cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

Stadionlarda tər tökən ordu

02.10.2020 23:01 Oxundu 1334

Ötən gün avrokuboklarda yeganə təmsilçimiz olan "Qarabağ" Polşada "Legiya"nın qonağı olub. Avropa Liqası pley-off mərhələsi çərçivəsində keçirilən matçda ağdamlılar böyük hesablı qələbə qazanıblar (0:3). Cəbhədəki uğurlu əks-hücum  əməliyyatı komandanın həm yerli, həm də legioner futbolçularını qələbəyə iki qat ruhlandırmışdı. Baş məşqçi və futbolçuların oyun öncəsi açıqlamalarından da görünürdü ki, "Qarabağ" Varşavaya  yalnız futbol oynamağa deyil, həm də “döyüşməyə” gedir. Çox şükür ki, Qurbanov və yetirmələri bu "döyüşdən" üzü ağ, alnı açıq çıxdı. "Köhlən atlar" bu qələbədən sonra ardıcıl 7-ci dəfə avrokuboklarda ölkəmizi təmsil edəcəklər və Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha dünyaya car çəkəcəklər. "Qarabağ" yalnız futbol klubu deyil, həm də 20 faiz ərazisi işğalda olan xalqın təsəlli yeri, ilham mənbəyidir. Bu klub tək Azərbaycanın zəbt olunmuş hissəsini təmsil edən komanda deyil, həm də doğma yurdundan məcburən ayrı düşən insanların qəlbində alovlanan oddur.

Qarşılaşma Polşada Bakı vaxtı ilə 22:00 da başladı. Həmin vaxt Azərbaycan əsgəri səngərdə düşmənin mövqelərini darmadağın edirdi. "Qarabağ"ın oyuna çıxdığı stadionun adı da komandamızın mövqeyinə uyğun idi, "Ordu". Çünki, "Qarabağ" özü də bir ordudur, Azərbaycan üçün stadionlarda tər tökən ordu. Bu ordu bizim sülhsevərlik rəmzimizdir. Ancaq neyləmək olar ki, düşmən tər tökən yox, qan tökən ordumuzla qarşılaşmaq istədi... İkinci dünya müharibəsi vaxtı faşistlərin işğal edib dağıtdıqları, amma sonradan polyakların mübarizəsi nəticəsində azad edilən Varşavada "Qarabağ" qələbə çaldı. İndi növbə bizdədir, Azərbaycan türkündə . Biz isə qorxaq və mənfur düşmənimiz olan erməni faşistləri üzərində qələbə qazanıb dağıdılmış şəhərlərimizi azad edib, bərpa edəcəyik. Vaxt gələcək Ağdamın "Qarabağ" klubu "İmarət" də Avropanın nəhəng klubları ilə qarşılaşacaq. Qarabağı təmsil edən yeni klublar yaradılacaq və biz futbol azarkeşləri olaraq səbirsizliklə Qarabağ derbilərini gözləyəcəyik...

Qasım Xuluflu