cümə, 19 aprel 2024

BİZİM FUTBOL

Bir məğlubiyyət, bir qələbə - YAZI

16.09.2020 19:05 Oxundu 1135

Milli komandamız sonuncu dəfə rəsmi qələbəsini 2018-ci ilin noyabrın 17-də, Farer adaları ilə Millətlər Liqasının matçında qazanmışdı. Bu görüşdən sonra milli üç fərqli baş məşqçinin (Qurban Qurbanov, Nikola Yurçeviç və yeni mütəxəssis Canni de Byazi) rəhbərliyi altında keçirilən 12 oyundan 11-də uduzmuş, cəmi bir matçda (Xorvatiya) isə heç-heçə etmişdik. Ona görə də millimizin çox da güclü olmayan Kipr üzərindəki qələbəsi azarkeşlərimizin əksəriyyətində böyük sevincə səbəb olmasını başa düşmək çətin deyil. Canni de Byazi milli komandamız üçün yaxşı seçimdir. Təcrübəli baş məşqçi olmaqla yanaşı gözəl, mehriban bir insan təsiri bağışlayır. Fəaliyyətinə başlamazdan əvvəl azarkeşlərimizə doğma italyancasında deyil, bizim dildə müraciəti, Lüksemburqla qarşılaşmada “Azərbaycan, Azərbaycan” deyib himnimizi oxumağa cəhd etməsi hardan baxsan, insana gözəl hisslər yaşadır. Gəldiyim qənaət budur ki, Byazi həm işi, həm də insanlığı ilə özünü bizə sevdirmək, millimiz ilə bu günə kimi qazanılmayan uğurları qazanmaq istəyir. Yəni peşəsinə, adına hörmət edən bir insan kimi dərdi-azarı təkcə pul deyil, öz işi ilə ölkəmizdə rəğbət qazanmaq istəyir. Amma de Byazi hələ ki, bizim futbolla tam tanış deyil, məlumatı çox azdır. Bu vəziyyətdə isə onu ölkəmizdəki güclü futbolçular ilə tanış etmək lazımdır. Bu işi isə AFFA-da milliyə cavabdeh olan şəxslər və yerli mütəxəssislər doğru məlumatlar verməklə Byaziyə kömək etməlidirlər. Təəssüf ki, italiyalı mütəxəssisin milimizdəki ilk toplanışı zamanı ona lazımı olan dəstəyi görə bilmədik. Yoxsa, heyət üçün futbolçu seçiləndə ora bəzi futbolçuların yerinə yığmada oynamağa layiq olan Ağabala Ramazanov və Vüsal İsgəndərli dəvət olunmalı idi.Bir müddətdir klubsuz qalan Araz Abdullayevin komandaya çağrılması xeyli insanı təəccübləndirdi. Ümid edək, bu, son olar. Çünki məşqçi işinə kənardan müdaxilə olarsa, o zaman həmin komandadan hər hansısa bir uğur gözləmək ağılsızlıq olar. Bizdə isə bunun tam əksini görməmək üçün ‘’kor’’ olmaq lazımdır. Niyə AFFA bu azadlığı Canni de Byaziyə vermir? Bu səbəblər isə bizi düşündürməyə vadar edir ki, hələ də, milli komandaya dəvət olunan bəzi futbolçular kiminsə tapşırığı ilə çaxrılır.


KAMRAN ƏSƏDOV