19.09.2020 21:51
547


Bu gün Azərbaycan Premyer Liqasında 3-cü tura start verilib. İlk oyun Qəbələdə keçirildi. Burada yerli komanda "Keşlə"ni qəbul edib. Qarşılaşmada hesab açılmayıb. Tərəflər hərəyə bir xalla kifayətləniblər. Bu xal "Keşlə"ni vahid liderə çevirsə də, qəsəbə təmsilçiləri zirvədə cəmi 2 saat qala biliblər. Turun və günün ikinci oyununda "Sumqayıt" paytaxtın "Səbail" kollektivinə 2:1 hesabı ilə qalib gələrək liderliyə yiyələnib.
Geridə qalan iki turda meydanı məğlub tərk edən Aftandil Hacıyevin yetirmələri gənclər şəhərinə üç xal üçün gəlmişdilər. Ancaq meydan sahibləri qonaq komandanı heç də isti qarşılamadı. Küləkli Sumqayıt havasında Ayxan Abbasovun komandası meydanda fırtına efekti yaratmışdır. "Sumqayıt"ın gənc oyunçuları tək toxunuşlu ötürmələrlə veteranlardan ibarət "Səbail"in futbolçularının başını gicəlləndirirdi.
Oyuna fəal başlayan "gənclər" artıq 9-cu dəqiqədə Süleyman Əhmədovun vurduğu qolla hesabda önə keçdi. Əks hücumlara bel bağlayan "dənizçilər" 21-ci dəqiqədə Rauf Əliyevlə rəqib qapısına yol tapdı. Bu qoldan sonra da ruhdan düşməyən meydan sahibləri 32-ci dəqiqədə oyun boyunca fəallığı ilə seçilən Əli Qurbanin sayəsində yenidən hesabda irəli keçdi. İlk hissənin sonlarına yaxın fəallaşan Hacıyevin komandası 42-ci dəqiqədə Kadriu ilə qola yaxınlaşdı. Ancaq futbolçunun zərbəsi qapı dirəyindən geri qayıtdı. Müdafiəçilər təkrar zərbəyə imkan vermədilər. İlk hissə elə bu hesabla da bitdi.
Fasilədən sonra "Sumqayıt" öz oyununa sadiq qalaraq tək toxunuşlu ötürmələrlə rəqib müdafiəni yarmağa davam edirdi. Lakin bəzi epizodlarda futbolçuların ustalıq səviyyəsi, bəzi epizodlarda isə bəxtsizlik daha bir neçə qol vurmağa imkan vermədi.
Hər iki komandanın heyətində yaxşı oyunu ilə fərqlənən futbolçular oldu. Belə oyunçular "Sumqayıt"da rəqibdən çox idi. Xüsusi olaraq Xaçayev, Rəhim Sadıqov, ikinci qolun müəllifi Əli Qurbani yoldaşlarından üstün oyun sərgilədilər. Rəhim Sadıqov müdafiə və hücum arasında çox yaxşı vasitəçilik edirdi. Komanda yoldaşlarının zərbə mövqeyinə çıxmasında böyük rol oynayırdı. Bu futbolçu milli üçün xeyirli oyunçulardan biri ola bilər. "Səbail"in heyətində isə Kadriu hərəkətliliyi ilə seçilirdi.
Simulyasiya
Qarşılaşmada tərəflər hərəyə bir dəfə penalti qazanmağa cəhd etdi. Lakin oyunun hakimi hər iki simulyasiyanı gördü. Hər iki oyunçu sarı vərəqə ilə cəzalandırıldı.
Gözdən qaçmadı
*Ayxan Abbasov gənc futbolçulardan ibarət çalışqan kollektiv formalaşdırıb.
*"Sumqayıt" bu günkü oyununu qarşıdakı turlarda da sərgiləyə bilsə ilk üçlüyə iddia edə bilər.
* Azarkeşsiz stadionda kənarda yüksək səslə deyilən nalayiq sözlər televizor önündə oyunu izləyən azarkeşlərə heç də xoş gəlmir.
Qasım Xuluflu