
"Qurban Qurbanov çox yaxşı insandır. Mənim də çox sevdiyim iş tərzi var".
“CEMPİON.AZ” xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Kevin Medina "Planeta Futbol" nəşrinə açıqlamasında deyib.
Kolumbiyalı müdafiəçi komandanın baş məşqçisi Qurban Qurbanov haqqında danışarkən 48 yaşlı çalışdırıcı haqda mübət fikirlər bildirib. O, "Qarabağ"ın oyun tərzini də çox bəyəndiyini qeyd edib:
“Qurban Qurbanovun rəhbərliyi altında yeni şeylər öyrəndim. Futbolçulara aşıladığı inam bizim üçün böyük qazancdır. Məşqçinin yaratdığı sərbəstliyi və rahatlığı çox yüksək qiymətləndirirəm. "Qarabağ"ın oyunu İspan üslubuna yaxındır, topla çox oynamağı sevirik. Portuqaliya futbolu isə daha çox taktika və fiziki hazırlığa əsaslanır".
Gələcək karyerasından da söz açan Medina hələlik ölkəsinə qayıtmaq barədə düşünmədiyini söyləyib: "Karyeramı Avropada davam etdirəcəyimə inanıram. Çünki Çempionlar Liqası və Avropa Liqasında oynamaq fürsəti məni daha çox cəlb edir".
Qeyd edək ki, Kevin Medina "Qarabağ"a bu yay Portuqaliyanın "Şaveş" klubundan keçib.