09.11.2020 16:35
466


Bakının “İnter” (hazırkı “Keşlə”) klubunun keçmiş prezidenti Georgi Nikolov Azərbaycan Ordusunun Şuşa şəhərini erməni işğalından azad etməsinə münasibət bildirib.
“CEMPİON.AZ” xəbər verir ki, bununla bağlı öz Feysbuk səhifəsində paylaşım edən bolqarıstanlı funksioner qeyd edib ki, Şuşanın azad edilməsi Azərbaycan xalqının sarsılmaz inam və iradəsinin qələbəsidir:
"2009-cu ilin yaz gününü yaxşı xatırlayıram. Mənim "İnter"im Ağdamın Quzanlı qəsəbəsində "Qarabağ"la mövsümün ən vacib oyunlarından birini keçirirdi. Etiraf edim ki, AFFA-nın həmin gözlənilməz qərarına uzun müddət qarşı çıxdım. Sonra yüksək vəzifəli dövlət məmuru olan dostum zəng vurub məsləhət verdi ki, artıq tullanma, sakit ol! Bildirdi ki, Quzanlıdakı qarşılaşma son dərəcə əhəmiyyətli dövlət tədbiridir. Burada idman ikinci dərəcəlidir.
Və oyun baş tutdu. Təmas xəttindən bir neçə kilometr məsafədə! Əslində idman nəticələrinin heç bir əhəmiyyəti yox idi. Çünki Azərbaycanın qələbələri 2009-cu ilin həmin günü tamamilə zərərsiz futbol hadisəsi ilə başladı.
Xalq, ölkə, hakimiyyət göstərdi ki, birmənalı olaraq işğal və haqsızlıqla heç vaxt barışmayacaq. Buna görə də dünən qədim paytaxt Şuşanın azad edilməsi sizin sarsılmaz inam və iradənizin qələbəsidir, mənim dostlarım. Əminəm ki, tam qələbə qazananadək dayanmayacaqsınız!"
Xatırladaq ki, Georgi Nikolov 2006 - 2015-ci illərdə "İnter" klubunun prezidenti olub.