumbiyalı müdafiəçinin üzərinə elə də yük düşmədi. Yəqin ki, Kevin Medinanın ‘’Qarabağ’’a nə dərəcədə xeyir verəcəyini qarşıdakı oyunlarda görə biləcəyik. Bu görüşdə diqqət mərkəzində olan oyunçulardan biri də ‘’Qarabağ’’a yeni qoşulan Uroş Matiç idi. Yarımmüdafiə xəttində yer alan futbolçu bəzi epizodlarda top itkisinə yol versə də, ümumilikdə pis təsir baxışlamadı. Bu futbolçunun da Ağdam təmsilçisinə faydalı olması üçün müəyyən zamana ehtiyyacı var. Bu oyunla bağlı diqqət çəkən məsələlərdən biri də qapı xətti ilə bağlı oldu. Qurban Qurbanov milli komandamızın əsas qolkiperi Emil Balayevi ehtiyatda saxlayaraq Şahruddin Məhəmmədəliyevə şans vermişdi. Gənc əlcək sahibi də öz növbəsində baş məşqçinin etimadını doğrultdu. Bütün epizodlarda inamlı çıxışı ilə yaddan qalan Şahruddin 90 dəqiqə ərzində qapsını toxunulmaz saxladı.

48 yaşlı mütəxəssisin qarşıdakı oyunlarda hansı seçimi edəcəyi maraqla gözlənilir.

Əsas problemlərdən biri də oyunun keçirildiyi stadionun ot örtüyünün bərbad vəziyyətdə olması idi . ''Qarabağ'' əvvəllərdə zaman-zaman belə vəziyyətlə üzləşirdi. Arenanın ot örtüyü ingilis mütəxəssis Fil Şarpelsə tapşırılandan sonra hər şey yoluna düşmüşdür. Lakin Fil Şarpels ölkəsinə qayıtdıqdan sonra ot örtüyü yenidən sıradan çıxıb. İnanırıq ki, ot örtüyü ilə bağlı problem qısa zamanda həllini tapacaq. ''Qarabağ''ın daha çox  topla oyuna üstünlük verdiyini nəzərə alsaq, Tofiq Bəhramov adına Respublika stadionunun ideal vəziyyətə gətirilməsi mütləqdir.

KAMRAN ƏSƏDOV