cümə axşamı, 18 aprel 2024

Yazarlar

ÜRFAN MƏMMƏDLİ

Futbol ölkəsi olmaq üçün

20.09.2018 19:21

Futbol qayğıya möhtac olan idman növüdür, qayğı göstərərsən inkişaf edər, göstərməzsən, "Azərbaycan futbol ölkəsi deyil" kimi bəhanə uydurmaq məcburiyyətindəsən.

Birbaşa mətləbə keçirəm.

Bizdə futbolun inkişafına cavabdeh olanlar futbola barmaqarası baxırlar, buna məcburdurlar.

Bizdə futbolun inkişafına cavabdeh olanlar futbolun 11 adam və bir topdan ibarət olduğunu düşünürlər. Çünkü futbolun dərinliyini düşünməyə vaxtları olmayıb və bu gün də yoxdur.

Bizdə futbolun inkişafına cavabdeh olanlar futbolun Premyer Liqadan (!) ibarət olduğunu düşünürlər. Çünkü Premyer Liqa futbolun ən üzdə olan, görünən hissəsidir, onu keçirməklə işlədiklərini göstərməyə məcburdurlar.

Bizdə futbolun inkişafına cavabdeh olanlar futbol adamları olmadıqlarına görə "Azərbaycan futbol ölkəsi deyil" kimi ifadə icad etməyə məcbur olmuşuq. Gəlin futbolun inkişafına cavabdeh olan əsas fiqurların futbola bağlılığını göstərən faktlara müraciət edək:

 

AFFA-nın prezidenti Rövnəq Abdullayev

İxtisasca mühəndisdir. Əmək fəaliyyətinə mühəndis kimi başlayıb. Heç vaxt mühəndisliyi futbola dəyışməyib. Hazırda isə:

- Azərbaycan iqtisadiyyatının 70-80 faizini çiynində daşıyan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidentidir.

- Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvüdür.

- Azərbaycan-Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.

- Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvüdür.

- Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvüdür.

- Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvüdür.

- Azərbaycan Cüdo Federasiyasının prezidentidir.

Bu qədər vəzifəsi olan adamın futbolla məşğul olmağa vaxtı çatarmı?


 

AFFA-nın vitse-prezidenti Rauf Əliyev

- İxtisasca mühəndisdir. Orta məktəb illərində futbol oynayıb-oynamadığı məlum deyil. Orta məktəbi bitirdiyi ildə ali məktəbə qəbul olunub. 22 yaşından öz ixtisası üzrə işləməyə başlayıb. Sonralar rəsmi dövlət qulluğuna keçib. Rəsmi vəzifəsini heç vaxt futbola dəyişməyib. Hazırda isə:

- Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədr müavinindir.

- Azərbaycan – Bolqarstan parlamentlərarası əlaqələr üzrə işçi qurupunun rəhbəridir.

- Azərbaycan – Fransa parlamentlərarası əlaqələr üzrə işçi qurupunun üzvüdür.

-Azərbaycan – Koreya parlamentlərarası əlaqələr üzrə işçi qurupunun üzvüdür.

- Azərbaycan – Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qurupunun üzvüdür.

- Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvüdür.

- MDB–nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayyəndə heyətinin üzvüdür.

- MDB Parlamentlərarası Assambleyasının “Mədəniyyət, İnformasiya, Turizim və idman üzrə” daimi komissiyasının üzvüdür.

- Uşaq-Gənclər Futbol Federasiyasının prezidentidir.

- Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvüdür.

Bu qədər vəzifəsi olan adamın futbolla məşğul olmağa vaxtı çatarmı?


 

AFFA-nın vitse-prezidenti Elşad Nəsirov

- İxtisasca diplomatdır. 1981-97-ci illərdə öz ixtisası üzrə Əfqanıstanda, Hindistanda, Nyu-Yorkda (BMT-də) və XİN-də işləyib. 1997-ci ildən Dövlət Neft Şirkətində mühüm vəzifələrdə çalışıb. Hazırda isə

həmin şirkətdə vitse-prezidentdir.

Rus, ingilis, fars, hind dillərini bilir. İntellektual səviyyəsinə şübhə yoxdur. Amma vəzifəsini heç vaxt futbola dəyişməyib.

Onu AFFA-nın inzibati binasında yalnız konfransdan konfransa görmək olur. Bu təbiidir. Çünki ARDNŞ kimi bir şirkətin vitse-prezidentinin, çətin ki, başını qaşımağa vaxtı olsun.

Belədirsə, bu adam futbolla nə vaxt məşğul olur?


