cümə, 19 aprel 2024

BİZİM FUTBOL

Rəşad Sadıqov: "Şanslarımızdan yararlana bilmədik" 

20.09.2020 20:42 Oxundu 375

"Zirə" - "Sabah" oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov qarşılaşma haqqında fikirlərini bölüşüb.

"Hakim idarəçiliyindən çox da narazı qaldığımı deyə bilmərəm. Oyunun içində emosiyalar olur. Yaxşı olardı ki, mübahisəli epizodlarla bağlı icmala baxandan sonra fikir bildirək". 

38 yaşlı mütəxəssis bildirib ki, qarşılaşmada bəzi səhvlər etdilər: "Futbol səhv oyunudur. Kim daha çox səhv edəcəksə, qarşı tərəf qələbə qazanacaq. Rəqib bunlardan daha çox istifadə etdi. Öz səhvimizdən birinci qolu buraxdıq. Hücumlarımız alınırdı, amma bizi əks-hücumda yaxaladılar. Məğlubiyyətlər qaçılmazdır. Bu gün uduzduq, bu, yenə baş verə bilər. Əsas odur ki, düzgün nəticə çıxarmağa çalışaq".

Gənc baş məşqçi mövsümdə ilk dəfə məğlub olduqları matçdan əvvəl hücumda dəyişiklik etmək istədiklərini vurğulayıb: “100 faizlik şanslardan yararlana bilmədik. Hiss edirdik ki, Davit Volkovu hücuma keçirəndə qol imkanları daha çox olacaq, belə də oldu. Bir neçə dəfə şansımız yarandı. Amma yararlana bilmədik". 

Sadıqov zədəli olan Ağabala Ramazanovun artıq məşqlərə başladığını, qarşıdakı tura deyil, ondan sonrakı tura hazır olacağını deyib.