04.09.2020 15:01
539


Premyer Liqa klubları 2020/21 mövsümündə pandemiya səbəbindən 717 milyon dollar itirəcək.
12 sentyabrda başlayacaq İngiltərə Premyer Liqasının iyirmi klubu, koronavirus böhranı səbəbindən 2020/21 mövsümündə 540 milyon funt sterlinq (717,5 milyon dollar) itirəcək. Bu barədə "Cempion.az" “Faynenşl tayms”a istinadən xəbər verir.
İtkilər, digər problemlərlə yanaşı, arenalarda azarkeşlərin olmaması ilə əlaqədardır. Premyer Liqanın əsasnaməsinə uyğun olaraq, azarkeşlər stadionlara yalnız oktyabr ayından etibarən özü də məhdud sayda buraxılacaq. “Brayton” klubunun İcraçı Direktoru Paul Barber bu qərardan gileylənərək deyir: “Bizm biznes-plana görə stadionumuz 98-100% dolu olmalıdır, bu gün isə tribunalar boşdur. Bu bizim üçün əlavə problem yaradır”
Klubların maddi vəziyyətini yaxşılaşdırmaq ümidlərinə daha bir güclü zərbə isə Çinin rəqəmsal yayım şirkəti PPTV tərəfindən vurulub. Belə ki, həmin şirkət aparıcı İngilis klublarının oyunlarını Çin ərazisində yayımlamaq üçün imzalanmış 525 milyon funt sterlinq (təxminən 700 milyon dollar) məbləğində müqavilədən imtina edib.
Müqavilənin ləğv olunduğunu təsdiqləyən Premyer Liqa təmsilçisinin açıqlamasına görə, bu mərhələdə bu hərəkəti şərh etmək niyyətində deyil. PPTV-dən isə bildiriblər ki, pandemiyanın yaratdığı problemlərlə əlaqədar müqavilənin dəyərində dəyşiklik etmək zərurəti yaranıb, lakin tərəflər bununla bağlı razılığa gələ bilmədiyindən əməkdaşlığa son qoymaq məcburiyyətində qalıblar.
“Faynenşl tayms”a görə keçən mövsüm İngiltərə Premyer Liqasının itkisi 850 milyon funt sterlinq (1,1 milyard dollar) təşkil edib.