cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

“Legiya”nın baş məşqçisi: “Amma ümid edək ki, hər şey yaxşı olacaq

25.09.2020 11:09 Oxundu 399





"Lazım olanı etdik və növbəti mərhələyə vəsiqə qazandıq. Hərdən istədiyimiz kimi oynayırdıq. Amma elə məqamlar da oldu ki, onların üzərində işləməliyik". 

“CEMPİON.AZ” xəbər erir ki, bunu Polşanın "Legiya" komandasının baş məşqçisi Çeslav Mixneviç Kosovo "Drita"sına 2:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının III təsnifat mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib. 50 yaşlı mütəxəssis bildirib ki, bu görüşə hazırlıq üçün vaxtları az olub. O, pley-off mərhələsində "Qarabağ"la keçirəcəkləri görüşədək daha çox çalışmalı olduqlarını vurğulayıb: "Qol vəziyyətləri yarada bilsək də, sayları az oldu. Mənə oyun dinamikası və quruculuğunda, həmçinin top itirdikdən sonra daha çox hərəkətlilik lazımdır. Qarşılaşmanı 3 kamera ilə çəkmişik, ona görə də analiz üçün materialımız var. Bu görüşün hərtərəfli incələyəcəyik".

Mixneviç pley-off mərhələsində "Qarabağ"la keçirəcəkləri oyunun hazırlıqlarına sentyabrın 26-dan başlayacaqlarını söyləyib. O, Azərbaycan təmsilçisi barədə hazır materialın bazar günü əllərində olacağını vurğulayıb: "Avropa Liqasının qrup mərhələsi uğrunda mübarizə imkanı qazanmaq üçün çalışacağıq".  

Polşa Futbol İttifaqı Avropa Liqasının pley-off mərhələsinə yüksəlmiş "Legiya" və "Lex" komandalarının həftəsonu ölkə çempionatında müvafiq olaraq, "Şlyonsk" və "Poqon" komandalarına qarşı keçirəcəkləri oyunları təxirə salıb. Bu addım avrokubok matçlarına daha yaxşı hazırlaşmaq üçün atılıb. Mixneviç qərardan yalnız "Drita" ilə oyunun ardından xəbər tutduğunu bildirib: "Güman edirdim ki, bu gün bir heyətlə oynayacaq və "Şlyonsk"la matçda çoxlu dəyişiklik edəcəyik. Çempionat oyunumuzun təxirə salındığını avrokubok oyunumuzdan əvvəl bilmirdim, yalnız indi xəbər tutdum. Sözsüz ki, "Qarabağ"la matçadək vaxtımız olacaq və bu müddətdən maksimum yararlanmaq istəyirik. Nəticə ya bütün yanlışlıqlarımızın aradan qalxdığını, ya da nəyinsə səhv olduğunu göstərəcək. Amma ümid edək ki, hər şey yaxşı olacaq".

Qarşıdakı həftə üçün dəqiq plana malik olduqlarını deyən baş məşqçi paralel çalışdığı Polşanın U-21 yığmasına namizəd futbolçulara ümid etməyəcəyini diqqətə çatdırıb. O, gənclərdən gələcəkdə yararlanmaq niyyətini ifadə edib.   

Qeyd edək ki, "Legiya" - "Qarabağ" matçı oktyabrın 1-də Varşavada keçiriləcək. Qalib komanda Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.