bazar ertəsi, 18 avqust 2025

BİZİM FUTBOL

“Xal qazanmağa çalışacağıq” - Qara Qarayev

02.12.2020 17:12 Oxundu 525

 “Sabah yaxşı komandaya qarşı oynayacağıq. “Makkabi” güclü müdafiə olunan və qol vurmağı bacaran komandadır”.

“CEMPİON.AZ” xəbər verir ki, bunu “Qarabağ”ın vitse-kapitanı Qara Qarayev Avropa Liqasının qrup mərhələsində İsrailin “Makkabi” (Təl-Əviv) klubuna qarşı keçiriləcək oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Qarayev bildirib ki, “Makkabi”yə qarşı diqqətli oynamaq vacibdir: “Son vaxtlar bütün oyunlarda meydana itkilərlə çıxmışıq. Sabahkı matç öncəsi daha çox itkilərimiz var. Buna baxmayaraq, azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik. Xal qazanmağa çalışacağıq. Bu qədər problem olsa da, son ev oyunundan xalla ayrılmaq istəyirik”.

Orta sahə oyunçusu son iki qarşılaşmada mərkəz müdafiəçisi mövqeyində çıxış etməsinə də münasibət bildirib: “Sonuncu müdafiəçi kimi oynamaq daha çox vərdişlə bağlıdır. Uzun müddətdir ki, bu mövqedə çıxış etmirəm. Öz mövqeyimlə az-çox bənzərliyi var. Təbii ki, mənim üçün bir az çətindir. Amma heyətdəki problemlərə görə bu addım atılıb. Yenə də əlimdən gələni edəcəyəm ki, boşluğu hiss etdirməyim”.

Qeyd edək ki, dekabrın 3-də İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” görüşü Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.