cümə, 29 avqust 2025

BİZİM FUTBOL

Rəşad Sadıqov: “Hər iki komanda mübarizə apardı”

02.02.2021 21:58 Oxundu 480

 
“İlk dəqiqələrdən oyun gərgin keçdi. Hər iki komanda mübarizə apardı”.

“CEMPİON.AZ” xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Neftçi” ilə ilk oyunundan sonra mətbuat konfransında deyib.

O, komandasının səfərdə 1:0 hesabı ilə qalib gəldiyi görüşü belə şərh edib: “Dinamik oyun alındı. Qarşıda bizi daha bir 90 dəqiqə gözləyir. Hesab bizə üstünlük yaratmır, rahatlaşmaq olmaz. Bu, yolverilməzdir. İlk hissənin sonundan rəqib daha irəli atıldı. Hər iki komandanın oyunu təqdirəlayiq idi. İnanmadan nəticə qazanmaq çətindir. İnam hər zaman hər şeyi həll etmir. Rəqibin də oyunu çox önəmlidir. Samir Abasovun gəlişi ilə "Neftçi"də yüksəliş var. Futbolçular kimə qarşı oynadıqlarını dərk edirdilər. İlk 90 dəqiqədə uğur qazandıq”.

39 yaşlı mütəxəssis kuboku qazanmaq hədəfini ön plana çəkmədiyini bildirib: “Səhər-axşam titul qazanım, elə düşünüm deyə bir şey yoxdur. Qarşımızdakı rəqiblər potensiallı və ciddi komandalardır. Qış fasiləsindən sonra hamı yaxşı təsir bağışlayır. Sadəcə, hər oyun haqqında düşünürəm, futbolçuları qarşıdakı matçlara hazırlayıram".

Baş məşqçi yeni transferlər barədə də danışıb: “Yeni transferlər hazırlıq dövrünü bizimlə keçmədi. Filipe Paxtmanı meydana buraxdım ki, Azərbaycan futbolunu hiss etsin. Əslində hazır deyildi. Müdafiəçinin oyunundan isə razıyam. Yeni futbolçularımızdan bu gün razı qaldım. İnanıram ki, zaman keçdikcə daha da inkişaf edəcəklər".

Rəşad Sadıqov rəqibin güclü tərəflərini bildiklərini sözlərinə əlavə edib: “Öz düşündüklərimi etdik. Emin Mahmudov "Neftçi"nin döyünən ürəyidir. Başa-baş toqquşdu və əvəzləndi. İstəməzdim ki, hansısa futbolçu zədələnsin. Dodağı partlayıb, düşünürəm ki, ciddi olmayacaq".