bazar ertəsi, 21 yanvar 2019

Yazarlar

ÜRFAN MƏMMƏDLİ

BATE və "Qarabağ"

16.08.2018 19:06

"Qarabağ"ın BATE-yə uduzmasını həzm edə bilmirik. Meydançada olanları gördük. Hər iki oyunda Belarus futbolçuları hesabı açıb onu qorumağa çalışdılar. Zənnimcə, BATE "Qarabağ"la oyunda öz potensialından tam istifadə etmədi. Bunu ona meydançadakı şərait diktə etdi. Bakıda onlara ən azı bir qol vurmaq lazım idi. Bunu bacardılar və hədəflrinə ulaşdıqlarından potensiallarını açmağa ehtiyac duymadılar. Borisovda da eyni ssenari təkrarlandı. "Qarabağ" bütün gücünü ortaya qoyub heç-heçəyə nail oldu, bundan artığına gücü çatmadı, ya da bundan artlğına rəqib imkan vermədi. "Qarabağ" Barisovda daha yaxşı oynadı. Hətta məqsədinə də çox yaxınlaşdı. Bəzi epizodlarda futbolçularımızın zərbələrində dəqiqlik çatsaydı, yəqin ki, meydançada başqa BATE, başqa futbol görəcəkdik. Bakıdakı görüşün ilk 20 dəqiqəsində BATE-nin göstərdiyi oyun bunu deməyə əsas verir. 180 dəqiqəlik mübarizənin ilk 20 dəqiqəsini nəzərə almasaq, BATE-nin sönük bir oyunla mərhələni adladığını deyə bilərik. Bəs BATE-nin sönük oynamasını onun zəif bir komanda olması ilə əsaslandırmaq olarmı? Məncə, yox. Belə oyunlarda əsas nəticədir, BATE də nəticə qazanmaq üçün qurduğu plan əsasında oynadı. Elə "Qarabağ" da bundan əvvəlki mərhələləri sönük oyunlarla keçmişdi. Lyüblayanada "Olimpiya" üzərində qələbə qazanılsa da bütün oyun boyu yerli komandanın üstünlüyü var idi. Bakıda isə bərabər səviyyəli oyunda hesab açılmadı. "Kukesi" ilə Albaniyadakı oyun da gözoxşayan olmadı. Amma hər iki mərhələdə nəticə "Qarabağ"ın xeyrinə oldu. Çünki bu tipli oyunlarda gözəl futboldan çox, müsbət nəticə önəmlidir. BATE də bu prinsipi əsas tutub bizim "Qarabağ"ımızı üstələdi. Bunlar meydançada baş verənlərdir.

Bəs meydançadan kənarda?

"Qarabağ" da, BATE da postsovet məkanının komandalarıdır. BATE-yə Belarusun "Qarabağ"ı da demək olar. Həm Azərbaycan, həm də Belarus müstəqillik qazandıqdan sonra futbolunu inkişaf etdirməyə başlayıb. Bizim futbolumuzda müstəqilliyin ilk illərindən 2003-cü ilə qədər "futbola kim rəhbərlik etməlidir" çəkişməsi gedirdi. (Fuad Musayevlə AFFA-nın indiki nəslinin sələfləri arasında gedən "müharibəni" xatırlayın). Belarusda isə o vaxtlar super komadalar formalaşdırmanın yolları axtarılırdı. Və Belarus BATE-nin simasında öz super komandasını formalaşdırdı və həmin komanda bu günə qədər Çempionlar Liqasının qrup mərhələsinə 5 dəfə düşməyi bacardı.

Belarus ərazicə bizdən çox böyük olsa da, əhalisinin sayına görə elə bizimlə müqayisə oluna bilər. Onlar əhali sayına görə hətta bizdən bir az geri qalırlar. Bizdə 9,9 milyon, onlarda 9,5 milyon. Sayımız təxminən eynidir. Eyni əhali sayı ilə bizim Premyer-Liqada 8 komanda, Belarusun Güclülər dəstəsində isə 16 komanda iştirak edir. Bizim liqada "Qarabağ"la rəqabət aparacaq komanda yoxdur, onlarda isə BATE-ni daban-dabana izləyən daha 3 komanda var. Bu o deməkdir ki, Avropa macərası bitdikdən sonra "Qarabağ" yeriyə-yeryə çempion olacaq (hərçənd Ağanəzərlərin barmaqlarının gücü ilə başqa cür də ola bilər), BATE isə çempion olmaq üçün çempionatın sonuna qədər tər tökəcək.

"Qarabağ" 8 komadalı çempionatda çempion olmaq üçün cəmi 22 futbolçu sifariş edib (PFL-in rəsmi saytının məlumatıdır). Onlardan 12-si legioner, 10-u isə yerli futbolçudur.

BATE isə 16 komandalı çempionatda iştirak ərizəsinə 25 futbolçunun adını salıb. Bunlardan yalnız 6 nəfəri legioner, qalan 19 nəfər isə yerli futbolçudur.

Belarusun Birinci Liqasında 15 müstəqil komanda iştirak edir və onların ilk beşi arasında birincilik uğrunda amansız mübarizə gedir. Birinci yeri tutan komanda növbəti ildə yüksək liqada çıxış edəcək. Ötən çempionatın yekunlarına görə "Luç" və "Smoleviçi STI" komandaları yüksək liqaya çıxıb, yüksək liqada sonuncu yerləri tutan "Slaviya" və "Naftan" komandaları isə aşağı liqaya yuvarlanıblar.

Azərbaycanın Birinci Divizionunda isə Premyer Liqanın 7 komandasının əvəzedici heyətləri ilə oynamağa yer tapmayan 7 komandanı hibritləşdiriblər və burada birincilik uğruna mübarizə getmir. Çünki bizdə birinci yeri tutan komanda yüksək liqaya buraxılmır.

Son oyunda "Qarabağ"ın start heyətində meydançaya 6 əcnəbi futbolçu çıxmışdısa, oyun başa çatanda onların sayı (Emiqaranın meydandan qovulmasını nəzərə almasaq) 7-yə yüksəlmişdi.

BATE isə oyuna 2 əcnəbi futbolçu ilə başlamış, onu bir əcnəbi ilə başa çatdırmışdı.

Azərbaycan çempionatında iştirak edən 8 komandadan yalnız ikisi ("Qəbələ" və "Sumqayıt" komandaları) Bakının xaricində yerləşir.

Belarus çempiontındakı 16 komandadan 3-ü paytaxt Minski, səhv etmirəmsə 3-ü Minsk vilayətini, qalan 10-u isə əyalətləri təmsil edir.

Bunlar quru faktlardır. Yəqin ki, bir qədər işgüzar araşdırma ilə belə faktların sayını artırmaq da olar. Ümumi mənzərəni təsəvvür etmək üçün, məncə elə bunlar da kifayətdir.

"Qarabağ" və BATE məhz yuxarıda sadaladığım mənzərələrin fonunda bugünkü mövqelərinə çatıblar.

Gəlin vicdanımızın hüzurunda bir suala cavab axtaraq: Bu komandaların qarşılaşmasınadan kim qalib ayrılmalı idi - "Qarabağ" yoxsa BATE?

Oxundu: 495