17.03.2021 16:40
454


"Yuventus"un futbolçusu Kriştiano Ronaldo sabiq klubu "Mançester Yunayted"ə qayıda bilər.
“CEMPİON.AZ” xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb. Daha əvvəl 36 yaşlı hücumçunun 2009-2018-ci illərdə çıxış etdiyi "Real"a geri dönəcəyi ilə bağlı xəbərlər yayılsa da, onun "Mançester Yunayted"ə qayıtmaq ehtimalının da olduğu bildirilib.
Ronaldo 2003-2009-cu illərdə "qırmızı şeytanlar"da çıxış edib. O, komanda ilə 3 dəfə Premyer Liqa, 1 dəfə İngiltərə kuboku, 1 dəfə də Superkubokun qalibi olub. Həmçinin portuqaliyalı oyunçu "Mançester Yunayted"lə Çempionlar Liqasını və klublarası dünya kubokunu qazanıb. Futbolçu ilk "Qızıl top"unu da bu klubda əldə edib.
Qeyd edək ki, Ronaldo "Yuventus"a 2018-ci ilin yayında "Real"dan keçib. Onun Turin klubu ilə müqaviləsi gələn ilin yayına qədərdir.