şənbə, 09 avqust 2025

BİZİM FUTBOL

U-21 millimizin futbolçusu koronavirusa yoluxdu

06.10.2020 15:53 Oxundu 434



21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Fərid Nəbiyev Avropa çempionatının seçmə oyunlarına hazırlaşan komandanın toplanışında iştirak edə bilməyəcək.


“CEMPİON.AZ” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, səbəb Çexiyanın “Viktoriya Jijkov” klubunda çıxış edən yarımmüdafiəçinin koronavirusa yoluxmasıdır. Nəbiyevdən klubun düşərgəsində götürülmüş COVID-19 testi müsbət çıxıb. Bu səbəbdən, gənc oyunçu Çexiyadan Slovakiyaya yollanmayıb.

Nəbiyev milli komandaya bu gün Slovakiyada qoşulmalı idi.

Azərbaycanlı futbolçu ilə yanaşı "Viktoriya Jijkov" klubunun fiziki hazırlıq üzrə məşqçisi Karel Frid və adı açıqlanmayan daha bir futbolçuda da infeksiya aşkarlanıb. Bu barədə yerli "expres.cz" saytına açıqlamasında K.Fridin özü məlumat verib. O bildirib ki, əvvəlcə bir nəfərin testi müsbət çıxıb: "Şənbə günü növbəti dəfə bizdən analiz götürdülər və daha 2 nəfərin yoluxduğu məlum oldu. Halbuki, klubda hər gün dezinfeksiya işləri aparılır. Bütün təlimatlara əməl olunur. Toplar, stadion, otaqlar dezinfeksiya edilir".

Dad və qoxu bilmə hissini itirdiyini söyləyən Frid oktyabrın 13-dək karantində qalacaqlarını söyləyib.

Qeyd edək ki, U-21 millisi Slovakiya ilə oktyabrın 8-də Nitra şəhərində görüşməlidir. Oktyabrın 13-də isə yığma Qori şəhərində Gürcüstanın qonağı olacaq.