cümə, 08 avqust 2025

BİZİM FUTBOL

Aftandil Hacıyev: "Səbail" yaşayarsa, gənclərlə təcrübəlilərin vəhdətindən komanda quracağıq"

19.09.2020 22:47 Oxundu 453

"İlk yarıda baxımlı və sürətli oyun oldu. Matçın çox hissəsi maraqlı keçdi. Birinci hissədə buraxdığımız səhvlər nəticəyə öz təsirini göstərdi. Rəqib haqda isə yalnız xoş sözlər deyə bilərəm. Hər bir komandaya çətinlik törədən klubdur". 
Bu fikirləri Sumqayıt səfərindən məğlubiyyətlə qayıdan "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib.

39 yaşlı mütəxəssis bildirib ki, kifayət qədər qol epizodu yaxalayıblar. Hacıyev komandanı hələ tam komplektləşdirmədiklərini və bəzi futbolçuların hazır olmadıqlarını əlavə edib. O, gənc futbolçuların gələcəkdə daha yaxşı formaya düşəcəklərinə inam ifadə edib. 

Çıxdıqları hər üç oyunda məğlub olmalarına da toxunan baş məşqçi hələ çempionat öncəsi çətinliklə üzləşəcəklərini bildiklərini söyləyib: "Əlbəttə, bizi nəticə razı sala bilməz. Amma hansı komanda ilə yola çıxdığımızın fərqində idik. "Səbail" yaşayarsa, gənclərlə təcrübəlilərin vəhdətindən komanda quracağıq. Hazırda komandanın gələcəyi üçün təhlükə yoxdur. Amma çox yüksək səviyyəli klublarımızın dağıldığını nəzərə alaraq, bunu deyirəm". 

Aftandil Hacıyevin sözlərinə görə, Hendrik Ekşteyin komandadan ayrıldığı üçün peşman olduğunu bildirib. O, gələn həftə ərzində afrikalı legionerlə bağlı qəti qərarını verəcəyini əlavə edib.