şənbə, 10 may 2025

Yazarlar

ÜRFAN MƏMMƏDLİ

Xorvatlar üçün Azərbaycan tramplini

27.11.2019 15:56
Milliyyətcə xorvat olan Nikola Yurçeviçin bu ilin fevral ayında milli komandanın baş məşqçisi vəzifəsinə təyin olunmasını əksəriyyət təəccüblə qarşıladı. Çünki buna qədər  Yurçeviçin dəyərli məşqçi olduğunu təsdiq edən uğurları olmamışdı. Karyerası boyunca daha çox köməkçi məşqçi funksiyasını yerinə yetirən mütəxəssisin birdən-birə Avropa çempionatının final mərhələsinə vəsiqə almaq iddiasında olan yığmaya rəhbər təyin olunması, əlbəttə ki, suallar doğurmağa başladı. Amma bu sualların cavabını adi bir jurnalist araşdırması ilə tapmaq elə də asan deyildi. Jurnalist həmkarlarım “Niyə Yurçeviç” sualı qarşısında  baş sındırmaqda olduğu bir vaxtda AFFA-nın baş katibi Elxan Məmmədov ortaya çıxıb bütün tərəddüdlərə aydınlıq gətirdi. Aradan 10 ay keçəndən sonra baş katibin cavabını olduğu kimi xatırlaya bilməsəm də, məğzi yadımdadır: “Bir neçə namizəd var idi. Biz araşdırdıq və Yurçeviçin üstündə dayandıq. Düşünürük ki, əsasən köməkçi məşqçi funksiyasını yerinə yetirən mütəxəssislər özlərini göstərmək üçün dəridən-qabıqdan çıxırlar. Belə məşqçilər üçün Azərbaycan millisi kimi komandalar tramplin rolunu oynayır”.

Bəlkə də, o vaxt Elxan Məmmədov son sözləri ilə bizdən sonra Yurçeviçin üstündə dava düşəcəyini izah etmək istəyib. İndi Avropa çempionatının seçmə mərhələsi başa catıb. 8 oyunda 1 xal toplayan Azərbaycan millisinin çalışdırıcısına təkliflərin yağıb-yağmadığını deyə bilmərəm. Yurçeviçin Azərbaycan tramplinindən hara tullana biləcəyini də deməkdə çətinlik çəkirəm. Gərək biz jurnalistlər, o vaxtkı kimi, israrla Elxan Məmmədova bir sual ünvanlayaq: “Cənab Məmmədov, Azərbaycan tramplini işləyirmi?” Bu sualı mənə versəydilər, “işləmir” deyərdim. Amma Elxan Məmmədovun mənim kimi düşündüyünü zənn etmirəm. Əgər baş katib mənimlə həmfikir olsaydı, “Sabah” komandasının rəhbərliyinə zəng edib deyərdi ki, Jelko Sopiçi hansı nəticələrinə görə komandaya gətirirsiniz?

Bilirəm, indi hamı bir ağızdan deyəcək ki, Elxan Məmmədov “Sabah”a hansı səlahiyyəti ilə belə bir söz deyə bilər, axı, “Sabah” müstəqil komandadır, baş məşqçi postuna kimi gətirmək onun müstəsna səlahiyyətidir.
Doğrudur, mən də elə düşünürəm. Amma “Sabah”ın da milliyyətcə xorvat olan, indiyə qədər əsasən koməkçi məşqçi kimi işləyən birinə üz tutması məni şübhələndirir. Yəni “Sabah” da Elxan Məmmədovun açdığı cığırla gedir. Baş katibin qazancı isə göz qabağındadır. Ona görə deyirəm ki, gərək Elxan müəllim öz başına gələnləri “Sabah”ın rəhbərliyinə xatırladaydı.

Bilirəm ki, Elxan Məmmədov baş məşqçi məsələsəndə “Sabah”a heç bir məsləhət, göstəriş verməyib. Çünki bu, onun vəzifə səlahiyyətlərinə daxil deyil. Bəs müstəqil klub olan “Sabah” Jelko Sopiçiin nəyinə vurulub? Axı onun uğurları, heç uzağa getməyək, bizim Ağasəlim Mircavadovun uğurlarının yanında heç nədir.

Bəlkə onlar da Sopiçi tramplin üçün gətiriblər?

Tramplin işləyir ki? İşləmirsə, Sopiç nə edəcək? Bəlkə işləyir? Tərəddüddəyəm.

Kaş Elxan Məmmədov yenidən ortaya çıxıb bu tərəddüdlərə əncam çəkəydi.

Oxundu: 1367