bazar, 06 iyul 2025

BİZİM FUTBOL

Avropa çempionatları: ilk və son çempionlar

15.06.2016 14:01 Oxundu 11296

Belə ki, ilk dəfə futbol üzrə Avropa çempionatının keçirilməsi və bu məqsədlə Avropa Futbol Federasiyaları Assosiasiyalarının yaradılması ilə bağlı təşəbbüs ilk dəfə Fransa Futbol Federasiyasının prezidenti Alan Delone tərəfindən FİFA toplantılarından birində irəli sürülüb. Lakin ilk vaxtlar onun bu təşəbbüsü çoxluq tərəfindən dəstəklənməyib. Bununla belə, Delonenin təklifini dəstəkləyən italiyalı Ottorino Barassi 1951-ci ildə FİFA-ya Avropa Futbol Federasiyaları Assosiasiyalarının yaradılması barədə layihəni təqdim edib. Bu layihəyə əsasən Avropa çempionatı kubok prinsipləri əsasında keçirilməli idi. Lakin FİFA yenə də bu layihəni qəbul etməyib. Bununla belə FİFA-nın etirazlarına məhəl qoymayan Barassi, Delone və Belçika Futbol Federasiyasının rəhbəri Joze Kraay 1952-ci il may ayının 27-də Sürixdə bir araya gələrək Avropa Futbol Federasiyasının yaradılması barədə ilkin razılığa gəliblər. Bundan bir il sonra Avropanın 20 ölkəsinin futbol federasiyalarının rəhbərləri Parisdə bir araya gələrək Avropa Futbol Federasiyaları Assosiasiyalarının (UEFA) yaradılması və onun təsis komitəsinin təşkili barədə ortaq məxrəcə gəliblər. 1954-cü il iyun ayının 15-də Bazeldə Avropanın 23 ökəsinin futbol federasiyaları rəhbərlərinin iştirakı ilə Avropa Futbol Federasiyları Assosiasiyasının yaradılması barədə qərar qəbul edilib. Bu məqsədlə Yozef Qerye, Corc Qrem, Anri Delone, Joze Kraay, Ebbe Şvarts və Qustav Şebeş tərəfindən icraiyyə komitəsi yaradılıb. Bundan bir həftə sonra icraiyyə komitəsi Danimarka Futbol Federasiyasının rəhbəri Ebbe Şvartsı UEFA-nın prezidenti təyin edib. UEFA-nın vitse prezidenti Yozef Qerye, baş katibi isə Anri Delone seçilib.

İlk çempionat

1954-cü ilin oktyabr ayında Kopenhagendə keçirilən iclasda ilk Avropa çempionatına hazırlıq məsələləri müzakirə edildi. Qərara alındı ki, bununla bağlı 1955-ci ilin mart ayında Vyanada UEFA-nın ilk konqresi keçirilsin. Vyanada keçirilən konqresdə əvvəlcə təklif edildi ki, Avropa çempionatı dünya çempionatının seçmə yarışları mərhələsinə xidmət etməlidir. Lakin bu təklif rədd edildi. Belə bir fikir vurğulandı ki, bu, Avropa çempionatının keçirilməsini şübhə altına ala bilər. 1956-cı ildə keçirilən UEFA konqresində isə qərara alındı ki, Avropa çempionatının finalına vəsiqə qazanmağa imkan verəcək seçmə yarışlar mərhələsi keçirilsin. Seçmə yarışlar 1958-ci ilin avqust ayından 1959-cu ilin mart ayına kimi keçirilməli idi. 1959-cu ilin aprel-oktyabr ayında səkkizdəbir, 1959-cu il noyabr-1960-cı il may ayları ərzində dörddəbir final oyunları baş tutmalı idi. Sonra 4 ən yaxşı komanda medallar uğrunda mübarizəni davam etdirməli idilər. 1957-ci il mart ayının 27-də UEFA İcraiyyə komitəsinin Köln şəhərində keçirilən iclasında Avropa Çempionları kubokunun təşkil edilməsi müzakirə edildi. 1957-ci il iyun ayının 28-də Kopenhagendə baş tutan UEFA konqresində məsələ səsə qoyuldu. Toplantıda iştirak edən 27 ölkədən yalnız 15-i Avropa çempionları kubokunun keçirilməsinə səs verdi. İtaliya, Belçika, Niderland, Almaniya Federativ Respublikası və Böyük Britanıyanı təmsil edən ölkələrin federasiyaları sənədin əleyhinə səs verdilər. 1958-ci il iyun ayının 4-də Böyük Britaniya və Almaniya Federativ Respublikası Avropa Millətlər kuboku uğrunda yarışların keçirilməsinə mane olmaq istədilər. Lakin səsvermə zamanı böyük əksəriyyət çempionatın keçirilməsinə səs verdi.

