
“1997/1998 mövsümünü Gəncənin "Kəpəz" klubunda keçirdim. 22 oyunda 20 qol vurub Azərbaycan çempionatının bombardiri və ölkə çempionu oldum. Eyni mövsüm komanda ölkə kubokunu da qazandı. Final da 1 qol vurdum”.
“CEMPİON.AZ” xəbər verir ki, bu sözləri millimizin sabiq futbolçusu Badri Kvaratsxeliya Gürcüstan mətbuatına müsahibəsində deyib.
O bildirib ki, "Kəpəz"ə həmin vaxt ölkəsinin "Merani" klubunda çıxış etmiş qapıçı Qubaz Dolidzenin tövsiyəsi ilə keçib: "Sonra 5 mövsüm "Şəmkir"də oynadım. 3 dəfə Azərbaycan çempionu, 2 dəfə kubokun finalçısı, bir dəfə isə çempionatın bombardiri oldum. "Şəmkir"in heyətində 110 oyun keçirdim və 51 qol vurdum. Azərbaycan çempionatları tarixində 3 dəfə het-trik etdim. Həmçinin 2000-ci ildə Çempionlar Liqasının təsnifat mərhələsinin "Skonto" ilə matçda üç qol vurdum".
55 yaşlı veteran hücumçu Azərbaycan millisinə çağırılması barədə də danışıb: "Bir vaxtlar Gürcüstanın gənclər üzrə milli komandalarında oynamaq şansım var idi, bununla fəxr edirəm. Ölkənin əsas milli komandasına gəldikdə, 1990-ci illərdə orada güclü rəqabət var idi. Bilirdim ki, məni Gürcüstanın əsas millisinə çağırmayacaqlar.1998-ci ildə Azərbaycan milli komandasında oynamaq təklifi aldım. Amma 33 yaşım olduğu üçün əvvəlcə qəbul etməkdən çəkindim. 1999-cu ilin sonunda məni növbəti dəfə yığmaya dəvət etdilər. Həmin vaxt 34 yaşım var idi. Bu dəfə isə risk etdim və millidə 3 oyun keçirdim. Bunlar DÇ-2006-nın seçmə mərhələsinin İsveç və Makedoniya ilə matçları, həmçinin Gürcüstanla yoldaşlıq görüşü idi. Daha iki görüşdə isə ehtiyatda qaldım. Karyeramın sonlarında Birləşmiş Ərəb Əmirliklərinin "Dubay" klubundan sərfəli təklif alsam da, məni ora buraxmadılar. Futbolda belə hallar da olur. Bundan sonra "Şəmkir"də oynamağa davam etdim və 39 yaşımda karyeramı bitirdim".
Badri Kvaratsxeliya Tbilisiyə qayıtdıqdan sonra məşqçiliyə başladığını xatırladıb: "Azərbaycan və Gürcüstanda müxtəlif klublarda çalışdım. 2019-cu ilin yazında ürək əməliyyatından sonra məşqçilik karyeramı başa vurmalı oldum".