AFFA milli komandaya barmaqarası baxır
Futbol üzrə milli komandamız xeyli vaxtdır başsız qalıb. Yeni baş məşqçi axtaraşının nə vaxt tamamlanacağı bəlli deyil. Amma milli komandada “islahatlar” gedir. Kimsə göndərilir, kimsə milliləşdirilir, heyət yığılır.
Bunu kim edir? Milli komandanın sabahkı nəticəsi üçün kim cavabdeh olacaq?
İndi də heyəti komplektləşdirirlər - Sezar Meza Kollini milli komandaya gətirmək istəyirlər. Milliləşdirmə bütün ölkələrdə qəbul olunmuş qaydadır. Buna sözümüz yoxdur. Amma kimi, niyə və necə suallarına cavab vermək lazımdır.
Əvvəlcə “kimi” sualına cavab axtaraq.
Meza Kolli qardaşları futbolumuzda 2013-cü ildə peyda oldular. Böyük qardaş Derlis daha yaxşı oyun sərgiləyirdi. Amma Azərbaycana gələn legionerlər arasında öndə gedənlərdən deyildi. Sezar isə hətta əsas heyətə düşməyə də çətinlik çəkirdi. O vaxtkı “İnter”in heyətində 2013-2015-ci illlərdə Derlis 56, Sezar isə 25 oyun keçirmişdi. O illərdə Azərbaycan çempionatı indikindən daha səviyyəli idi. Qardaşlar burdakı rəqabətə davam gətirməyib ölkəni tərk etdilər. Amma getdikləri yerdə də ümidləri doğrultmayıb yenidən Azərbayacana qayıtdılar. Bu dəfə “Neftçi”də oynayan Derlis komandanın tələblərinə cavab verə bilmədi və getmək məcburiyyətində qaldı. Sezar isə ikinci dəfə bəxtini yenə “İnter”də (indiki “Keşlə”də) sınamaq qərarına gəldi. Bu transferdə “ Keşlə”nin oyunçu qıtlığından əziyyət çəkməsi də önəmli rol oynadı. Lakin indi nə “Keşlə” əvvəlki gücündə idi, nə də çempionat əvvəlki səviyyəsində. Belə zəifləmiş komandada və çempionatda Sezar liderə çevrilə bildi. İnsafla desək, indi Sezar “Keşlə”nin lideridir. Amma Azərbaycan futbolunun liderləri – “Qarabağ” və “Neftçi” ilə oyunlarda Sezar heç nə ilə yadda qala bilmir. Elə isə o niyə milliləşdirilməlidir?
Sezarı milli komandada görmək istəyənlər Avropadakı rəqiblərimizin səviyyəsini bilmirlər? Milli komandamız Avropa və dünya çempionatlarının seçmə oyunlarında “Səbail”, “Qəbələ” və sair kimi komandalarla qarşılaşacaqlar? Axı, Sezar Meza Kolli yalnız bu səviyyədəki komandalara qarşı oyunda “böyük” görünür. Azərbaycan çempionatında “Qarabağ” və “Neftçi” kimi komandalara qarşı oyunlarda “mən də varam” deyə bilməyən oyunçu, sabah Avropanın heç güclü komandalarını demirəm, ortabab komandaları ilə oyunda hansı möcüzəni göstərə bilər? Çempionatımzda Sezardan səviyyəli legionerlər çıxış edir. Əgər gündəmə Zubir, Dabo, Kintana, Dario və sair kimi futbolçuların milliləşdirilməsi gətirilsəydi, bəlkə də, bu məsələni sükutla qarşılamaq olardı. Amma Sezar Meza Kolli? Niyə sualını verməyə bilmirsən.
Yuxarıda qeyd etdim ki, milliləşdirmə bütün dünyada qəbul olunmuş qaydadır. Bəs bu necə olur?
Adətən, komandanı komplekləşdirməyə cavabdeh olan baş məşqçi ona lazım olan yerli futbolçu tapa bilməyndə ölkə çempionatında çıxış edən əcnəbi futbolçuya diqqət yetirir, lazımı futbolçunu gözaltı edir və federasiya rəhbərliyindən həmin futbolçunu milliləşdirməyi xahiş edir.
İndi bizdə milli komandanın oyunu üçün cavabeh olan baş məşqşi yoxdur. Baş məşqçi yoxdursa, komandanı kim komplektləşdirir? Əgər AFFA-da milli komandanı komplektləşdirmək bacarığı və gələcək nəticələr üçün məsuliyyət daşımaq cəsarəti olan mütəxəssis varsa, onda niyə baş məşqçi axtarışına çıxırlar. Elə komandanı ona həvalə etsinlər, hər şey öz həllini tapsın.
Baş məşqçi olmadan komandanı komplektləşdirmək cəhdi:
- Gələcək baş məşqçiyə hörmətsizlikdir.
- Gələcək baş məşqçinin formal fiqur olduğunun təsdiqidir.
- Milli komandaya baramaqrası baxmaq deməkdir.
Bu günkü müşahidələrimiz göstərir ki, AFFA milli komandaya barmaqarası baxır.
Oxundu: 527