cümə, 08 avqust 2025

DİGƏR NÖVLƏR

Basketbol üzrə Avroliqa başlayır

01.10.2020 19:20 Oxundu 911


Bu gün basketbol üzrə Avroliqada yeni mövsüm start götürür.

“CEMPİON.AZ” xəbər verir ki, 10 ölkədən 18 komandanın iştirak edəcəyi yarışda basketbol həvəskarları bir-birindən maraqlı mübarizənin şahidi olacaqlar.

İlk turun açılış matçında isə ötən mövsüm çempionatda lider olan “Anadolu Efes” İstanbulda “Zenit”i qəbul edəcək. Günün ən maraqla gözlənilən qarşılaşmasında isə “Barselona” ilə SSKA üz-üzə gələcək.

“Barselona” klubunun yeni baş məşqçisi Şarunas Yasikyaviçyus yeni mövsüm öncəsi favoritlərdən danışarkən SSKA-nı daha şanslı görüb: “Basketbol koronavirus pandemiyasından sonra yeni həyata öyrəşməlidir. Artıq cəmiyyət bu çətinliyi adlayıb. Heyətlə bağlı müəyyən problemlərlə üzləşsək də, meydana çıxmalıyıq. Avroliqada bu mövsüm tam fərqli şəraitdə keçəcək. Bununla barışmalıyıq. Hansısa bir ölkədə pandemiya ilə bağlı acınacaqlı vəziyyət yaranıbsa, onu təmsil edən komandanı cəzalandırmaq lazım deyil. Favoritlərə gəlincə, məncə, son çempion SSKA yenə də əsas söz sahibi olacaq. Ötən mövsümü lider kimi keçirən “Anadolu Efes”i də unutmaq olmaz. Daha sonra “Real” və “Milan”ın adını çəkə bilərəm”.