İlk çempion

Avropa Millətlər kubokunun finalı 1960-cı ildə Parisdə keçirildi. Yarışın final mərhələsində cəmi 4 komanda - Fransa, SSRİ, Çexoslovakiya və Yuqoslaviya iştirak etdi. Turnir iyulun 6-dan 10-dək davam edib. İlk çempionatın qalibi SSRİ yığması olub. İlk yarımfinal oyununda SSRİ və Çexoslovakiya üz-üzə gəldilər.

Oyunun 35-ci dəqiqəsində Valentin İvanov SSRİ-ni hesabda irəli çıxardı. İkinci hissədə İvanov və Ponedelnik hərəyə daha bir qol vuraraq Çexoslovakiyanı sındırdılar. SSRi yığması rəqibinə 3:0 hesabı ilə qalib gələrək finala çıxdı. Digər oyunda Yuqoslaviya Fransanı məğlub etdi.

Finalda SSRİ və Yuqoslaviya komandaları görüşdülər. Oyun ərəfəsində Yuqoslaviyanın rəhbəri Tito qalib gələcəkləri təqdirdə oyunçulara böyük həcmdə mükafat vəd etmişdi. Sovet rəhbərliyi isə SSRİ qalib gələcəyi təqdirdə yığma komandanın oyunçularına köhnə minik maşınları almasına icazə verəcəyini bəyan etmişid. 1960-cı il iyun ayının 10-da Parisdəki məşhur “Park-de Prens” stadionunda SSRİ ilə Yuqoslaviya arasında final oyunu keçirildi. Oyun zamanı güclü yağış yağırdı. Futbol meydanında oynamaq olduqca ağır idi. Buna baxmayaraq, meydanda gərgin mübarizə getdi. Oyunun 43-cü dəqiqəsində Yuqoslaviya yığmasının oyunçusu Qaliç hesabı açdı. İkinci hissədə daha yaxşı oynayan SSRİ yığması 49-cu dəqiqədə Metrevelinin vurudğu qolla hesabı bərabərləşdirdi. Oyun bu hesabla da başa çatdı. Nəticədə qalibi müəyyən etmək üçün əlavə vaxt oynanıldı. Oyunun 113-cü dəqiqəsində Ponedelnik 2-ci topu yuqoslavların qapısına vuraraq SSRİ-nin çempion titulunu qazanmasını təmin etdi.

