şənbə, 05 oktyabr 2024

Yazarlar

QVAMİ MƏHƏBBƏTOĞLU

"Qız ki, kəkil çıxardı..."

04.09.2017 17:04

Çox hörmətli AFFA rəsmiləri! Belə bir yazı ilə oyununuza girdiyimə görə bəri başdan Sizdən dönə-dönə istəyirəm. Elə bu üzrxahlığıma görə oyundan sonra hakimlərinizin mənə qırmızı vərəqə göstərməyəcəyinə əminəm. Bu əminliklə də yazımı davam edirəm.

Belə bir atalar sözümüz var: "Qurbanı biz elədik, amma yağış Qaradağa yağdı". Bəli, Norveç-Azərbaycan oyunu məmləkətimizdə keçirilən Qurban bayramına - gününə təsadüf etdi. Mənə elə gəlir ki, həmin gün futbol azarkeşlərimiz qurban kəsərkən bu oyun barədə də düşündülər və təbii ki, Xudadan arzularını dilədilər. Lakin, müqayisə qüsurlu olsa da, üzümüz gülmədi. Qazanan rəqib oldu.

Bəli, sizə də məlum olduğu kimi millimiz yenə uduzdu. Bununla da bu oyuna qədər ardıcıl üç məğlubiyyət alan Robert Prosineçkinin yetirmələri uğursuzluq zolağından çıxa bilməyərək seriyanı 4-ə çatdırdı. "Başımız sağ olsun", - deyib keçirəm əsas mətləbə... Yəni bu tarixi uğursuzluqlara görə mən nə komandamızın baş məşqçisini, nə də "filan qədər pul alırlar, oynamaqlarına bax" və yaxud "Hətta son oyunlarında bir künc zərbəsi qazana bilmədilər", - deyib millimizin üzvlərini ittiham etmək istəmirəm. Onsuz da sosila şəbəkələrdə onlara kifayət qədər döşəyiblər. Bəs kimdir günahkar?

A kişilər, millimizin enişinin tarixinə baxın. Bu eniş nə vaxtdan başladı? Prosineçkinin adının dünyanın bir neçə klubu ilə futbolun bütün hallarında hallanmağa başlayan andan. Bəli, bəli, məhz elə o vaxtdan. Xüsusilə Türkiyə superliqasında yarışan “Bursaspor”la bağlı bollu-bəhərli söhbətlərdən sonra Prosineçki tam boşaldı: hətta Premyer liqada keçirilən oyunlara belə könülsüz yanaşdı, öz axtarışlarından əl çəkdi. Nəticədə əvvəlki Prosineçkidən əsər-əlamət qalmadı. Bir gözü digər klublarda olan əcnəbi məşqçinin verdiyi açıqlamalarından da açıq-aydın görünürdü ki, o, yükünü tutduğu Azərbaycan millisindən üzüsulu getmək istəyir. Amma Siz - AFFA-nın rəsmiləri ondan əl çəkmədiniz: dördəllə ondan yapışdınız. Şəxsən mən onun hərəkətlərindən bunu açıq-aydın sezdim. Bu yerdə yadıma "Böyük dayaq"dakı Rüstəm kişinin qızı haqqında dediyi bir kəlamı yadıma düşdü: "Qız ki, kəkil çıxardı, ver getsin". Gərək Siz də Prosineçki "kəkil" çıxaranda onu başınızdan edəydiniz (Bayaq ərz etdiyim ki, çünki artıq əvvəlki Prosineçki ola bilmədi). Amma Siz bunu etmədiniz... Bu da nəticəsi... Bu mənada Siz bu kimi uğursuzluqlarımızın baş memarı oldunuz...

Çox hörmətli AFFA nümayəndələri, bilirəm ki, mənim bu sözlərimi qulaqardına vuracaqsınız. Eybi yox, mən bunu heç özümə dərd də eləmirəm. Amma Sizdən bir şey xahiş edirəm. Heç olmasa hərdən atalar sözlərimizi yadınıza salın. Məsələn, atalarımız deyirlər ki, "könülsüz işin axırı olmaz", necə ki olmadı. Bir də deyiblər ki, "könülsüz hürən it sürüyə qurd gətirər", necə ki gətirdi. Barı, heç olmasa o kişilərin dediklərinə hörmətlə yanaşın da... Ən azı mənim kimi...

Oxundu: 5812