çərşənbə axşamı, 02 sentyabr 2025

DİGƏR NÖVLƏR

BUDO – gənclər bu idman növünü niyə seçməlidirlər? – Baş məşqçi ilə müsahibə – FOTOLAR+VİDEO

17.02.2021 16:29 Oxundu 1724

“CEMPİON.AZ”ın bugünkü müsahibi Dünya və Avropa çempionu, 5-ci DAN qara Kəmər (Beynəlxalq dərəcəli) sahibi , BUDO Döyüş növləri Federasiyasının Free Contact qaydası üzrə baş məşqçisi Habil Hümbətovdur.
 
- Necə oldu ki, idmana gəldininz?
-Böyük qardaşlarım idmanın müxtəlif növləri –boks,karate, güləşlə məşğul olurdu. İdmana ilk dəfə 1996-cı ildə karate ilə başlamışam. Sonradan Mayk Taysona olan marağım məndə boksa maraq yaratdı. Böyük qardaşım məni əməkdar məşqçi Nəriman Abdullayevin yanına apardı. Beləliklə, boksla məşğul olmağa başladım. 1996 – 2007-ci illərdə ölkə daxili və beynəlxalq yarışlarda bir çox naliyyətlər qazanmışam. Həm məktəb, həm də universitet vaxtı. 2015-ci ildən məşqçi və idmançı kimi BUDO federasiyası ilə əməkdaşlığa başlamışam. Elə həmin il Antaliyada keçirilən Dünya çempionatında iştirak etmişəm.

- Ən yadda qalan döyüşünüz hansı olub?
-Ən maraqlı döyüşüm Dünya Kəməri uğrunda olub. Digər yarışlarda medal və diplomlar qazanırsan. Burada isə Kəmər uğrunda döyüşürsən. Həm də Dünya Kəməri uğrunda keçirilən döyüş daha peşəkar və maraqlı olur.



- Elə bir rəqib olubmu ki, ona qarşı döyüşməkdə çətinlik çəkmisiniz?
-25 ildir idmanla məşğul oluram. Elə bir idmançı ilə qarşılaşmamışam. Mən özümü hazır hiss edirəmsə, yarışa çıxıram. Rəqiblərimin məndən güclü olduğunu düşünmürəm. Ancaq rəqibi zəif hesab etmək olmaz. Döyüş zamanı gözlənilməz hadisələr də olur. Bir anlıq diqqətsizlik məğlubiyyətlə nəticələnə bilər.


- Boksda zədələndikdən sonra BUDO ilə məşğul olmağa başladınız. Buna səbəb nə idi?
-2006-cı ildə əlimdən ciddi zədə aldım. Ondan sonra bir müddət idmandan uzaqlaşdım. Respublika çempionatında döyüşdükdən sonra hərbi xidmətə yollandım. Orada “Silahsız özünümüdafiə və əlbəyaxa döyüş” üzrə keçirilən yarışda çempion oldum. Hərbi xidmətimi bitirdikdən sonra əlimdəki zədə ilə əlaqədar olaraq BUDO-da “Free Contact” növündə məşqlərimi davam etdirdim.

- İdmançılar qidalanmaya xüsusi fikir verirlər. Əsasən hansı qidalara üstünlük verirsiniz?
-İdmanla məşğul olanlar və formada qalmaq istəyənlərin qidalanmaya fikir verməsi vacibdir. Çəkisi çox olan adamlar karbonhidratdan, şirniyyatdan və yağlı yeməklərdən uzaq olmalıdır. Çəkisi az olan adamlar isə zülaldan daha çox istifadə etməlidir. İdmançı üçün qidalanma məşq qədər vacibdir. 

- Məşqçi kimi yetirmələrinizi necə ruhlandırırsınız?
-Həm idmançı, həm də məşqçi kimi hər zaman tələbələrimə səbrli və iradəli olmalarını tövsiyyə edirəm. Təzə idmana başlayanlar elə fikirləşirlər ki, zala girən kiminləsə döyüşəcəyəm. Əslində isə elə deyil. Vaxt olur ki, bir zərbənin alınması üçün aylarla onun üzərində çalışmalı olursan. Əgər məşqlərə səbrlə yanaşsan və güclü iradən olsa, uğur qazana bilərsən.

- Gənclər niyə idmanın BUDO növünü seçməlidirlər?
-BUDO döyüş yolu deməkdir. Tərkibində bir çox idman növlərini birləşdirir. Onların içində hazırda mənim baş məşqçi olduğum “Free Contact”da var. Bu növdə əl və ayaqlardan istifadə edilir. Həm sağlamlığımız, həm də özünümüdafiə üçün əlverişli idmandır. Xüsusilə gənclərin idmanla məşğul olmağı təqdirə layiqdir. Torpaqlarımzın bir hissəsi işğal altında idi. Bizim sağlam və formada olan gənclərə ehtiyacımız var idi. Şükürlər olsun ki, torpaqlarımızı işğaldan azad etdik. Qələbə qazanmağımızda idmançıların da rolu oldu.


- Gəncləri idmana cəlb etmək üçün hansı işlər görülməlidir?
-Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə idmana diqqət və qayğı var. Gənclərimizin böyük hissəsi idmanla məğul olmağa həvəslidir. Hazırda yetirmələrimdən dünya, Avropa çempionları və Dünya kəmərinin sahibi var. Naliyyət qazanan tələbələrimin arasında qızlar və oğlanlar var. İbrahim Məmmədov Avropa və Dünya çempionudur, həmçinin Dünya kəmırinin sahibidir. Aysu Dıvrışova, yaşı az olmasına baxmayaraq, Dünya Kubokunun sahibidir. Abbasqulu Hümbətov dünya çempionudur. Onlar hazırda idman ustasıdırlar. Gənclərə tövsiyyə edirəm ki, çayçılarda çox vaxtlarını keçirməsinlər. Boş vaxtlarında idmanla məşğul olsunlar, təmiz havada yürüş etsinlər. Siqaret və içki kimi zərərli vərdişlərdən uzaq olsunlar. Sağlam yaşasınlar və düşünsünlər.