Ad və oyun qaydaları dəyişdirilir

1968-ci ildə Avropa Millətlər kubokunun adı dəyişdirilərək futbol üzrə Avropa çempionatı adlandırıldı. Eyni zamanda çempionatın keçirilməsi qaydaları da dəyişdirildi. İlk dəfə seçmə yarışların 8 qrupda keçirilməsi və qaliblərin birbaşa final mərhələsinə vəsiqə qazanması təsdiq edildi. Hesab heç-heçə olarkən o vaxt 11 metrlik zərbələr təyin edilmirdi. 1976-cı ildə qərara alındı ki, oyunun əsas və əlavə vaxtlarında qalib müəyyən edilməyəcəyi təqdirdə, 11 metrlik zərbələr vurulsun. 1980-ci ildə UEFA final mərhələsində 4 deyil, 8 komandanın iştirak etməsini məqsədəuyğun hesab etdi. 8 komanda 2 qrupa bölünərdü və qaliblər finalda görüşürdülər. 1984-cü ildə turnirin formatı yenidən dəyişdirildi. Yeni formata əsasən hər qrupda birinci və ikinci yerləri tutan komandalar yarımfinala çıxırdılar. Qərara əsasən 3-cü yer uğrunda oyun keçirilmirdi. 1992-ci ildə Yuqoslaviyaya tətbiq edilən sanksiyalar nəticəsində bu ölkənin komandasını final mərhələsində Danimarka yığması əvəz etdi. Danimarka bu imkandan istifadə edərək finala kimi irəlilədi. Finalda Almaniyanı 2:0 hesabı ilə məğlub edən Danimarka sürpiriz bir hadisə nəticəsində heç kimin gözləmədiyi halda Avropa çempionu titulunu qazandı. 1996-cı ildə oyunların keçirilməsi formatı yenidən dəyişdirildi. Bu dəfə 16 komanda hər birində 4 komanda olmaqla 4 qrupa bölündü. Qrupda birinci və ikinci yerləri tutan komandalar final mərhələsinə vəsiqə qazanırdılar. Həmin ildə də qalibi müəyyən etmək üçün “qızıl qol” qaydasının tətbiqinə başlandı. 2000-ciildə ilk dəfə Avropa çempionatı Belçika və Niderlandda keçirildi. 2004-cü ildə “qızıl qol” əvəzinə “gümüş qol” qaydası işə düşdü. Lakin 2008-ci ildə bu qayda da ləğv edildi. UEFA-nın son qərarına əsasən 2016-cı ildə keçirilən Avropa çempionatının finalında iştirak edəcək komandaların sayı 24-ə çatdırıldı.

Son çempion

2012-ci ildə Avropa çempionatı Ukrayna və Polşada keçirildi. Çempionatın final mərhələsində 16 komanda iştirak edirdi. Qrup mərhələsi yarışlarında daha uğurlu çıxış edən İspaniya finalda İtaliyanın qapısından 4 top keçirərək 2 dəfə ardıcıl Avropa çempionu oldu. Onu da deyək ki, öz tarixində İspaniya yığması 3 dəfə Avropa çempionu olub.

2016-ci ildə Parisdə keçirilən Avropa çempionatında isə ilk dəfə olaraq 24 komanda iştirak edir. Bu məqsədlə 6 qrup yaradılıb. Hər qrupda isə növbəti mərhələyə çıxmaq üçün 4 komanda mübarizə aparacaq.

Avropa çempionatları

haqqında maraqlı faktlar

İndiyədək keçirilən 14 çempionatda Almaniya və İspaniya hərəyə - 3 dəfə çempion olub. Fransa (1984, 2000) isə 2 dəfə çempionluq sevinci yaşayıb. 14 çempionatda ümumilikdə 9 ölkə çempion olmağı bacarıb. Bir çempionatlarda ən çox qol vuran oyunçu Fransalı Mişel Platinidir. O, Fransanın ilk Avropa çempionu olduğu 1984-cü ildə rəqib qapılarından 9 qol keçirib. Platini həm də bir turnirdə 2 het-trik edən yeganə oyunçudur (1984).

Avropa çempionatlarında ən çox oyun keçirən oyunçular Van Der Sar (Hollandiya) və Lilyam Türamdır (Fransa). Hər iki futbolçu 16 oyun keçirib.

İndiyədək keçirilən çempionatlarda ilk dəfə İspaniya ardıcıl olaraq iki dəfə çempion olmaq sevinclərini yaşayıb.

Əziz Mustafa