PFL-ə sual: Jarjue cəzasını harda çəkdi?
15.04.2019 16:41
Azərbaycan futbolu paradokslarla doludur. Cari mövsümün ərəfəsində Premyer Liqada əvəzedici komandaların çempionatı ləğv olundu. Futbolçular işsiz qalmasın deyə əvəzedicilərə klubun ikinci komandası statusunu verib onların Birinci Dvizionda oynamasını təmin etdilər. Yəni Premyer Liqa klubları ("Qəbələ" istisna olmaqla) özlərinin B (və ya ikinci) komandalarını yaratmaq məcburyyətində qaldılar.İndi Premyer Liqa klublarının B komandaları (əvəzedici deyil- red.) başqa bir peşəkar liqada oynayırlar. Paradoks ondadır ki, Premyer Liqa klubları başqa bir peşəkar liqada oynayan tamam başqa peşəkar bir komandanı özünün əvəzedici heyəti sayır.
Məsələ burasındadır ki, neçə illərdir Birinci Dvizionda mövsümü qalib kimi başa vuran komanda Premyer Liqaya buraxlmır. Səbəb də komandanın Premyer Liqa lisenziyasının tələblərinə cavab verə bilməməsi sayılır.
İndi belə çıxır ki, Premyer Liqa klublarından hər hansı birinin ikinci komandası Birinci Dvizionda qalib gəlsə, Premyer Liqada oynaya bilər. Çünki onların əsas komandalarının lisenziyası var. Onda da ortaya sual çıxacaq: Bir peşəkar liqada bir təsisçinin iki komandası oynaya bilərmi? Bu sualı PFL-ə ünvanlamıram. Çünki suala istədikləri kimi cavab verib, istədikləri kimi də əsaslandıracaqlar. FİFA və UEFA isə birmənalı şəkildə bu sualı mənfi cavablandırır.
PFL-ə ünvanlayacağım sual isə başqadır.
Ötən tur ərəfəsində "Səbail"in baş məşqçisi Aftandil Hacıyev komandanın müdafəçisi Jarjue Maudonu heyətdən kənarlaşdırdı. Daha doğrusu, Jarjue başqa bir peşəkar liqaya - Birinci Dviziona göndərildi. O da Birinci Dvizionda aprelin 5-də keçirilən 21-ci turda - "Zaqatala"-"Səbail-2" oyununda ikincinin heyətində meydana çıxdı və ikinci sarı vərəqədən sonra qırmızı kart alaraq meydandan qovuldu. Buna görə AFFA-nın İntizam Komitəsi (İK) futbolçunu növbəti turda meydana çıxmaqdan məhrum etdi. İK bu qərarı aprelin 9-da vermişdi.
"Səbail"in baş məşqçisi isə əsas komandada işlərin yaxşı getmədiyini görüb ("Sabah"a 1:3-lük məğlubiyyətdən sonra) dərhal Jarjueni Premyer Liqaya qaytardı və futbolçu İK qərarından sonra keçirilən ilk turda -"Neftçi" ilə oyunda 90 dəqiqə meydançada oldu.
Mətbuatın yazdığına görə, Jarjue "Sabah"-"Səbail" oyununun ertəsi günü baş məşqi Aftandil Hacıyevə yaxınlaşıb və günahını bağışlamasını istəyib. Baş məşqçi yaşını və üzrxahlığını nəzərə alaraq futbolçunu bağışlayıb. Futbolçu aprelin 9-dan yenidən Premyer Liqaya qayıdıb.
Birinci Dvizionda "Səbail-2" 22-ci turun oyununu aprelin 12-də keçirib. Aprelin 9-da Premyer Liqaya qayıdan Jarjue aprelin 12-də Birinci Dvizionda, şübhəsiz ki, oynaya bilməzdi. Çünki artıq başqa peşəkar liqada - Premyer Liqada çıxış edirdi.
Həm Premyer Liqa,həm də Birinci Dvizion yarışları PFL-in bayrağı altında keçirilr.
Elə isə PFL-ə sual: Jarjue cəzasını harada çəkdi? Ümumiyyətlə, çəkdimi? Çəkəcəkmi?
Cavabı elə verin ki, futbolumuzda növbəti paradoksun yaranması barədə növbəti yazı yazmaq barədə düşünməyək.
Oxundu: 749