
“Millətlər Liqasının ilk iki turunda - Kipr və Lüksemburqa qarşı səfər oyunlardına altı xal qazandıq. Mübarizəyə yaxşı bir başlanğıc etmək və maksimum performans göstərmək olduqca vacibdir. Ancaq əldə edilənlərdən razı qalmamalıyıq, çünki sonrakı dövrdə bizi daha böyük sınaqlar gözləyir”.
“CEMPİON.AZ” xəbər verir ki, bu sözləri Monteneqro millisinin üzvü Aleksandar Bolyeviç Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunda yığmamızla keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
Belçikanın “Standart” klubunun yarımmüdafiəçisi millimizlə oyuna da qələbə üçün çıxacaqlarını bildirib: “Növbəti rəqibimiz Azərbaycan olacaq. Tamamilə sabahkı oyuna köklənmişik və məqsədimiz aydındır. Evdə oynayırıq, özümüzə və keyfiyyətimizə güvənirik. Buna görə də meydana növbəti 3 xal üçün çıxacağıq. Ümid edirəm ki, sabah daha yaxşı çıxış edəcəyik”.
Qeyd edək ki, sabah Podqoritsa şəhərindəki "Qradski" stadionunda keçiriləcək Monteneqro - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.