cümə, 29 mart 2024

Yazarlar

ÜRFAN MƏMMƏDLİ

"Arsenal"ın qalmaqalı və Mxitaryan

30.05.2019 16:02

UEFA Avropa Liqasının finalçıları bəlli olduqdan sonra iştirakçılardan biri - "Arsenal" Bakı finalını qaralamaq yolu tutdu. Gah komandaya verilən biletlərin sayının az olmasını, gah da Mxitaryanın məsələsini qabardaraq futbolətrafı olaylara daha çox önəm veməyə başladı.
Ayrılan bilet kvotasına uyğun sayda "Arsenal" azarkeşinin oyunda iştirak edib-etmədiyi barədə əlimizdə dəqiq fakt yoxdur. Amma Mxitaryan məsələsinin tamamilə əsassız səs-küy yaratmaq məqsədi güddüyünü sübut edə bilərik.
Hər şeydən əvvəl , hər kəsə məlumdur ki, Mxitaryan nə Messidir, nə Ronaldo. O heç Buskets də deyil. Doğrudur, bu  futbolçu Avropa səviyyəli oyunçudur. Amma komandanın onsuz oyunu alınmadığını demək  gülüş doğura bilər. Yəqin əksəriyyət mənimlə razılaşar ki,  "Arsenal" elə Mxitaryansız da "Arsenal"dır.  Hətta "Arsenal"ın rəhbərliyi də, fanatları da bilirlər ki, Mxitaryan Avropa Liqasının finalında aparıcı fiqur ola bilməz.
Faktlara müraciət edək.

Mxitaryanın Premyer Liqa göstəriciləri
İngiltərə Premyer Liqasının 2018-2019-cu il mövsümü başa catıb. Mövsümdə 38 tur oynanılıb. Mxitaryan cəmi  25 oyunda iştirak edib və 6 qol vurub. 19 oyunda start heyətində meydana çıxıb və bunun 8-də əvəzlənib. Mxitaryan cəmi  11 oyunda  əvəzlənmədən 90 dəqiqə oynayıb. Futbolçu bu mövsümdə "Arsenal"ın heyətində 1644 dəqiqə oynayıb. Bu göstərici ilə o, komanda yoldaşları arasında 13-cü yeri tutur.  İndi özünüz fikirləşin, belə bir futbolçunun final oyununda oynaması "Çelsi" kimi bir komandanı lərzəyə salardımı?

Mxitaryanın Avroliqa göstəriciləri
"Arsenal" Avroliqanın fnalına qədər 14 oyun keçirib. Mxitaryan 11 oyunda meydana çıxıb və bu oyunların 5-də əvəzlənmədən oynayıb. Cəmi 670 dəqiqə meydanda olub, qol vurmayıb, 3 qol ötürməsi verib. Bu cür göstərici ilə futbolçu final heyətində özünə yer təmin edə bilərmi? Bəlkə də Mxitaryan heyətə düşməsinin sual altında olduğunu hesablayaraq Bakıya gəlməkdən imtina edib.

Futbol və siyasət
"Arsenal" klubu və ona züy tutanlar idmanın siyasətlə qarışdırmağın doğru olmadığını irəli çəkərək Mxitaryanın Bakıya gələ bilməməsini şouya çevirməyə cəhd etdilər. Bəlkə məqsədlərinə də nail oldular: futbolçular Bakıda məşqə üstündə Mxitaryan yazılmış formalarla çıxmaq istədilər, "Arsenal"ın əcnəbi  fanatları Bakı küçələrində Mxitaryan maykaları ilə gəzdilər.  
Bizim Xarici İşlər Nazirliyinin bu işdə tutduğu mövqeyi də düzgün hesab etmək olmaz. Doğrudur, nazirliyimiz idmanla siyasəti qarışdırmamaq  siyasətini əsas tutaraq Mxitaryanın təhlükəsizliyinə təminat verdilər. Bəlkə də bununla erməni sevərlərin planlarını pozdular. Amma Azərbaycanın ərazisinə dövlətin icazəsi olmadan gələn və pozuculuqla məşğul olan bir adamın ölkəyə gəlməsinə icazə verməklə öz prinsiplərinin  və beynəlxalq qanunların əleyhinə getdilər.
Bizdə olan məlumata görə, Mxitaryan dəfələrlə Azərbaycan ərazisinə keçərək separatizmi alovlandırmaq cəhdlərinə baş vurub, Qarabağdakı separatçı quruma  maddi dəstək verib. Bizim dövlətimiz bu cür adamları, adətən,  arzuolunmaz şəxs elan edərək onların ölkəyə gəlişinə qadağa qoyur. Əgər vaxtında Mxitaryan barədə də analoji qərar verilsəydi, bu gün heç kim onun Bakıya buraxılmasını tələb edə bilməzdi.
Əgər futbolla siyasəti qarışdırmamaq şərti irəli sürülürsə, onda öncə bu, futbolçuya şamil edilməməlidir. Futbolçu siyasətlə məşğul olmamalıdır. Komandası, klubu futbolçunun siyasi məsələlərə girişməsinə qadağa qoymalıdır. Futbolçu siyasətə girişirsə, bilməlidir ki, siyasətin xoş olmayan qanunları ilə qarşılaşa bilər.
Əgər biz vaxtında Mxitaryanı arzuolunmaz şəxs elan edib, bu barədə bütün beynəlxalq qurumlara məlumat versəydik, onda klublar siyasətlə məşğul olan futbolçunun transfer edərkən bu transferin onlara hansı çətinlikləri yarada biləciyini barədə düşünərdilər və bugünkü hay-küyə yer qalmazdı.
Artıq Avroliqanın Bakı finalı arxada qalıb. Amma futbol davam edir. Bizim komandalarımız Avropa miqyaslı turnirlərdə iştirak edirlər. Deməli, Mxitaryanların Bakıya gəlmək şansları hələ də qalır. Odur ki, gec də olsa, dövlət öz siyasi qərarını verməliir, Mxitaryan arzuolunmaz səxs ("persona non-qrata") elan edilməli və birdəfəlik bu məsləyə son qoyulmalıdır

Oxundu: 722