cümə, 26 aprel 2024

Yazarlar

ÜRFAN MƏMMƏDLİ

Rauf Cabbarovun şübhəli qərarı

26.11.2018 17:59

Topaz Premyer Liqasının XII turunun "Səbail" - "Neftçi" oyununda hakim Rauf Cabbarovun meydan sahiblərinin qapısına təyin etdiyi 11 metrlik zərbə birmənalı qarşılanmayıb. "Səbail"in futbolçuları hakimlə müdahisəyə girişsələr də bunun faydası olmayıb. Oyunun 52-ci dəqiqəsində təyin olunan bu penaltiyə qədər hesab 1:0 "Neftçi"nin xeyrinə idi. Flaqmanın kapitnı bu zərbəni dəqiq yerinə yetirərək komandasının hesabda üstünlüyün daha da möhkəmlətdi. Oyunun son 15-20 dəqiqəsində "Səbail" hücumlarının sayını artırsa da, oyunda dönüş yarada bilmədi.

"Neftçi"nin kapitanı Emin Mahmudov mətbuata verdiyi açıqlamada penaltinin oyunun nəticəsinə təsiri olmadığını iddia edib. Amma bütün hallarda əgər hakimin qərarı səhv olubsa və bunun nəticəsində qol vurulubsa, deməli, bu səhv oyunun nəticəsinə təsir etmiş olur. Mahmudovun iddia etdiyi kimi, əgər penaltiyə qədər meydan sahibləri qol vəziyyəti yarada bilməyibsə, bu o demək deyil ki, ondan sonra yaratmayacaqlar. Əgər oyunun son 10-12i dəqiqəsində hesab minumum olsaydı, meydan sahiblərinin daha istəkli olmayacaqlarını, bir xalı son dəqiqəyədək xilas etmək uğrunda mübarizə aparmayacaqlarını kim iddia edə bilərdi? Amma 2:0-lıq hesab artıq məğlubiyyətlə barışmağı diqtə edirdi.

Bəs hakimin penalti qərarı doğru idimi? Bu suala birmənalı cavab vermək çətindir. Məsələ burasındadır ki, müdafiəçinin əllə oynadığını təkrar videogörüntülər də təsdiqləmir. Daha doğrusu, videogörüntülərin keyfiyyəti aşağı olduğundan futbolçunun əllə oynayıb-oynamadığını müəyyən etmək mümkün olmur. Hakim Rauf Cabbarov Topaz Premyer liqasında oyun idarə edən ən təcrübəli hakimlərdən biridir. Adətən, cevikliyi və cəsarətli qərarları ilə fərqlənən bu hakimin bu dəfə oyuna hazırlıqsız çıxdığı açıq-aydın hiss olunurdu.

Penalti elə bir qərardır ki, 100 faiz əmin olmadıqda bu qərar verilməməlidir. Epizodda müdafiəçinin aşkar əllə oynadığı da, qapıya ciddi bir təhlükə olduğu da görünmür. Bəs onda müdafiəçi niyə əllə oynamalı idi? Zənnimizcə, həmin epizodda top ələ dəymiş olsaydı belə, penalti təyin olunmamalı idi. Çünki topun ələ dəyməsi hələ qayda pozuntusu demək deyil. Bəs Rauf Cabbarov niyə belə mübahisəli qərarı verdi? Suala yəqin ki, hakim özü cavab verə bilər. Oyunun hakim-inspektoru Rauf Cabbarova hansı qiyməti verib? Bu da bizə bəlli deyil. Növbəti oyunlarda hakimin təyinat alıb-almaması bəzi suallara aydınlıq gətirəcək.

Bir şeyi unutmamaq lazımdır ki, hakim qərarlarını bir anın içində verir. Biz isə həmin qərarın doğru olub-olmadığını videogörüntülərə baxaraq veririk. Təəssüf ki, çempionatın yayım hüququna sahib olan "CBC-sport" kanalı keçən illərdən fərqli olaraq, bu il yayımın keyfiyyətini xeyli aşağı salıb. Hətta canlı efir zamanı belə, yayımda naşılıq hiss olunur. TV kanalın "Səbail"-"Neftçi" oyununu neçə kamera ilə çəkdiyini bilmirik. Bilidiyimiz odur ki, penaltı epizodunu bizə yalnlız bir prizmadan göstərə bildilər, o da çox aşağı səviyyədə. Əslində oyunların keçirilməsinə məsul olan PFL yayımın səviyyəsinin yüksəldilməsini "CBC-sport"dan tələb etməlidir. Təəssüf ki, futbola indi çoxları, hətta bu işə məsul olanlar belə, barmaqarası baxır.

Oyunda mübahisəli bir penalti qərarın verilməsi təkcə mətbuatı deyıl, həm də futbola cavabdeh olanları narahat etməlidir. Amma bunun əksini müşahidə edirik. Şübhəli qərarın müzakirəsi yalnız mətbuatda gedir. Niyə?

Oxundu: 1103