 

AFFA-nın baş katibi Elxan Məmmədov

Baş katib olana qədər futbolla heç bir əlaqəsi olmayıb. 2007-ci ildə əsas işini atıb, sırf futbolla məşğul olmağa başlayıb. Mətbuatın böyük bir hissəsi Elxan Məmmədovu da futbol adamı saymır. Amma həm təhsilinə, həm də təcrübəsinə görə baş katibə "futbol adamı deyil" demək insafsızlıq olardı. Ən azı son 11 ildə qazandığı təcrübə ilə futbol adamına çevrilib. Deyilənə görə, həftəlik rejimində futbol oynamaq da var. Onun gəlişindən sonra futbol sahəsində xeyli islahatlar olub, uşaq futboluna canlanma gəlib. Amma istənilən nəticə qazanılmayıb. Çünki operativ qərarlar vermək üçün əsas rəhbərlər bir yerə toplanmalıdır ki, bu da çox müşkül məsələdir.

Elxan Məmmədovun bəzi "islahatları" isə futbolda neqativ nəticələrə səbəb olub. Onun "islahatları" sayəsində (Müşahidə Şuralarının yaranması) klubların müstəqilliyinə xeyli xələl gəlib, idman prinsipləri arxa plana atılıb. (Lisenziyalaşma bəhanə edilərək "dikbaş" komandaların yüksək liqaya buraxılmaması).

Digər rəhbərlər işə çıxmadıqlarına görə Elxan Məmmədov hazırda AFFA-nı təkbaşına idarə edir. Belə idarəçilik ya diktaturaya gətirir, ya da inhisarçılığa. Diktatura və ya inhisarçılıq olan yerdə isə inkişafdan danışmaq yersizdir.

Bu 4 nəfər Azərbaycan futbolunun əsas simalarıdır. Göründüyü kimi, onlardan 3-nün futbolla bağlılığı qənaətbəxş deyil, biri isə diktaturaya meyllidir.


 

Azərbaycan futbol ölkəsi deyil?

"Azərbaycan futbol ölkəsi deyil". Bu ifadə indi bütün uğursuzluqları ört-basdır etmək üçün ən populyar çıxış yoludur. Həqiqətən də, əgər Azərbaycan futbol ölkəsi deyilsə, onda başqa mübahisələrə, diskussiyalara ehtiyac yoxdur, bu, bütün sualların cavabıdır.

"Azərbaycan futbol ölkəsi deyil" ifadəsi ilə razılaşmayanlar da var. Mən razılaşmayanlardanam.

Futbol torpağa, iqlimə bağlı bitki deyil ki, hansısa ölkədə yetişməsin. Necə olur ki, az qala ilin 12 ayını qar altında qalan, cəmi 327 min əhalisi olan İslandiyada futbol oynaya bilirlər, bizdə yox?

Futbolu fiziki cəhətdən sağlam adamlar oynayır. Bizdə belə adamlar kifayət qədərdir. Sadəcə bu cür adamlara uşaq yaşlarından futbol vərdişlərini aşılamaq, onları peşəkar səviyyəyə gələnə qədər nəzarətdə saxlamaq və itib-batmasının qarşısını almaq lazımdır.

Futbol komanda idman növüdür, onunla kütləvi, ölkənin hər yerində məşğul olmalısan ki, ölkə də futbol ölkəsi olsun.

Futbolu ancaq Bakıda oynayanda, əlbəttə, ölkənin digər yerləri futboldan uzaq qalacaq. Axı ölkə təkcə Bakıdan ibarət deyil.

Bu deyilənləri həyata keçirmək üçün isə futbolun inkişafına cavabdeh olan şəxslər, bütün digər işlərini bir kənara qoyub futbolla məşğul olmalıdırlar.

Bir də futbolla futbolu sevən adamlar məşğul olmalıdır.

Futbol adamı olmadıqlarına görə, Rövnəq Abdullayev, Rauf Əliyev, Elşad Nəsirov, diktatura və ya inhisarçılığa meyilli olduğuna görə Elxan Məmmədov futboldan imtina etməli, ya da kənarlaşdırılmalıdırlar. Bu adamlar hazırkı mövqelərində qaldıqca, Azərbaycan futbol ölkəsi olmayacaq.
Amma...

Azərbaycan futbol ölkəsi ola bilər, yetər ki, futbolu sevəsən, ona qayğı göstərəsən, onun dərinliyinə varasan, onu inkişaf etdirməyə çalışasan.

 

Oxundu: 1460