19.09.2020 11:20
553


"Qarabağ" püşkatmanın nəticəsinə əsasən Avropa Liqasının pley-offunda "Legiya"(Polşa) - "Drita" (Kosova) cütünün qalibi ilə qarşılaşacaq. Rəqibiz kim olacaq? Buna aydınlıq gəlməsi üçün daha bir həftə gözləməli olacağıq. Buna qədər isə bu iki komanda arasında keçirləcək oyunun mümkün nəciləri barədə ehtimallar irəli sürmək olar. "Legiya" böyük Avropa təcrübəsi olan klubdur. "Drita" isə bir o qədər tanınmış kollektiv deyil. Kosova milli səviyyəsində Millətlər Liqası çərçivəsində qarşılaşdığımız oyunlarda millimizə şans verməyib. Buna baxmayaraq, Ağdam təmsilçisi "Drita" ilə qarşılaşarsa, onun qrup mərhələsinə adlamaq imkanı xeyli asan görünür. Amma bu qarşılaşmada varşavalılar daha üstün görünür. Onu da unutmaq olmaz ki, futbolda əvvəlcədən verilən proqnozlar həmişə düz çıxmır. Əgər hər şey ehtimallara uyğun olsa, o zaman "Qarabağ" Polşada "Legiya"nın qonağı olacaq.
"Legiya" - "Qarabağ" cəlbedici afişadır. Hər iki klub çıxış etdikləri çempionatlarda liderlik uğrunda mübarizə aparırlar. Varşava təmsilçisi 14 qat Polşa çempionudur. Klubun zəngin Avrokubok təcrübəsi də var. Avropa arenalarında qarşılaşdıqları nəhəng klublarla həmişə başa-baş mübarizə aparıblar. "Legiya" azarkeşləri Çempionlar Liqasının 1/4 finalında "Bavariya"nı 2:0 hesabı ilə məğlub etdiklərini uzun müddətdir unutmurlar. Əlbəttə ki, bu gün komanda o qədər güclü deyil. Varşavalılar daxili çempionatda keçirdikləri üç oyundan birində məğlub olublar. Hazırda üç turun oynanıldığı ölkə çempionatında varşavalılar altı xalla dördüncüdür.
Ağdam təmsilçisi 2015-ci ildə Antaliyada təlim məşq toplanışı vaxtı polşalılarla yoldaşlıq oyunu keçirib. Həmin oyunda Qurbanovun yetirmələri iki cavabsız qolla qalib gəlmişdir. Amma yaddan çıxarmaq olmaz ki, rəsmi oyunla, yoldaşlıq görüşünün həyəcanı və məsuliyyəti eyni olmur. Rəqibin ev sahibi olması isə onlara bir qədər də üstünlük qazandırır.
"Qarabağ" isə Avrokubok macərasına Çempionlar Liqasında başladı və üçüncü tura qədər uğurla irəlilədi. Burada isə Norveç çempionu "Molde"yə məğlub oldu. İndi isə Avropa Liqasında pley-off mərhələsindən mübarizə qoşulacaq. Püşkün nəticəsinə görə rəqib ehtimal olunan kolektivlərdən ən çətini düşdü. Onsuz da Ağdam təmsilçisinin heyətlə bağlı ciddi problemləri var. Ən azından özündən bir neçə dəfə zəif olan "Molde"yə məğlubiyyət bunu göstərir. Qarşılaşmanın ilk hissəsində Qurbanovun yetirmələri meydanda dominant oyun sərgiləyirdi. İkinci hissədə meydan sahibləri bir qədər zəif görünürdü. Görüşün əlavə vaxta, sonra isə penaltilər seriyasına qədər uzanması "Qarabağ"ın oyunçularını motivasiyadan saldı. Oyunun bu qədər uzanmasına və nəticədə komandanın məğlub olmasına əsas səbəb kimi hücum xəttinin dişsizliyini göstərmək olar. Bəzi epizodlarda, ümumiyyətlə, rəqibin müdafiə xəttini yarmaq mümkün olmurdu. Pley-off oyununa qədər hücum xəttinə ən azı bir səviyyəli legioner hücumçu transfer olunması vacibdir. Əlavə olaraq Qurbanov müdafiə haqqında da düşünməlidir. "Molde"yə qarşı oyunda qapımıza penaltinin təyin olunması müdafiəçilərin səhvinin nəticəsi idi. Ümumilikdə götürdükdə hücum xəttinə bir əncam çəkilsə "Legiya"nı məğlub etmək problem olmayacaq.
Qasım Xuluflu